“Paytaxt yollarında insanları şikəst edən nömrəsiz motosikletlər şütüyürlər”

0
263

Son illər avtomobil qəzaları ilə yanaşı, motosiklet qəzaları da artıb. Yollarımızda sərbəst hərəkət edən motosikletlər son vaxtlar təhlükə mənbəyinə çevriliblər. Bir çox hallarda yollarımızda özbaşınalıq edən motosikletlər nömrəsiz olduqları üçün heç nədən qorxmur, qəza törətdikləri zaman da aradan çıxırlar. Son bir neçə ayda motosiklet qəzaları nəticəsində xəsarət alanların sayı xeyli artıb. Bunu həkimlər də təsdiqləyirlər.

Nömrəsiz motosikletlərdən birinin zərbəsinə tuş gələn zərərçəkmişlərdən biri də Ceyhun Əsədovdur. Qəribədir ki, hadisənin baş verməsindən 2 aya yaxın vaxt ötməsinə baxmayaraq, Ceyhun Əsədovu vuran motosikletin sürücüsünün kimliyini hələ də müəyyənləşdirmək mümkün olmayıb. C. Əsədov qəzetimizə müsahibəsində hadisəni belə nəql edib: “2015-ci il sentyabrın 17-si işə gələrkən Bakı şəhəri, Tbilisi prospektində Nəqliyyat Nazirliyi ilə üzbəüz yolu piyada keçərkən məni motosiklet vurub. Yeri gəlmişkən deyim ki, mən, adətən, yolu keçərkən çox diqqətli davranıram. Buna görə də, iş yoldaşlarım mənə həmişə deyirlər ki, səni heç vaxt maşın vurmaz. Həmin gün yolu keçərkən yenə də avtomobillərin hərəkətinin tam dayanmasını gözlədim. Maşınlar həmin yolda dörd cərgə olaraq dayanırlar. Avtomobillərin hərəkətinin dayandığını görəndə yolu keçirdim. Birinci və ikinci cərgə avtomobilin qarşısından keçdim. Üçüncü və dördüncü cərgəni keçərkən avtomobillərin arasından bir motosiklet çıxaraq məni vurdu. Hadisənin necə baş verdiyini bilmədim, bir də gördüm ki, havadayam. Bu zaman şalvarımın ətəyi motosikletə ilişdi və sürətlə yerə çırpıldım. Motosikletin sürücüsü isə, məni bu vəziyyətdə qoyub, hadisə yerindən uzaqlaşdı, yəni qaçdı. Bu zaman mən iş yoldaşlarıma zəng vurdum, onlar məni 1 saylı Şəhər Kliniki Xəstəxanasına apardılar. Orada həkimlər tərəfindən müayinə olundum və mənə sağ ayağın ağır zədələnməsi, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozu qoyuldu. Orqanizmimdə həmin qəzanın fəsadlarını indiyə qədər hiss edirəm, yuxusuzluq problemim var. Hadisədən sonra psixoloji problemlər yaşayıram. İçimdə qorxu yaranıb. Maşına minə bilmirəm. İmkan olduqca nəqliyyatdan uzaq durmağa çalışıram. Hər yerə piyada getməyə çalışıram. Artıq avtobusa belə minməkdən qorxuram. Elə bilirəm ki, hər an qəza olacaq. Qorxumdan hər gün işə 3, 4 kilometr məsafəni piyada gedirəm. Müalicədən də tam effekt görmədim”.

Müsahibimiz müalicəsini davam etdirmək üçün İranda Təbriz şəhərində müayinədə olduğunu söylədi.

“Qəzaya səbəb olan motosikletlərin əksəriyyəti nömrəsizdir”

Zərərçəkmiş onu vuran motosikletin mömrəsinin olmadığını, buna görə sürücünün müəyyənləşdirilməsində problem yaşandığını vurğuladı: “Bu günə kimi həmin sürücünün kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Hadisədən sonra Yasamal Rayon Polis İdarəsinə müraciət etdim. Polis işçiləri mənə dedilər ki, motosikletin nömrəsi olmadığına görə onu tapa bilmirik, ancaq tapılması üçün əlimizdən gələni edəcəyik. Ancaq bu günə kimi heç bir nəticə əldə edilməyib. Nə mənimlə əlaqə saxlayan var, nə də bir söz soruşan. Elə bil ki, heç nə olmayıb. Polis İdarəsində bildirdim ki, Tbilisi prospektində bir neçə ədəd təhlükəsizlik kamerası var. Necə oldu ki, bu kameralar həmin motosikletin hara getdiyini görmədi. Mənə dedilər ki, motosiklet avtomobillərin arasına girərək gözdən itib, həm də sürücünün başında dəbilqə var, buna görə də tapa bilmirik. Mən bir maraqlı məqamı da polislərin diqqətinə çatdırdım. Həmin motosikletin arxasında bir nəfər əyləşmişdi. Onun başında dəbilqə yox idi, qəza zamanı o da motosikletdən yıxılmışdı. Ancaq motosikletə minib qaçdı”.

Ən təəccüblüsü isə odur ki, hadisədən sonra C. Əsədov tibbi ekspertizadan özü keçib: “Bildiyimə görə, zərərçəkmişi tibbi ekspertizaya əslində polis özü aparmalıdır. Ancaq məni göndərdilər. Mən də işimlə əlaqədar olaraq Polis İdarəsinə tez-tez gedə bilmirəm. Müayinə olunduğun 1 saylı Şəhər Kliniki Xəstəxanasında mənə dedilər ki, gün ərzində buraya təxminən 10-15 nəfər motosiklet vurmuş şəxs gətirilir. Qəza törədən motosikletlərdən isə çoxunun nömrəsi olmur. Mən həmin gün 12:30-da xəstəxanaya aparılmışam. Bu zaman həkimlər dedilər ki, siz bu gün motosiklet qəzası ilə gələn 5-ci xəstəsiniz”.

“Bütün xərclərimi özüm ödədim”

Müsahibim müalicənin bütün xərclərini özünün ödədiyini dedi: “Həkimlər daxili qanaxma təhlükəsi səbəbilə 3-4 gün xəstəxanada qalmağı məsləhət gördülər. Xəstəxanada qalmaq üçün bir günə 200 manat xərcləməli idim. Xərcim çox çıxdığına görə qala bilmədim. Hadisədən ötən müddət ərzində təxminən 500, 600 manat xərcim çıxıb və hələ də çıxmaqda davam edir”.

Yol Polisindən açıqlama

Bəs, görəsən, Respublika Dövlət Yol Polisi İdarəsi nömrəsiz motosikletlərlə bağlı hansı tədbirlər görür? Mövzu ilə bağlı suallarımıza cavab tapmaq üçün Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevlə əlaqə saxladıq. K. Əliyev bildirdi ki, yol hərəkəti haqqında qanunvericiliyə görə, mühərrikin işçi həcmi 50 kub santimetr və daha artıq olan bütün motosikletlər dövlət qeydiyyatına alınmalı və həmin motosikletlərə dövlət qeydiyyat nişanı verilməlidir: “Əgər motosikletdə dövlət qeydiyyat nişanı varsa, onu idarə edən şəxs yol hərəkəti qaydalarına əməl etmirsə, tapılaraq həmin nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır və motosiklet dayanacağa yerləşdirilir. Ümumiyyətlə, motosiklet idarə edən şəxslər müvafiq kateqoriyalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İstər motosikletlər, istərsə də digər avtomobillər dövlət qeydiyyat nişanı olmadan hərəkət edərlərsə, hər hansı bir qəza hadisəsi törədərlərsə və ya qəza yerindən qaçarlarsa, onların tapılmasında çətinliklər yaranır. Baş vermiş həmin qəzalar da müxtəlif olur. Söhbət maddi zərərlə və ya xəsarətlə nəticələnən qəzalardan gedir. Nömrəsiz motosikletlər tərəfindən törədilən qəzalar aşkar olunduqda, həmin motosiklet saxlanılır və cərimə meydançasına yerləşdirilir. Bu cür qəzaların qarşısı kifayət qədər alınır, ancaq yenə də belə hallara rast gəlmək olur. Bundan başqa, motosiklet sürənlər bəzən motodəbilqədən istifadə etmirlər və ya bəzən arxada əyləşən sərnişinin motodəbilqəsi olmur, bəzən də motosikletin işıqlandırma sistemi normal olmur. Bir sözlə, yol hərəkəti qaydalarına əməl etməyən hər bir sürücü inzibati məsuliyyətə cəlb olunmalıdır və olunur”.

Nərmin Haqverdiyeva