“Hələ legioner həyatı yaşamaq barədə düşünmürəm”

0
411
Ötən mövsüm başa çatdıqdan sonra “Neftçi” icarədə olan futbolçularını yavaş-yavaş geri çağırmağa başladı. Bu futbolçular sırasında olanlardan biri də Nicat Qurbanovdur. “Simurq”da icarə əsasında çıxış edən cinah yarımmüdafiəçisi özünü göstərməyi bacardı. Növbəti mövsüm daha çox gənc futbolçulara güvənəcəyini bəyan edən “Neftçi”də sözsüz ki, Nicatın xidmətlərinə də ehtiyac olacaq. Elə bu məsələləri nəzərə alaraq gənc futbolçu ilə söhbətləşmək qərarına gəldik. Qurbanov “Çempion”a müsahibəsində komandanın hazırlıqlarından, hədəflərindən və milli komanda barədə danışdı.
– Komanda artıq bir neçə gündür ki, Bakıda toplanıb. Hazırlıqlar necə gedir?

– Hazırlıqlar plan üzrə davam edir. Şükür olsun, hər şey qaydasındadır.

– Tətildən sonra artıq çəki problemi yaranmayıb ki?

– Əlbəttə ki, yox. Çünki mən tətildə ancaq yeyib- yatmaqla məşğul olmamışam. Necə deyərlər, mən aktiv istirahət etməyə üstünlük vermişəm. Bunu etməkdə məqsəd, təbii ki, formada qalmaq idi. Bu işin də öhdəsindən gələ bildim.

– Hazırlıq planın ilkin mərhələsində fiziki durumu bərpa etmək nəzərdə tutulub? Yoxsa hazırlıqlar hərtərəfli davam etdirilir?

– Bəli, ilk mərhələdə məqsəd fiziki durumumuzu yaxşı vəziyyətə gətirməkdir. Bunun üçün var gücümüzlə çalışırıq. Oyunlar barədə isə hələ dəqiq heç nə deyə bilmərəm. Çünki bu barədə mənim məlumatım yoxdur.

– “Neftçi” demək olar ki, yeni toplaşıb. Komandada ab-hava nə yerdədir? Avropa Liqası həyəcanı hiss olunur?

– Yaxşı ab-hava var. Komanda elə ilk gündən ciddi formada hazırlaşır. Çünki biz işin məsuliyyətini dərk edirik. İnşallah əlimizdən gələni edəcəyik ki, uğurlu nəticələrə imza ataq. Bu istək mən daxil olmaqla bütün futbolçularda var. Bunu reallaşdırmaq üçün mübarizə aparacağıq.

– Nicat, sən də daxil olmaqla gənc futbolçuların istər Avropa Liqası, istərsə də növbəti çempionat barədə düşüncələri necədir? Bilirsən ki, “Neftçi” rəhbərliyi artıq gənclərin üstünlük təşkil edəcəyi heyət formalaşdıracağını bəyan edib…

– İlk növbədə klub rəhbərliyinə təşəkkür etmək istəyirəm. Çünki onlar cavanlara həm şans, həm də şərait yaradırlar ki, özümüzü yaxşı tərəfdən göstərə bilək. Bu bizim üçün əlavə stimuldur. “Neftçi” kimi komanda da oynamaq hər bir gənc futbolçunun arzusudur. Mən də “Nefçti” futbol məktəbinin yetirməsiyəm. Bu klubun əsas heyətində oynamaq mənim ilkin arzularımdandır. İnşallah növbəti mövsüm bu həyəcanı yaşa bilərəm. Əlimdən gələni edəcəyəm ki, klubuma xeyir verə bilim. Həm ölkə çempionatında, həm də Avropa Liqasında layiqli mübarizə aparacağıq.

– “Nefçti”də bacarıqlı futbolçular çoxdur. Rəqabət səni qorxutmur ki?

– Əlbəttə ki, rəqabət məni qorxutmur. Rəqabətdən qorxan futbolçu heç vaxt yaxşı oynaya bilməz. İnşallah növbəti mövsüm mən oynamaq şansı qazanaram. Elə bunun üçün əlimdən gələni edirəm.

– Komandaya geri qayıtdıqdan sonra baş məşqçi Böyükağa Hacıyev səninlə nə vaxtsa xüsusi söhbət edib?

– Bəli, Böyükağa müəllimlə söhbətimiz olub. Əsas futbolçuya inanmaqdır. Şükür, mənə də inamları var. Həm baş məşqçinin, həm də rəhbərliyin etimadını hiss edirəm. Mən də bunun qarşılığında çalışacağam ki, bu etimadı doğruldum.

– “Neftçi” ilə müqavilən nə vaxt başa çatır?

– Müqaviləmin başa çatmasına hələ iki il var.

– Gələcək karyeranda özünə hansı hədəfləri seçmisən?

– Mən hədəf deməzdim, sadəcə olaraq məqsədlərim var. Bu an üçün məqsədim odur ki, “Neftçi”nin əsas heyətində öz yerimi tapım və daimi olaraq oynamaq şansı qazanım.

– Səncə, “Neftçi” növbəti mövsüm yenidən Avropa Liqasının qrup mərhələsinə düşərək azarkeşlərini sevindirə bilərmi?

– Bu futboldur və bu oyunda hər şey ola bilər. Əlbəttə ki, biz hazırda həmin uğurun davamını gətirmək istəyirik. İnşallah bu işin öhdəsindən gələrik.

– 2 ildən artıq “Simurq”da çıxış etdin. Zaqatala təmsilçisindən futbolçu kimi nə əldə edə bildin? Bizim futbolçular niyə rayonda oynamaqdan “qaçırlar”?

– Mən deməzdim ki, rayonda oynamaqdan boyun qaçırdım. 2 il yarım mən “Simurq”un heyətində oynadım. Bu klubda yaxşı təcrübə qazandım. Karyeramda həmişə “Simurq”un yeri başqa olacaq. Çünki bu klub mənə Premyer Liqanın qapılarını açdı. Düşünürəm ki, Zaqatala təmsilçisi üçün əlimdən gələni etdim. “Neftçi”də oynamaq üçün “Simurq”da qazandığım təcrübə mənə çox kömək olacaq.

– Sən getdin, amma çox sayda futbolçularımız var ki, rayonlarda oynamaqdan daha çox ilk növbədə Bakı təmsilçilərini nəzərdən keçirirlər…

– Məncə, indiki vaxtda “Qəbələ”nin, “Xəzər Lənkəran”ın, eləcə də “Simurq”un futbol bazalarında hər cür şərait var. Həmçinin rayonlarda oyunlara daha çox azarkeş gəlir. Elə mən də başa düşmürəm ki, rayonlarda oynamağı niyə istəmirlər.

– Təbii ki, elə olanda daha yaxşı futbol ab-havası olur…

– Sözsüz ki, bu belədir.

– Milli komanda və legioner həyatı ilə bağlı düşüncələrin necədir?

– Açığını desəm, hələ legioner həyatı yaşamaq barədə düşünmürəm. Çünki bir az daha təcrübə qazanmalıyam. Buna görə tələsmirəm. Milli komandaya gəldikdə isə, burada oynamaq həqiqətən gözəl hissdir. Mən də həmişə buna can atmışam. Qismət olar, millinin də şərəfini qoruyaram. Bunu hər bir futbolçu arzulayır, həmçinin də mən.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here