Şəki 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub

0
601

26 noyabr 2015-ci il tarixində Türkmənistanın Marı şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti 33-cü toplantısı öz işinə başlamışdır. Toplantıda ölkəmizi Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Toplantı çərçivəsində ötən il həyata keçirilmiş layihələrə dair TÜRKSOY Baş katibinin hesabatı dinlənilmiş, 2016-cı il üçün tədbirlər planının təsdiqi həyata keçirilmişdir.

Toplantıda çıxış edən Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev TÜRKSOY təşkilatı tərəfindən həyata keçirilən “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əhəmiyyətini vurğulamışdır. O, Azərbaycanın qədim tarixi və mədəni mərkəzlərindən biri olan Şəki şəhərinin 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı Azərbaycan tərəfinin təklifinin TÜRKSOY təşkilatı tərəfindən nəzərdən keçirilməsini xahiş etmişdir.

Vurğulanmışdır ki, füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, zəngin irsinin qorunması nəticəsində bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmiş Şəkinin türk dünyasının mədəniyyət paytaxtı elan olunması unikal mədəniyyətimizin təşviqində əhəmiyyətli rol oyanacaqdır.

Nazirin birinci müavini V.Əliyev TÜRKSOY təşkilatının 2015-ci il üçün iş planına Azərbaycanın tanınmış şairlərindən biri olan Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlərin salınması və bununla bağlı təşkilata üzv ölkələrdə müxtəlif tədbirlərin keçirildiyini qeyd etmişdir. Vurğulanmışdır ki, TÜRKSOY-un təşkilatçılığı ilə Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə əlaqədar “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabı nəşr olunaraq Bakıda, Almatıda və Bişkekdə təqdimatları keçirilmişdir.

V.Əliyev TÜRKSOY-un Azərbaycan Hökumətinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə fəal iştirakını qeyd edərək, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin himayəsi və YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası və İSESKO-nun tərəfdaşlığı ilə 2011-ci ildən etibarən hər iki ildən bir Bakı şəhərində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda və Forum çərçivəsində keçirilən tədbirlərdə TÜRKSOY təşkilatı yüksək səviyyədə təmsil olunması barədə məlumat vermişdir.

TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti 33-cü toplantısının yekununda Azərbaycan tərəfinin Şəki şəhərinin 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı təklifi üzv dövlətlər tərəfindən yekdilliklə müsbət qiymətləndirilmiş və Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur.

Qeyd etmək istəyirik ki, tədbir çərçivəsində nümayəndə heyətlərinin Türkmənistanın Marı şəhərinin 2015-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunması və Türkmənistanın daimi bitərəflik statusunun əldə etməsinin 20 illiyi münasibətilə 27-28 noyabr 2015-ci il tarixində Marı şəhərində keçiriləcək mədəniyyət ilinin bağlanış mərasimində iştirakı, eləcə də Türkmənistan Prezidenti tərəfindən qəbulu da nəzərdə tutulur.