Çiçək kimi kövrək, qaya kimi sərt

0
492

Çox sevdiyi, hər söhbətində söylədiyi İraq türkmanlarının bir xoyratı vardı:

Bu dünyaya yayaq gəldim,

Uyumadım, oyaq gəldim.

Ömür deyir, yüz il oldu,

Ürək deyir, bayaq gəldim.

Bu xoyratı söyləyə-söyləyə duyğulanar və hər şeyin nə qədər tez, nə qədər sürətlə axıb getdiyini, dünənki uşağın bu gün ağsaqqal bir ixtiyar olduğunu, amma hər kəs kimi özünün də bu həqiqətə inanmaq istəmədiyini deyərdi.

Sən inansan da həyat öz işini görür, inanmasan da. İndi tanınmış şairimiz, səmimi insan, yaxın dostumuz Məmməd Aslanın ölümündən qırx gün keçir. İstəsən də belədir, istəməsən də. Bəzən uşaq kimi kövrək, bəzən də dağlar qoynunda qoyub gəldiyi çaylar kimi coşqun Məmməd Aslan artıq yoxdu aramızda. İstəsən də belədir, istəməsən də. Efirdən “sözün özü” adlı qısa, amma dolğun, tutumlu, dilimizin heysiyyətini qoruyan söhbətlərinə alışmışdıq, amma daha yoxdur. Olsa-olsa lentlərin yaddaşında qalır. Çox şeylər danışmış, çox şeylər düşünmüşdük, amma heç biri alınmadı. Neyləyə bilərik, Məmməd Aslanla çox şeylərimiz getdi.

Dədə Qorqudun o məşhur sözü ağıldan, qulaqdan getmir.

Hanı dediyin bəy ərənlər,

Dünya “mənim” deyənlər,

Əcəl aldı, yer gizlədi,

Fani dünya kimə qaldı.

***

Anadoluda deyildiyi kimi, adam kimi adam idi. Qəlbinə dəyən olanda, əvvəlcə, sakit-sakit dinləyər, nəyin nə olduğunu içində götür-qoy eləyər, kükrəyəndə də, Allah göstərməsin, üzünü görmə. Sözü də elə sərt, elə tutarlı deyərdi ki, adamın yeddi qatından keçərdi. Bir dəfə birinə demişdi ki, sənin kimi alçaq bir personajı mən heç bir kitabda belə görməmişəm. Sərt idi, sərt olduğu qədər də mərd idi. Yaltaqlıqla onu bir arada təsəvvür edə bilmirəm. Başqaları söyəndə o öydü, söyənlər sözlərini dəyişib öyəndə o susdu. Şeiri də, sözü də elə o dağdan gətirdiyi idi. Heç dəyişmədi, həyatı necə başlamışdısa, elə də tamamladı. Bu şəhər həyatı, şöhrət, böyük-böyük kürsülər, efir dəyişə bilmədi onu. Elə dəyişə bilmədiyi üçün də rahatlıq axtaranlar onu özlərindən uzaqlaşdırmağa çalışdılar. “Dərədən-təpədən” adlı bir verilişi vardı, adı uşaqlar üçün idi, amma böyüklərə də oradan əməlli-başlı dərs keçirdi.

“Ağla qərənfil, ağla” adlı şeiri indinin özündə də 20 Yanvar faciəsini əks etdirən ən canlı ədəbi nümunələrdən hesab olunur. “Türkiyə” adı eşidəndə dodaqlarımızın çat verdiyi illərdə “Ərzurumun gədiyinə varanda” adında bir kitab yazıb, ortalığa qoydu. Ardınca Yunus Əmrə və Aşıq Veysəlin seirlərindən seçmələr edib “İki zirvə” adında çap elədi. O kitabları oxuyanlar türk sevgisində bir daha saflaşdılar, arındılar.

***

Sevimli Peyğəmbərimiz Həzrət Muhammədin (Ona Allahın salamı olsun!) vəsfinə yazdığı “Nur içində Nur” şeiri 1994-cü ildə İstanbulda keçirilən Nət müsabiqəsində qalib olmuşdu. Mövlana aşiqi idi, hər söhbətində ondan bir neçə misal danışardı.

Təxminən iki il əvvəl razılaşmışdıq ki, telekanalların birində fərqli bir veriliş başlayaq onunla. Adını da belə düşünmüşdük: “Məmməd Əli məclisi”. Belə planlamışdıq ki, şounun aləmi başına götürdüyü bu günlərdə o proqramda mənəvi dəyərlərimizə üz tutaq, köhnə kişilərin köhnə söhbətlərini daşıyaq o verilişə. Material da ki, maşallah, nə qədər istəsən. Biz düşünmüşdük, amma olmadı. Sonuncu dəfə redaksiyamıza təxminən 7-8 ay əvvəl gəlmişdi. Ağlımıza nə gəldisə kameraları qurduq və beş saatdan artıq davam edən söhbətimizi lentin yaddaşına köçürdük. O qədər səmimi bir atmosfer alınmışdı ki, Məmməd əmi arada bir “senzurasız” bir-iki lətifə də danışdı. Amma axşam zəng eləyib dedi ki, gündüz o atmosferə uyub, bir-iki artıq şey danışmışıq, onları sil getsin. Mən də söz verdim ki, arxayın olsun.

***

İnsan vətənsiz qərib olduğu kimi, vətən də hər böyük övladını itirdikcə sanki kiçilir, yetimləşir. Məmməd Aslan mənim üçün vətənimin belə böyük övladlarından idi. Mənim üçün cəmisi bir neçə şair var, onlar da öləndən sonra canlı şair qalmayacaq.

Onunla ilk və qiyabi tanışlığım 70-ci illərdə çap olunan “Gənc şairin ilk kitabı” seriyasından əl boyda bir kitabça ilə başladı. Sonra qəzetlərdə şeirlərini oxudum. Tanınmış alimimiz Tofiq Hacıyevin o illərdə “Azərbaycan” jurnalında çıxan “Üç Məmmədin biri Araz, biri Aslan, biri İsmayıl” adlı məqaləsi o qədər səmimi, o qədər təsirli olmuşdu ki, adı Məmməd olan başqa şairin də hayıfsılanaraq “Kaş Tofiq müəllim “dörd Məmməd yazaydı, dördüncü də mən olaydım” dediyini eşitmişəm.

Tələbə olandan sonra Əlyazmalar İnstitutunda işləyən qohumum Seyfəddin müəllimin yanında onunla görüşüb tanış olduq. Söhbət əsnasında atamı yaxşı tanıdığını və xətrini istədiyini dedi. Sonrakı görüşlərimizdə də məni “qardaşoğlu” deyə çağırdı və mən də bu xitaba qarşılıq olaraq, ona “Məmməd əmi” deməyə başladım.

Digər rayonlarımız kimi, Kəlbəcərdən də əlimiz üzüləndən sonra onun nə qədər dərd çəkdiyini, yandığını açıq-aydın görürdük. “O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər” deyə dərdini dilə gətirirdi Məmməd əmi.

***

Son söhbətlərindən birində kəlbəcərli bir qarıdan danışardı və deyərdi ki, o qarı o yurddan çıxanda götürdüyü bir ovuc torpağı illər uzunu saxlayıb və bu yaxınlarda ölüm yatağına düşəndə balalarına deyib ki, sandığı açın, oradakı dükçəkdə torpaq var, o torpağı mənim qəbrimə tökərsiniz. Görünür, o nənə içində Kəlbəcərə dönmək ümidini yaşada bildiyi üçün o bir ovuc torpağı sirr kimi saxlayıbmış, amma ölümün qoxusunu alanda öz sirrini açdı. Deyəsən, Məmməd əmi də Kəlbəcərə dönə bilməyəcəyindən şübhələnmişdi. Heç zaman dilə gətirməsə də, kimsə cəsarət edib bu mövzuda bir şey soruşmasa da, mən onun gözünün dərinliyində bu qorxunu sezmişdim. Amma bu elə dəhşətli qorxu, elə sarsıdıcı həqiqətdir ki, üz-üzə, göz-gözə qalana qədər dilə gətirmək olmur.

***

Yaxşı adamlar ağızdan diş, bəbəkdən yaş kimi düşüb gedirlər. Ölən kimi unudulan, yeri doldurulmayan adamlar var. Məmməd Aslan fərqli insan idi, özünü yaşayırdı, kimsəni təqlid etməz, təqlid edənləri də sevməzdi. Şair var ki, şeiri özünə oxşamır, yəni özü yaltaq, ikiüzlü olduğu halda bir də görürsən ürəyəyatan bir şey qoydu ortaya. Amma Məmməd Aslanın özü nə idisə, şeiri də elə o idi. Qoyub gəldiyi dağların çiçəyi nə qədər kövrək, buludu nə qədər yumşaq, otu nə qədər təmiz, qayası nə qədər sərt, suyu nə qədər saf idisə, özü də o qədər kövrək idi, yumşaq idi, təmiz idi, sərt idi, saf idi. Adam həyata, şeirə necə başlamışdısa, elə o hava ilə, o duyğu ilə, o istiqamətdə də hər şeyi tərk eləyib getdi. Çünki haqlı olduğunu bilirdi, tutduğu səmtin doğru olduğuna inanmışdı.

***

Son aylarını Zaqatalada, qızının ailəsinin yanında keçirirdi. Arabir zəng edib kefini soruşurdum. Son zəngimdə telefonu qızı açdı, mən kim olduğumu dedim, qarşı tərəfdən “denən onu öpürəm, danışa bilmirəm” dediyini eşitdim. Ondan əvvəlki zəngimdə də ağlamışdı və eləcə hıçqırıqlarla telefonu söndürmüşdü.

Ərəfə günü, yəni Qurban bayramından bir gün əvvəl səhər saatlarında ölüm xəbərini eşitdik. Ölümü də həyatı kimi təmənnasız oldu. Çoxları kimi, mən də elə təsəvvür edirdim ki, onu ən azı ikinci Fəxri xiyabanda dəfn edəcəklər, amma Masazırda, Kəlbəcərlilər qəbiristanlığında torpağa verildi. Elə yazımın sonunda yadıma düşdü və xatırlatmağı lazım bildim ki, o heç xalq şairi adı da almamışdı.

***

Ölüm deyilən bu sonluq Allah-Təalanın ədalətinin təcəllisidir. Hara gedirsən-get, nə iş görürsən-gör, zamanı yetincə əcəl atının tərkinə minib gedər-gəlməzin yolçusu olursan. Qurani-Kərimdə buyurulur ki, nəfs daşıyan hər kəs ölümü dadacaq. Yəni heç birimizin qaçacaq yerimiz yoxdur. Hər birimiz zamanımız gəldikdə o qapıdan keçib gedəcəyik. Amma ölümün ölümdən fərqi dünyanın bu başından o başına olan məsafədən daha böyükdür. Axirət günündə də hər kəsin sarılacağı bir xeyir, bir əmələ ehtiyacı var. Ümid eləyirəm ki, Məmməd Aslan Peyğəmbər eşqiylə qələmə aldığı o nətin həqiqi qonorarını qəbir qapısının o üzündə alacaq.

Böyüklərimiz deyirlər ki, müsəlmanın müsəlmana verə biləcəyi ən böyük xeyir içindən gələn səmimi duyğularla ona dua etməkdir, yəni Allah-Təaladan ona xeyir diləməkdir. Bu sətirlərin müəllifi də hər dəfə “Məmməd əmi” deyə müraciət etdiyim Məmməd Aslana mərhəməti sonsuz olan Allah-Təaladan rəhmət diləyirəm, mübarək Əsmaül-Hüsnası hörmətinə o Məmməd qulunun günahlarını aza, savablarını çoxa yazmasını təmənna edirəm. Allah rəhmət eləsin!

Əli  Çərkəzoğlu