Çürük dişlər başqa orqanlarımızı da xəstələndirir…

0
581

Uşaqlıq və yeniyetməlik dövründə çox da önəm verilməyən bəzi diş problemləri növbəti illərdə daha böyük problemlərə səbəb ola bilər.

Bu məsələdə valideynlər diqqətli olmalı və balacaların diş ağrısına ciddi yanaşmalıdırlar. Ekspertlərin fikrincə, uşağı həkimə aparmaq üçün onun ağrıdan şikayət etməsini gözləməkdənsə, vaxtında müayinəyə aparmaq daha yaxşı olar. Müayinə növbəti aylarda uşaqlarda yarana biləcək diş narahatlıqlarının qarşısını əvvəlcədən almağa və müalicənin daha effektli olmasına şərait yaradar. Türkiyəli həkimlərin qənaətinə görə, süd dişlərinin inkişafı dövründən etibarən azyaşlıları diş həkimi ilə tanış etmək daha yaxşı olar. Bu, müalicə effektini artırmaqla bərabər, uşaqların həkimə getməkdən qorxma problemini də aradan qaldırar. Yaxşı olar ki, uşağın yaxşı ünsiyyət qurduğu və yanında özünü rahat hiss etdiyi həkimi olsun. Çünki həkimlə uşaq arasında qurulan ilk və xoş dialoq onun bütün ömrü boyu təsəvvüründə həkim obrazını müsbət canlandırmasına səbəb olar.

“Revmatizma xəstəliyinə səbəb olur”

Mövzu ilə bağlı müsahibə verən stomotoloq Anar Səfərli: “Valideynlər uşaqlarının diş problemlərində mümkün qədər diqqətli olmalıdırlar. İlk növbədə, uşağın diş fırçalamasına fikir vermək lazımdır. Fırçalamada səhvləri varsa, əlindən tutub öyrətməlidirlər. Çürük dişlər varsa, ən qısa zamanda müalicəsinə başlanmalıdır. Çünki dişlərdəki karies revmatizm, endokardit kimi başqa ciddi xəstəliklərə yol aça bilər. Çox vaxt ayaqlarımızda, dizlərimizdə revmatizm ağrılarından şikayət etsək də bunun səbəblərindən birinin dişlərimizdəki çürüklər olduğunu bilmirik. Hamilə qadınlar bu məsələyə xüsusilə məsuliyyətli yanaşmalıdırlar. Yaxşı olar ki, onlar hamiləlikdən əvvəl diş problemlərindən qurtulsunlar. Əgər dişlərdə karies hamiləlik zamanı yaranıbsa, mümkün olan ən qısa zamanda dişlərin müalicəsinə başlanmalıdır. Körpənin sağlam doğulması üçün bu olduqca vacibdir. Avropanın bir çox ölkələrində istənilən əməliyyata daxil olmazdan əvvəl xəstənin dişlərində çürük olub-olmaması yoxlanılır. Çünki diş kariesi əməliyyat zamanı xəstənin həyatı üçün risk meydana gətirir. Bütün bu sadalananlar valideynlərin mütəmadi olaraq uşaqları diş müayinəsinə aparmaları üçün kifayət qədər böyük səbəblərdir”

Gecikmiş müalicə əməliyyat zərurəti yarada bilər…

Süd dişlərini erkən yaşda itirən uşaqlarda həmin dişin yerinə müvəqqəti dişlər taxılmalıdır. Əgər vaxtında bu müdaxilələr olmasa, gələcəkdə problemin həlli daha çətin olacaq. Çünki 12-13 yaşlarda artıq yeniyetmələrin dişləri ağız boşluğunda yerləşir. Əgər dişlərin çənə sümüyündə sıralanması zamanı əyriliklər yaransa, bu sonradan sümük əyriliyinə səbəb ola bilər. Bu halda isə müalicə çətin və vaxt aparan olur. Hətta ortodontik müalicə zamanı əməliyyat da lazım ola bilər. Bütün bunları nəzərə alaraq, diş problemlərini vaxtında həll etməyə çalışmaq lazımır. Əks halda sağlamlığımız təhlükə altına düşəcək. Erkən müalicə bizi çəkəcəyimiz əziyyətlərdən də xilas edə bilər.

Səbahəddin Qurbanov, Xəyalə Sadıqova