Nəqliyyat və ekoloji fəsadlar

0
828
Dünyada daha sürətlə inkişaf edən sahələrdən biri avtomobilqayırma sənayesidir. Hazırada ölkəmizdə də avtomobil istehsal edilir və xarici markalar hesabına avtomobillərin sayı sürətlə çoxalır. Nəticədə yanacağa olan tələbat da getdikcə artır və ekologiyamıza ciddi ziyan dəyir. Bunu nəzərə alan Azərbaycan hökuməti bir sıra vacib addımlar atır.
 Bəs daha nə etmək lazımdır ki, nəqliyyatın ətraf mühitə vurduğu ziyan minumuma ensin?“Dövlətin, cəmiyyətin marağı ondadır ki…”

Azərbaycan Dövlət Aqrar Universitetinin maşınların istismarı və yerüstü nəqliyyat vasitələri kafedrasının professoru, texnika elmləri doktoru İsrafil İsmayılov deyir ki, insanların fəaliyyəti nəticəsində havanın ümumi çirklənməsinin 51 faizi nəqliyyatın payına düşür. Təbii ki, istifadə edilən avtomobillər, avtobuslar və digər qaz və neft məhsulları ilə işləyən texniki və nəqliyyat vasitələri müəyyən miqdar zəhərli qazlar buraxmalıdır. Bunsuz mümkün deyil. Amma dövlətin, cəmiyyətin marağı ondadır ki, bu qazlar qoyulmuş normativ hədləri aşmasın. Bu normativləri beynəlxalq səviyyədə müəyyənləşdirən standartlara görə atmosferə avtomobillər tərəfindən buraxılan işlənmiş qazların tərkibində ən təhlükəli və ziyanlı sayılan karbon oksidi və karbohidrogenlər təşkil edir. Havanın çirklənməsi dedikdə atmosferin insan həyatına və ya sağlığına təhlükə törədən, heyvanların və bitkilərin sağlığına və ya təbii həyat fəaliyyətinə ziyan vuran, metalları korroziyaya uğradan, görünməni məhdudlaşdıran, arzu olunmayan qoxu yaradan qazaoxşar maye və ya bərk maddələrlə çirklənməsi başa düşülür.

Alim daha sonra bildirir ki, avtonəqliyyat vasitələrinin işləməsindən havanı çirkləndirən əsas tullantılara dəm qazı, karbohidrogenlər, azot oksidləri daxildir. Məlumata görə, 20000 km yürüş etmiş avtomobil havaya 0,775 kq qurğuşun, 40,75 kq azot oksidləri, 234 kq karbohidrogen və 765 kq dəm qazı buraxır. Günəş işığının təsirindən bu tullantılar kimyəvi dəyişikliyə məruz qalır və zərərli maddələrin siyahısı aşağısəviyyəli, troposferli ozonla və fotokimyəvi mənşəli müxtəlif toksinlərlə zənginləşir. Məhz bu maddələr insan həyatı üçün təhlükəli və idarə edilməsi mümkün olmayan fəsadlar yaradır.

Nəqliyyatın doğurduğu problem böyüyür. Nə etməli?

Məlumata görə, ölkədə həm avtomobillərin sayı, həm də yanacaq istehlakı hər il, orta hesabla, 10 faiz artır. Bunun isə nə demək olduğunu, daha dəqiq desək, ölkənin ekoloji durumuna necə təsir göstərəcəyini başa düşmək çətin deyil. Axı avtomobillərin sayının artması, yanacağa olan tələbatın artması ilə düz mütənasibdir. Digər tərəfdən nəzərə alsaq ki, alınacaq avtomobillərin çoxu bugünki kimi paytaxtda toplaşacaq, Bakıda ekoloji fəlakətin artması qaçılmaz olacaq.

Deməli, buna indidən hazırlıq görülməli, müxtəlif qabaqlayıcı tədbirlər görülməlidir. Bu problemlə bağlı iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, ilk növbədə ölkədə avtomobil parkı yenilənməlidir: “Bu barədə ən azı Rusiya təcrübəsi var. Xüsusi dövlət proqramı hazırlanmalı, ekologiya üçün zərərli köhnə avtomobillərin dövriyyədən çıxarılmasına başlanmalıdır. Çoxlitrajlı avtomobillərin idxalı maksimum dərəcədə məhdudlaşdırılmalıdır. Bunun üçün xüsusi vergi rejimi tətbiq oluna bilər. Artıq Rusiya və Qazaxıstanda belə bir rejim tətbiq edilir. Qənaətli və azlitrajlı maşınların, xüsusən də alternativ yanacaqla işləyən (hibrid, elektromobil) avtomobillərin idxalı stimullaşdırılmalıdır”.

Alternativ yollardan biri

Yəqin kimsə son illər elektriklə işləyən, hətta su ilə hərəkət edən avtomobillə, maşın və mexanizmlərlə rastlaşıb. İlk baxışda görünüşünə görə hazırda geniş istifadə edilənlərdən o qədər də fərqlənməyən bu avtomobillər ekoloji cəhətdən çox əhəmiyyətlidirlər. Çünki yeni nəsil avtomobillər, hər şeydən əvvəl, ətraf mühitə ziyan vermir, tullantı buraxmırlar.  Buna görə də dünyada yanacaq və ekoloji böhran dərinləşdikcə alternativ enerji mənbələri ilə hərəkət edən avtomobillərin geniş istifadəsi qaçılmaz olur.  İqtisadçı-ekspert S. Əliyevin fikrincə, dünyada elektromobillərin istehsalına son illər diqqət artib: “Enerji asılılığını azaltmaq və ekoloji çirklənmənin qarşısını almaq siyasəti hökumətləri alternativ nəqliyyat vasitələrinə üz tutmağa vadar edib. Bir çox ölkələrdə elektromobillərin istehsalını və alışını stimullaşdırmaq üçün müxtəlif səviyyəli proqramlar qəbul olunub. Bu proqramların əsas 3 məqsədi var: ölkənin enerji müstəqilliyini artırmaq, atmosferə karbon qazı tullantısının buraxılmasından yaranan istixana effektini azaltmaq və yeni növ nəqliyyatla işləyən müəssisələrin rəqabət qabiliyyətini artırmaq.

Latviyada ötən il 3 illik proqram qəbul edilib, onun icrası üçün 30 milyon avro ayrılıb. Estoniya, Rusiya, Ukraynada da oxşar proqramlar həyata keçirilir. Məsələn, Estoniyada 2014-cü ilin əvvəli üçün dövlətin köməyi ilə 750-yə qədər elektromobil əldə edilib.

Elektromobil bazarının inkişafı üçün dövlətin üzərinə çox böyük yük düşür. Bir sıra Avropa ölkəsində elektromobillə ənənəvi avtomobillərin qiymətləri arasındakı fərqi dövlət kompensasiya şəklində ödəyir. Elektromobillərin satışını stimullaşdırmağın bir yolu da vergi güzəştidir. Britaniya, Fransa, İspaniya və digər ölkələrdə elektromobil sahiblərinə vergi güzəştləri tətbiq edilir. Almaniyada elektromobil sahibi nəqliyyat vergisindən azaddır və alışda da xüsusi güzəştləri var. Hətta Norveç kimi neft ölkəsi də elektromobil idxalına diqqət yetirir. Elektromobillərin satışının ən effektiv sxemi məhz bu ölkədədir. Adambaşına düşən elektromobillərin sayına görə Norveç dünya lideridir. Hökumətin verdiyi məlumata görə, ölkədə belə nəqliyyat vasitələrinin sayı 15 minə çatıb.

Elektromobillərin sayına görə dünya lideri isə ABŞ-dır. Dünyada satılan hər ikinci elektromobil bu ölkənin payına düşür. 2015-ci ilədək bu ölkədə elektromobillərin sayını 1 milyona çatdırmaq planlaşdırılır. Ümumilikdə 2025-ci ilə kimi avtomobil parkının ABŞ-da 6-10, Qərbi Avropada 6-10, Yaponiyada, Çində 11-15, Hindistanda 6-10, Braziliyada 6-10, Rusiyada 1-5 faizinin yeni nəqliyyat vasitəsi ilə əvəzlənməsi nəzərdə tutulub.

Elektromobilin üstünlükləri çoxdur: 100 kilometr məsafədə enerji sərfiyyati 1-2 avro təşkil edir. Ekologiyanı çirkləndirmir, səssiz işləyir və s. Xarici ölkələrin təcrübəsini diqqətə çatdırmaqda məqsədim bu təşəbbüslərin nə qədər vacib, faydalı olduğunu vurğulamaqdır. Azərbaycan hökuməti elektromobil idxalını stimullaşdırmaq üçün xüsusi dövlət proqramı qəbul etməlidir. Proqram ölkəyə elektromobil gətirilməsini stimullaşdirmaqla yanaşı enerjidoldurma stansiyaları infrastrukturunun yaradılmasını da nəzərdə tutmalıdır. Xüsusilə də paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün belə proqramın qəbulu zəruridir. Bu, həm də vətəndaşlarımızın sağlamlığı üçün vacibdir”.

Yeri gəlmişkən: bərpa olunan yanacaq da hazırlanıb

Avropa Birliyinin “Solar-jet” layihəsi 2011-ci ildən mövcuddur. Layihənin müəllifləri bərpa olunan kerosin alınması istiqamətində əhəmiyyətli addım ata biliblər. Rusiya mətbuatının bildirdiyinə görə, mühərriklərdə yandırılan bərpa olunan yanacaq laboratoriya şəraitində artıq hazırlanıb.

Tədqiqatçılar kerosinin dağılmasının qarşısını alıblar. Onun yanması nəticəsində ortaya çıxan buxar və karbon qazı süni günəş şüasının təsiri altında sintetik qaza çevrilib. Bu da, öz növbəsində yenidən kerosinə dönüb.

Alimlər bu prosesə Fiser-Trops adı veriblər. Bu proses əsasında hazırlanmış yanacaq artıq sertifikatlaşdırılıb. Bir çox mühərriklərdə, o cümlədən heç bir modifikasiyaya məruz qalmadan aviasiya mühərriklərində istifadə edilə bilər. Lakin bu üsulla yalnız məhdud miqdarda kerosin əldə etmək mümkün olub. Növbəti mərhələlərdə alimlər bu yanacaq növünü ənənəvi yanacaq növlərinə rəqib olacaq gücə gətirmək niyyətindədirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

Səməd Məlikzadə

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here