Parisdə fövqəladə vəziyyət rejimi tətbiq edilib

0
541

Azərbaycan prezidenti İlham Əliyev Fransada baş vermiş dəhşətli terror aktları ilə əlaqədar bu ölkənin prezidenti Fransua Ollanda dəstək və başsağlığının əks olunduğu məktub göndərib. APA-nın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab prezident. Paris şəhərində törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu ağır anlarda biz Fransa xalqı ilə, Sizinləyik. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Qeyd edək ki, noyabrın 13-də axşam saatlarında Parisdə 3 terror aktı törədilib. Şəhərin şimal bölgəsində restoranlardan birində atışma olub. Daha sonra “Stad de France” stadionu yaxınlığında Fransa prezidenti, ölkənin xarici işlər naziri və Almaniya XİN rəhbərinin də izlədikləri Fransa-Almaniya futbol qarşılaşması zamanı bir neçə partlayış törədilib. Eyni zamanda, Parisin 11-ci dairəsində yerləşən “Bataklan” teatrında ABŞ rok-qrupunun konserti zamanı yüzlərlə insan girov götürülmüşdü.

Fransanın paytaxtı Parisdə törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

Xəbərə görə, onlardan 112-si “Bataklan” teatrının konsert zalında ölüb.

Parisin prokuroru Fransua Molensin sözlərinə görə, hadisə nəticəsində 5 terrorçu ölüb . Onlardan 3-ü  girovlar azad edilərkən “Bataklan” konsert zalında məhv edilib. Daha 2-si “Stad de Frans” stadionu yaxınlığında özlərini partladıb. Digər terrorçular qaçmağa nail olub.

 

Hazırda şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Terrorçuların tapılması üçün əməliyyat keçirilir.