“İsraildə xərçəng xəstələrinin sayı niyə azdır”

0
758

Vaxtilə adı çəkildikdə belə insanı qorxuya salan, əsrimizin bəlası xərçəng xəstəliyi son illər ərzində sürətlə yayılmaqdadır. Artıq sadəcə cavan, yaşlı nəslin nümayəndələri deyil, azyaşlı uşaqlar da, bu xəstəlikdən əziyyət çəkirlər. Müalicəsi xeyli çətin olan xəstəlik vaxtında müdaxilə edilmədikdə, ölümlə nəticələnir. Xərçəngin yaranma səbəbi tam olaraq bəlli deyil. Bu xəstəlik təkcə ölkəmizdə deyil, dünyanın bir çox yerində yayılıb. Ancaq digər ölkələrə nisbətən İsraildə xərçəng xəstəliyinə yoluxma halları xeyli azdır. Bu haqda son günlərdə mətbuatda yayılan xəbərlərdə məlumat verilib. İsrail Milli Xərçəng Qeydiyyatı Mərkəzindən dr. Miça Barçananın açıqlamasına görə, İsraildə xərçəng xəstələrinin və xərçəngdən ölənlərin sayı azdır. Onun sözlərinə görə, bu xəstəliyə tutulanların və bundan ölənlərin sayı nəzərə çarpacaq dərəcədə azalıb. Statistikaya görə, İsraildə 2003-cü ildə 160 nəfər, 2004-cü ildə isə 152 nəfər xərçəngdən ölüb. Ölkədə əhalinin sayı isə 7,4 milyon nəfərdir. Yaxşı, bəs, digər ölkələrlə müqayisədə İsraildə xərçəng hallarının bu qədər az olmasının səbəbi nədir? Siqaret vərdişimi? Xeyir, bu deyil. Çünki İsraildə hər 4 nəfərdən biri siqaret çəkir. İsraildə xərçəng xəstələrinə kimya və ya şüa terapiyasının tətbiq edilmədiyinə dair iddialar da var. Bəs, görəsən, İsraildə xərçəng xəstəliyi necə müalicə edilir? Bu sualın cavabı aparılan araşdırmada verilib. Bildirilir ki, bunun səbəbi illərdir alternativ tibbin və həkimlərin müdafiə etdiyi, lakin ciddi qəbul edilməyən üsullardır:

– Bitki mənşəli müalicələr və ya bədənin zəhərlərdən tamamilə təmizlənməsi (detoksifikasiya);

– Sağlam qidalanma (heyvanı qidalar olmamaq şərti ilə qida dieti);

– Bioenerji müalicəsi ilə bədənin vibrasiya və elektromaqnit axınını tənzimləmək və bədən sağlamlığının bərpa edilməsi.

Bəs, görəsən, Azərbaycanlı mütəxəssislərin bununla bağlı fikirləri nədən ibarətdir? Həqiqətən də xərçəngin müalicəsi alternativ yollarla mümkündürmü? Əgər mümkündürsə, bizdə nə üçün bu metoddan istifadə edilmir?

“İnanmıram ki…”

Mövzu ilə bağlı “Zaman-Azərbaycan”a müsahibə verən həkim-onkoloq Ləman Mustafayeva bildirdi ki, xərçəngin təbii yolla müalicə üsulu hələ təsdiqlənməyib: “Əgər belə bir şey olsa idi, bizdə də istifadə olunardı. Təbii bitkilər, sağlam qidalanma bunların hamısı xəstəliyin müalicəsi zamanı köməkçi metodlardır. Onkoloji xəstəliyin əmələ gəlməsi səbəbi müxtəlifdir, bilinmir. Səbəbi bilinmədən onun müalicəsi də tapıla bilməz. Ola bilər ki, dediyiniz həmin müalicədən xəstənin immunitetini qaldırmaq məqsədilə istifadə etsinlər. Çünki istifadə olunan bitkilərin çoxu bu xüsusiyyətə malikdir. Bizim istifadə etdiyimiz dərman preparatlarının çoxu da bitki mənşəlidir. Ümumiyyətlə, kimyəvi preparatlar bitkilərədən alınır. Hesab edirəm ki, bitki və ya başqa növ müalicələrlə xərçəng xəstəliyindən sağalmaq mümkün deyil. Mən inanmıram ki, şüa və kimya terapiyası olmadan xərçəng xəstəliyinin müalicəsi mümkün olsun. Hər hansı bir xərçəngyönlü xəstəliyi isə, təbii, alternativ yollarla müalicə etmək olar. Bundan əlavə, bizdə xəstələrin çoxu irəliləmiş, üçüncü, dördüncü mərhələdə həkimə müraciət edirlər. Bu zaman onları spesifik müalicə etmədən sağaltmaq mümkün deyil. Hətta elə olur ki, müalicə aparılır, ancaq effekt vermir. Yəni xəstəliyin sağalacağına 100% faiz qarantiya verilmir. Bu, bütün xəstəliklərdə belədir. O ki qaldı, İsraildə xərçəng xəstələrinin az olmasına, buna səbəb onlarda xərçəngin profilaktikasının güclü olmasıdır. Orada insanlar xəstəlik barəsində daim maarifləndirilirlər. Hamı heç olmasa, ildə bir dəfə ümümi müayinədən keçir. Buna görə də, xəstəliklər ilkin mərhələdə aşkar olunur və asan müalicə edilir”.

“Xərçəng xəstəliyinin qarşısını düzgün qidalanma ilə almaq mümkündür”

“Herba Flora” şirkətinin direktoru Fizuli Hüseynov isə bildirdi ki, xərçəng xəstəliyinin ilkin mərhələsində təbii yollarla müalicəsi mümkündür: “Öncə onu deyim ki, bitkilərin tərkibində antioksidant maddəsi var. Bu maddə günəş enerjisi ilə yetişən, gübrəsi az olan, geni dəyişdirilməmiş meyvələrdə daha çoxdur. Məsələn, götürək pomidorun tərkibini. Təbiətdə təbii şəraitdə yetişən pomidorun tərkibindəki likopenlərin miqdarı istixanalarda yetişdirilən pomidordan 60 dəfə çoxdur. Bu, eyni zamanda digər meyvə tərəvəzlərə də aiddir. Onu da qeyd edim ki, likopen antioksidantin tərkibindəki təsiredici maddədir. İnsanlar da, təbii olmayan qidalarla qidalanarsa, onların xərçəng xəstəliyinə tutulma ehtimalları daha yüksəkdir. O ki qaldı İsraildə xərçəng xəstələrinin az olmasının səbəbinə – orada əhali daha çox ekoloji təbii məhsullarla qidalanır. Yəni, bu nəticəyə gəlmək olar ki, xərçəng xəstəliyinin qarşısını düzgün qidalanma ilə almaq mümkündür”.

“Əgər xəstəlik 4-cü mərhəlləyə çatıbsa…”

F. Hüseynovun sözlərinə görə, alternativ müalicə yalnız xəstəliyin ilkin mərhəlləsində effektiv ola bilər: “Təbii bitkilərin də tərkibində antioksidantlar var. Braziliyada yetişən qlanabana, bizdə yetişən qarazirə bitkisi bu maddə ilə zəngindir. Qlanabana bitkisi xərçəng xəstəliyinin əleyhinə istifadə olunan adromisin pereparatından 10 min dəfə güclüdür. Eləcə də, qarazirə bitkisi. Qarazirə bitkisi prostatın adinoması xərçənginə adromisindən 10 dəfə daha çox təsir edir. Bir sözlə, xəstəliyi bu üsullarla müalicə etmək olur. Ancaq xərçəngin müalicəsində yalnızca təbii müalicələrdən yox, şüa və kimya müalicəsindən də istifadə olunur. Əgər xəstəlik 4-cü mərhəlləyə çatıbsa, şüa və kimya terapiyası ilə müalicəsi mütləqdir”.

Nərmin Haqverdiyeva