Qartalın uçuşu

0
271

Çöldə-bayırda böyüyən əksər kənd uşaqları kimi, mən də günəşin doğmasını, səhərin külək qanadlarında gələrək canıma üşütmə salan dağ soyuğunun ardınca ruhuma yayılan isti nəfəsini, qürub yaxınlaşdıqca kölgəmizi boyumuzdan dəfələrlə çox uzadıb bizimlə “zarafatlaşmasını” uşaqlığımdan uzun illərin keçməsinə baxmayaraq, bu gün də xatırlayıb, o illərin sinəmizə sığmayan sevincini yaşayır, o əlçatmaz uzaqlığı xəyallarımın seyrangahına çevirməyə çalışıram. Dünyamızı nura boyamasına baxmayaraq, özündən narazı halda sabah daha erkən qalxıb bir az da yaxşı işləmək məqsədi ilə gedərdi yatmağa günəş. Gedərkən insanların onun bu zəhməti qarşısında ona təşəkkür etməmələri bir yana, bircə dəfə də olsun başlarını qaldırıb, “şükür səni Yaradana” – deməmələrinin nisgilini də aparardı özü ilə. Hərdən qonşuluğumuzda yaşayan rəhmətlik yaşlı bibimin göyə boylanıb, “namazın vaxtıdır”, – deyib bir şeylər pıçıldayaraq öz borcunu yerinə yetirməyə getdiyinin şahidi olardım uşaq vaxtı. Çox sonra günəşin fədakarlığını bu sətirlərlə ifadə etməyə çalışdım:

Gündüz göylərin qaşı –

Günəş.

Gecə gözümün yaşı –

Günəş.

Duman gəlir, çən gəlir,

Yatıb yerlə tən gəlir.

Daim səhərdən gəlir,

Günəş.

Üfüqdən yüksəldimi,

Qoğal çörəyim kimi,

Yanar ürəyim kimi –

Günəş!

Bülbüllərin avazı,

Güllərin işvə-nazı.

Ümidimdi ən azı –

Günəş.

Sönməz ağrı, acısı,

Yox tüstüsü bacası.

Səbrin qulu, hocası –

Günəş!

Məndən mənə baxar hey,

Ruha, cana axar hey,

Yarasanı yaxar hey,

Günəş.

O, Qüdrətin əl işi,

Gözəlin gözəl işi,

Ümmanların gülüşü,

Günəş.

Uca şöhrəti, şanı,

Salamlayar Sultanı.

Bəzər Azərbaycanı,

Günəş!

Günəş!

Uşaqlığımın ən yaddaqalan, xatırladıqca ruhumu qanadlandıran anlarından biri də yay tətili zamanı çəməndə arxası üstə uzanıb göyləri seyr etməyimdir. Çox sevərdim mavi göyləri yorulmaq bilməyən gözlərimə doldurmağı. Hərdən buludlar yarış meydanına çevirərdilər mənim göylərimi – ötüşərdilər bir-biriləri ilə. Əvvəlcə, öndə gedən balaca buludlar çox keçmədən təngnəfəs olar, arxalarınca gələn böyük buludlar yeni yeriməyə başlayan körpələrini qucaqlarına alan analar kimi özlərinə qarışdırıb aparardılar onları Allahın göndərdiyi məkanlara ruzi-bərəkət yağdırmaq üçün.

***

Ən maraqlı anlardan biri də nəzərlərimlə sonsuzluğuna gedib çatmaq istədiyim göylərdə qəfildən bir, bəzən də iki qırğının süzməyə başlaması olardı. Bir müddət qanadlarını gərib dərəli-təpəli çöllərin üzərində süzdükdən sonra qırğı qanad çalaraq havada dayanar, sanki seyr edildiyini bilib, öz məharətini göstərərdi. Bu hərəkətləri dəfələrlə təkrar etdikdən sonra uçub gedərdi. O uçub getsə də, ümidim onun sabah yenə qayıdacağına arxayınçılığından ayrılmazdı… Zaman-zaman səmada süzən o qırğının gözləri ilə baxmağa çalışardım özümə; otların-çiçəklərin üzərində heç bu gözəlliyə yaraşmayan, şalvarının dizləri yamaqlı, özündən böyüklərdən kiminsə pencəyindən çıxıb başının altında yastıqlanan çöp kimi nazik qolları, sir-sifəti qaralmış, nöqtə kimi görünən, ürəyi isə böyük arzularla dolub-daşan bir kənd uşağını görər, gözlərimi yumub quş kimi xəyal göylərində uçar, uçardım.

***

İnsan olaraq biz özümüzü ən mükəmməl, ən ağıllı varlıqlar hesab edirik. Kainatda elə hadisələr və varlıqlar var ki, kamilliyi ilə insan ağlını heyran qoyur. Götürək elə ən kiçik varlıqlardan olan qarışqaları. Tək-tək götürdükdə qarışqa bizlərə heç nə kimi görünür. Onların möhtəşəm gücü, qüdrəti birliklərindədir. Bizlər isə bu birliyi “El bir olsa, dağ oynadar yerindən” məsəlinin təsəllisi ilə uyuduruq. Biz ən sosial varlıqlar olmağımızla öyünürük. Alimlər sübut ediblər ki, sıx bir ailədə yaşamalarına baxmayaraq, qarışqalar nə toqquşur, nə də bir-birilərini əzirlər. Hər gün toqquşma nəticəsində təkcə ölkəmizdə neçə-neçə insan həyatını itirir. Alimlər onu da müəyyən ediblər ki, qarışqa icmasında heç bir qarışqa o birisinə əmr vermir. Özümüzə baxsaq, necə? O qədər insan var ki, bir balaca səlahiyyət sahibi olan kimi fironluq edir, hamıya yuxarıdan aşağı baxır, istədiyini işdən uzaqlaşdırır, hamını özünə borclu bilir.

Qarışqalar vəziyyətə görə hərəkət etməkdə mahirdirlər. Bu sahədə də onlar bizlərdən çox-çox irəlidədirlər.

***

Bu yaxınlarda oxuduğum, insanlığın bugünkü vəziyyəti üçün ibrətlə dolu kiçik bir yazı məni lap heyran etdi. Sən demə, qartal tufan başlamazdan çox əvvəl onun yaxınlaşdığını duyurmuş. O, uca bir yerə qonub küləklərin gəlməsini gözləyir. Külək çatan kimi qartal qanadlarını açır və külək onu tufandan yüksəyə qaldırır, tufan aşağıda tüğyan edərkən o da səmanın ənginliyində süzür. Bu hərəkətilə qartal tufandan qaçmır, tufandan, onu gətirən küləklərdən yüksəklərə qalxmaq üçün istifadə edir.

***

İnsanlıq tarixində də belə hadisələr olub. Almaniya, Yaponiya kimi ölkələrin tarixi buna canlı nümunələrdir. Heç uzağa getməyək, Azərbaycanın yaxın keçmişi tufanların fövqünə yüksəlməyin mümkünlüyünü çox gözəl nümayiş etdirir. Dolaşmış kələf kimi çətin bir vəziyyəti nəzarət altına alıb, hər şeyi yerbəyer edən ümummilli liderimiz rəhmətlik Heydər Əliyev ölkəmizi uçurumun bir addımlığından qurtardı.

***

Bu gün sosial, siyasi, iqtisadi labirintə girmiş qardaş Türkiyə və digər ölkələrin çıxış yolu qartal kimi məruz qaldıqları “tufanlardan” bir an öncə daha yüksəklərə qalxmağı bacarmalarındadır. Ümidvarıq ki, sevincimiz, kədərimiz bir olan qardaş türk xalqı yumruq kimi birləşib, başı üzərində tüğyan edən tufanlara Çanaqqala cavabı verə biləcək. Əsas məsələ Kainat kitabını oxumaq, təfəkkür etmək və ibrət almaqdan ibarətdir.

Yazımı yenə uşaqlıq illərindən bir epizodla bitirmək istərdim. Çoban atam yayın cırhacırında qoyun-quzu otarmağa gedərkən dağların arxasından ürkək-ürkək qalxan kiçik bir buludu göstərib: “Çox uzağa getməyin, leysan yağa bilər,” – deyə xəbərdarlıq edərdi. Əvvəlcə, ciddi qəbul etməsək də, bir müddətdən sonra göylər buludla dolar, şimşək çaxar, yer-göy birləşib o ki var “ağlardılar”, Alpançayın dəli selindən qaçıb güclə qurtulardıq.

Allah hər kəsə Kainat kitabını oxumaq, təfəkkür etmək və ibrət almaq qabiliyyətindən maksimum istifadə etməyi nəsib eləsin. Amin!

Rahib Alpanlı