Xalamı da… seçki apardı

0
515

Vallah, mən heç millət vəkilliyinə namizədliyimi irəli sürmək fikrində deyildim.

Amma günlərin bir günü xətrini çox istədiyim Cahan xalam mənim saqqızımı oğurladı. Dedi ki, Allaha şükür, bala, həm savadın var, həm də hörmətin, amma bununla adamın işi bəzən düz olmur, ürəyi toxtamır, nə isə bir şeyə ehtiyac duyur, düz buyururam, yoxsa yalan? Dedim, düz deyirsən, amma əməlli-başlı başa düşmədim ki, bu sözlərlə nə demək istəyirsən, fikrin nədir? Olmaya, özümə mağaza-filan açmalıyam, yaxud hansısa bir işə qol qoymalıyam? Axı yüz dəfə demişəm ki, mən belə işləri bacarmıram. Dedi: “Mən səninlə çox böyük bir məsələnin söhbətini edirəm, sən nələrdən söz açırsan? Bilmirəm, nə vaxt palaza bürünüb, el ilə sürünəcəksən? Ay bacıoğlu, istəyirəm ki, sən də qonşunuz Əlibala müəllim kimi deputatlığa namizədliyini (bir də sən niyə qonşudan geri qalmalısan?) irəli sürəsən, millət vəkili seçiləsən, mən də hər yerdə fəxrlə deyim ki, bəs bacım oğlu deputatdır, səsi uca kürsülərdən gəlir. Rəhmətlik bacım canı ağzından çıxanacan mənə deyərdi: “Ay Cahan, bax, oğlumu sənə əmanət edirəm a… elə et ki, oğlum deputat olsun”. Mən isə hələ də onun vəsiyyətini yerinə yetirməmişəm. Heç bilmirəm o dünyada bacımın üzünə necə baxacağam? Allah məni öldürsün. Yəqin, buna görə biçarə bacım qəbrində od tutub yanır.

Bala, bu deputat seçilmək sənə çətin gəlməsin. İndi deputat seçilmək su içmək kimi asan şeydir. Ələlxüsus sənin kimi bir cavana ki, Allaha şükür, həm savadın var, həm də hörmətin. Vallah, deputatlıq elə bil sənin boyuna biçilib e… Xala sənin boyuna quzu kəssin… Bir də, bala, indiki dövrdə deputatlıq “ministr” kimi şeydir. Seçil, “ministr” kimi yaşa da. Odur ki, bu məsələdə çox fikirləşmək lazım deyil, qoy maşınıma minim, gedim qızlarla sənin üçün lazım olan sayda imza toplayım; komissiyadan keçirim, 5-6 vəkil təşkil edim, getsinlər təbliğatını aparsınlar da…” Dedim, ay xala, vallah-billah, bu deputatlıq mənlik deyil. Mən camaata boş vədlər verə bilmərəm. Özü də belələrindən lap zəhləm gedir. Bir də bu məsələdə filan qədər vəsait lazımdır, mənim isə yoxumdur, savad, hörmət pul demək deyil axı. Xalam: “Pul məndə, qızıl ingilisdə, vəsait sənlik deyil”, – deyib bu məsələni də xitam etdi. Üstəlik, Cahan xalam əri Sultan bəydən bir sitat də gətirdi: bu iş üçün 500 nəfərin imzası, 5-6 vəkil, 2-3 min pul lazımdır, vəssalam-şüttamam… Onların da hamısını xalan yoluna qoyur, daha nə istəyirsən? Uzun sözün qısası, çox atışmadan sonra xalamın təklifi ilə az qala razılaşırdım ki, aləm qarışdı. Yəqin deyəcəksiniz niyə?

Hə, xalama dedim ki, xala, təklifin əladır. Amma bəri başdan qoy sənə bir neçə kəlmə ərz edim. İşdi-şayəd mən deputat seçilsəm, bütün qohum-əqrəbamıza, yaxın tanışlarımıza xəbər göndərəcəyəm ki, bu və ya digər işə görə yanıma gəlməsinlər. Çünki mənim işim başımdan aşacaq: millətə gün ağlamağa çalışacağam. Milli Məclisin iclaslarında daha vacib məsələlərdən söz açmağa səy göstərəcəyəm. Bu sözləri sənə də şamil edirəm. Yəni mən sənin biznesinlə bağlı kimsəyə ağız açmayacağam. Kimsədən heç nə istəməyəcəyəm, bunu bil ha… Necə deyərlər, şərti şumda kəsək ki, xırmanda yabalaşmayaq.

Bu yerdə xalam dözməyərək dedi: “Axmağın biri axmaq! Nə yava-yava danışırsan? Mən bu qədər risk edib səni deputat etmək istəyirəm, sən isə mənə elə indidən meydan oxuyursan. Bala, bax da millət vəkillərinin əksəriyyətinə, onlardan hansı biri özününkülərinə gün ağlamayıb, bəlkə var, mən bilmirəm, hə? Elə onların çoxu bu mərtəbəyə özlərinə gün ağlamaq üçün çıxırlar da… Daha mənə də yox də… Sən özün bilirsən ki, mən özüm dünyagörmüş bir işgüzar qadınam. Daha yaxşı yaşamaq istəyirdim. Amma sən bütün işləri korladın. Planlarımı alt-üst etdin. Bacıoğlu, bunu sən istəmədin. Odur ki, gedirəm başqa bacıoğlu axtarmağa, məndən incimə”. Xalam o gedən getdi.

…Bir xalam vardı. Onu da seçki apardı.

Qvami Məhəbbətoğlu