Sosial şəbəkələrə bağlılıq digər zərərli vərdişlərdən daha güclüdür

0
440

Cəmiyyət o qədər sürətlə inkişaf edir ki, baş verənləri dərk etməyə macal tapmırıq.

Bir şeyi tam dərk etməmiş başqa bir “yeniliklə” üz-üzə qalırıq. Xüsusilə də, internet və sosial şəbəkələr hər gün hansısa yeni kəşflərlə insanı heyrətləndirir. Bu elə bir sürət, elə bir inkişafdır ki, kənarda qalmaq mümkün deyil. Bəlkə də kənarda qala bilərsən, ancaq bu, bir az da ona bənzəyir ki, sən öz-özünü dünyadan təcrid edirsən. Xüsusilə də, bu ağıllı telefonlar hər şeyi adamın “ovcuna” qədər gətirir. Əgər diqqət etmisinizsə, indiki uşaqlar canlı ünsiyyətdən çox, sosial şəbəkələrdə dostluqlara üstünlük verirlər.

Bir qədər irəlidə dediyimiz kimi, təcrid olmaq mümkün deyil, ancaq hər şeyi nəzarətsiz, başlı-başına buraxmaq da olmaz. Bir vaxtlar “qloballaşma” deyilən bir termin tez-tez gündəmə gəlirdi. İndi asanlıqla dərk edirsən ki, həmin prosesin həyata keçməsi məhz bu yolla baş verəcək…

İnternet, sosial şəbəkələr bataqlıq kimi adamı özünə çəkir. “İnstaqram”da şəkil paylaşan, “feysbuk”da dostluq qrupuna girən yeniyetməni oradan ayırmaq az qala mümkünsüz kimidir. Tam səmimiyyətlə deyə bilərik ki, bu yeniyetmə öz ətrafi ilə ünsiyyətdən çox, sosial şəbəkələrdəki dostluqlara üstünlük verir. Hər kəs ən sevdiyi şəkilləri paylaşır, ən xoşuna gələn sözləri (və ya ifadələri) çatdırır. Bir-birindən maraqlı xəbərlər də buradadır. Baş verən hadisələr haqqında ilkin ehtimallar da buradadır. Sosial şəbəkələr bir növ sosial asılılıq vərdişi yaradır. Ona görə də, bu gün sosial şəbəkələrə bağlılıq digər zərərli vərdişlərdən daha güclüdür.

Bəli, sosial şəbəkələr bu qədər güclü, bu qədər cazibəlidir, ancaq nə qədər güclü, nə qədər cazibəli olsalar da, övlad valideyn üçün daha əziz, daha dəyərlidir. Ona görə də, hər valideyn övladının nə ilə məşğul olduğunu, kimlərlə oturub-durduğunu bilməlidir. Bəzən elə olur ki, ölvad valideynlərinin gözləri qarşısında oturduğu halda “oğurlanır.” Yəni, o şəbəkələrdə nə söhbətlər gedir, sizin övladınıza hansı ideologiyalar təlqin olunur, kimlər nəyi təbliğ edirlər, kimlər nəyi paylaşırlar, bunlar çox ciddi məsələlərdir. Valideyn övladının küçədə kimlərlə oturub-durduğuna nə qədər diqqət yetirirsə, ondan da çox sosial şəbəkələrdəki ünsiyyətinə nəzarət etməlidir. Bu gün bir çox ideoloji təbliğatlar məhz sosial şəbəkələr üzərindən həyata keçirilir. Ona görə də, həmin şəbəkələrdə gündə bir neçə saatını keçirən bir gəncin düşüncəsində, davranışında (hətta həyata baxışında da) dəyişikliyin şahidi olmamaq mümkün deyil…

Hörmətli valideynlər, bu gün bir yeniyetməni internetdən məhrum qoymaq az qala mümkün olmayan məsələdir. Əslində, biz də bu işə qarşı deyilik, ancaq onu vurğulamaq istəyirik ki, övladımızı həmişə düşünməli, vaxtında tədbir görməliyik. Bir sözlə, elə olmasın ki, sonradan peşman olaq…