Kredit qoyuluşunda bank kreditlərinin çəkisi artıb

0
355

Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunda bank kreditlərinin xüsusi çəkisi artıb. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, yanvar-oktyabr ayları ərzində bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən vəsaitin 6,6%-ni və ya 862,6 mln. manatını bank kreditləri təşkil edib. Yanvar-sentyabr ayları ərzində bu göstərici 5,6% və ya 660,5 mln. manat olub.

Statistikaya əsasən, əsas kapitala yönəldilən bank kreditlərinin həcmində illik 2,1 dəfə artım qeydə alınıb, xüsusi çəkidə isə 3,2 faiz bəndi artım olub. Belə ki, ötən ilin müvafiq dövründə bu göstərici 3,4% olmaqla 449,3 mln. manat təşkil edib.

Qeyd edək ki, 2015-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13 087,1 mln. manat vəsait yönəldilib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 8 942,8 mln. manat, büdcə vəsaitləri 2 453,6 mln. manat, büdcədənkənar fondların vəsaitləri 229,5 mln. manat, əhalinin şəxsi vəsaitləri 431,1 mln. manat, sair vəsaitlər 167,5 mln. manat təşkil edib.