Rusiyaya satdığımız mallar aldığımızdan 3,7 dəfə azdır

0
311

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi illik müqayisədə 13,6% və ya 321,5 milyon dollar azalaraq cari ilin yanvar-oktyabr ayları ərzində 2 milyard 47,2 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, hesabat dövründə ixrac 43% azalaraq 407,2 milyon dollar, idxal isə 0,9% azalaraq 1 milyard 640 milyon dollar olub. Birlik ölkələri ilə əməliyyatlarda mənfi saldo 31% artaraq 1 milyard 232,9 milyon dollara çatıb. Beləliklə, bu müddətdə ümumi ixracın 4,17%-i, idxalın isə 22,04%-i MDB ölkələri ilə ticarət əməliyyatlarının payına düşüb.

Bu müddətdə Rusiyaya ixrac illik 40,7% azalaraq 322,3 milyon dollar, idxal isə əksinə 16,9% artraq 1 milyard 212,7 milyon dollar olub. Burada isə mənfi saldo 80,2% artaraq 890,5 milyon dollara çatıb. Rusiyaya ixrac Azərbaycandan cəmi ixracın 3,3%-ni, idxalın isə 16,3%-ni təşkil edib.

Qeyd edək ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin ümumi həcmi illik müqayisədə 35,21% azalaraq bu ilin yanvar-oktyabr ayları ərzində 17 milyard 205,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal 1,08% artaraq 7 milyard 440,9 milyon dollar, ixrac əməliyyatlarının həcmi isə 49,13% azalaraq 9 milyard 765 milyon dollar olub.

Beləliklə, xarici ticarət əməliyyatlarında 2 milyard 324 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfədən çox azdır.