Rahib Alpanlının “Yaxşılığın göz yaşları” kitabı çapdan çıxıb

0
631

Xeyli müddətdir mətbuatda, xüsusən də “Zaman-Azərbaycan” qəzetində ardıcıl yazıları dərc edilən Rahib Alpanlının bu günlərdə “Yaxşılığın göz yaşları” adlı kitabı nəşr olunub.

Qvami Məhəbətoğlunun redaktoru olduğu bu kitabda, müəllif ictimai həyat problemlərindən bəhs edib, ailə-məişət, böyük-kiçik münasibətləri, ata-ana haqqı, uşaqların tərbiyəsində valideynlərin, ictimaiyyətin, milli-mədəni dəyərlərimizin rolunu vurğulayıb. Eyni zamanda müəllif bu kitabda oxucunu, insanların öz insanlıq borcunu ləyaqətlə yerinə yetirməsi, hər bir kəsin bəşəriyyətin bu günü və gələcəyi üçün məsuliyyət daşımasının əhəmiyyətinə, az oxunan klassik müdriklərin ibrətamiz hekayətləri və müəllifin özünün yaşadığı, şahidi olduğu, eşitdiyi həyat hadisələri fonunda nəzər salmağa sövq edir.

ratYazıların ümumi məzmunu, oxucunu qlobal olaraq gözəl yaşamağın, digərlərinin də gözəl yaşamaları üçün şərait yaratmağın mümkün olduğuna inandırır.

Müəllif doğma vətənimizin məruz qaldığı Qarabağ probleminə beynəlxalq ictimaiyyətin biganəliyi, ikili standartla yanaşması, əsassız olaraq yaradılmış islam fobiyasından ürək ağrısı ilə bəhs edir, dünyanın xilasını mükəmməl təhsildə, elmi tərqqidə, milli, dini və irqi fərqləri Allahın yaratdığı gözəlliklər kimi görməkdə, insanlığın mənəvi saflaşmasında görür.

Qeyd edək ki, müəllifin indiyədək “Nələr olmur dünya səndə” (2008), “Oğurlanmış həqiqət” (2011), “Evin şüşədəndirsə” (2013) kitabları çap olunub. “A Book of Antonyms and Synonyms” (2007), “A handbook on the Use of Articles” (2009) kitabları da oxuculara təqdim olunub.

Rahib Alpanlı (Sədullayev) 1956-cı ildə Quba rayonunun Alpan kəndində anadan olub. 1978-ci ildən rayonda ingilis dili müəllimi olaraq çalışır. Qabaqcıl təhsil işçisidir. Azərbaycan Müəllimlər İnstitunun Quba filialında işləyir. Rayonda fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisinin üzvüdür.

Amil Tağıyev, Quba