Yevlaxın əksər kəndlərində yollar bərbad vəziyyətdədir

0
437

Yevlax rayonunun Tanrıqulular, Salahlı, Balçılı, Ağqıraq, Cırdaxan, Varvara, Gülövşə, Əkşəm, Hürüuşağı, Malbinəsi, Qoynbinəsi, Aran qəsəbəsi və sair kəndlərində vəziyyət məhz bu cürdür.

Bir cüt uzunboğaz çəkmə ayaqlarında, bir cüt ayaqqabı da əlində. Kənddən çıxandan sonra əlindəki ayaqqabıları geyinirsən və palçıqlı çəkməni bir sellofan torbaya qoyub əlində gəzdirirsən. Kənddə yaşayıb miniyi olmayanlar üçün bundan başqa çıxış yolu yoxdur. Çünki kənd yolları yayda toz-torpaq, soyuq mövsümlərdə isə palçıq olur. Yevlax rayonunun Tanrıqulular, Salahlı, Balçılı, Ağqıraq, Cırdaxan, Varvara, Gülövşə, Əkşəm, Hürüuşağı, Malbinəsi, Qoynbinəsi, Aran qəsəbəsi və sair kəndlərində vəziyyət məhz bu cürdür. Bu kəndlərdə uşaqlar və müəllimlər məktəbə palçıqlı ayaqqabılarla gedirlər. Buna görə də indi bu məktəblərdə təhsildən çox təmizlik barədə düşünülür. Yevlax Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Nazim İbrahimov bildirdi ki, Yevlaxda kəndlərə 52 kilometr uzunluğunda giriş yolları çəkilib.

Onun sözlərinə görə, 15-ə yaxın kənddə daxili yollar və kəndlərə giriş yollarında təmirə ehtiyac var: “Nəqliyyat Nazirliyi tərəfindən Aran-Bəhramtəpə yolunun bərpa olunması bir neçə kəndin giriş yollarının düzəlməsinə səbəb olacaq. Növbəti illərdə isə kənd yollarının təmiri planla həyata keçiriləcək. Yolların belə vəziyyətdə olmasına səbəb isə bəzilərində heç əzəldən asfalt örtüyünün olmaması, bəzilərində istifadə müddətinin bitməsi və sairdir”.

Rayonun bir çox kəndlərində yollara bələdiyyələr tərəfindən, bəzilərində sakinlərin şəxsi vəsaiti hesabına qum-çınqıl tökülüb, lakin müəyyən müddətdən sonra eyni vəziyyət yaşanıb. Çünki yağıntı küçələrdə qalır, suyu axıtmaq üçün yeraltı və ya yerüstü kanalın olmaması bu şəraitin yaranmasına gətirib çıxarır. Salahlı və Varvara kəndlərinin bələdiyyəsindən isə bildirdilər ki, yaxın vaxtlarda problemlər öz həllini tapacaq.

Esmira Hidayətova, Yevlax