“Kətdi yeməyi”nin sirləri

0
361

Məktəb illərində “Molla Nəsrəddin”in bir nömrəsində gördüyüm və çox güldüyüm, hətta haqqında dəfələrlə başqalarına da danışdığım bir karikaturanın mənasının səhv izah edildiyini illər sonra, bəlkə 30 il sonra anladım. Həmin karikaturada iki məşədi (və ya kərbəlayı) yerdə oturmuş, qarşılarında bir məcməyidə plov (aş) yeyirlər. Təbii ki, plovu da əlləri ilə yeyirlər. Məşədidən (və ya kərbəlayıdan) biri o birindən soruşur:

– Məşədi, sən bilərsən, bu xristianlar niyə yeməyi əlləri ilə yox, çəngəllə, bıçaqla yeyirlər?

O biri məşədi (və ya kərbəlayı) qısa, konkret cavab verir:

– Çünki əllərinin murdar olduğunu bilirlər.

Dediyim kimi, çox gülmüşdüm, çünki keçən əsrin 60-cı illərində yeməyi əllə yemək bu günkü kimi mədəniyyətsizlik əlaməti idi və mənim yaşadığım şəhərdə yeni dəbə düşürdü. Bəs necə! Mədəni adamlar yeməyi əli ilə yox, çəngəl-bıçaqla yeyər.

İndi həmin xatirəmdən 50-55 il sonra da biz mədəni olmağa, xüsusən toyda, yasda, adamların çox olduğu yerlərdə başqaları bizə “mədəniyyətsiz” deməsin deyə, çəngəl-bıçağı əlimizə alır, yeməklə “güləşir”, bəzən boşqabımızdakı yemək pırt eləyib, boşqabdan kənara sıçrayır və biz “mədəniyyətli adam” olmadığımızın faş olmasından çox pərt oluruq. Bir az sonra bezib bildiyimiz dədə-baba qaydasına keçirik.

Görünür, Mirzə Cəlil də bizim mədəni olmağımızı çox arzu etdiyindən jurnalında müəllifinin hansı rəssam olduğunu unutduğum bu karikaturanı dərc etdirmiş, mənsub olduğu xalqın stol ətrafında, stulda oturub çəngəl-bıçaqla yeməsini arzu etmiş, amma buna çatmaq üçün hələ çox zamanın keçməsini anlayıb dərindən köks ötürmüşdür.

Bilirik ki, çəngəl-bıçaqla yemək yemək dünyaya xristianlıqdan yayılmışdır (Qaşıqla yeməyi istisna edirik, çünki müsəlmanlar da qaşıqla yemişlər). Xristianlarda bu adət, ənənə, vərdiş dini inancla bağlıdır. Xristianlıqda xaç suyuna salma hadisəsi vardır və bu hadisə xristian olmağın yeddi şərtindən biridir. Xristian inancına görə, xaç suyu müqəddəsdir, çünki bu dinin sonradan formalaşan inancına görə, insan anadan günahkar doğulur, məhz xaç suyuna salındıqdan sonra təmizlənmiş olur. Bu inancın ifrat dərəcəsində dindarlar vaftizli (xaç suyu ilə yuyulmuş) halda ölməyi cənnətə qovuşmağın əsas şərtlərindən biri olaraq qəbul etmiş və bütün ömürlərini ölənəcən yuyunmadan keçirmişlər. Hətta iş o yerə çatmışdır ki, bəzi məzhəblərə görə, yuyunmaq ən böyük cinayət, cinlərlə, şeytanlarla əlaqə qurub insanlara, cəmiyyətə, dövlətə zərər vurmaq kimi qəbul edilmiş, yuyunanlar işgəncəli ölümə məhkum edilmişlər.

Yuxarıdakı şərhə inanmaq üçün uzağa getmək lazım deyildir. Avropa, Amerika yazıçılarının öz qələmlərinin məhsulu olan əsərlərə müraciət etmək kifayətdir. Bir-iki müəllifin adını mən çəkim, qalanını da siz tapıb oxuyun – Şarl de Kosterin “Ulenşpigel əfsanəsi,” Mark Tvenin “Tom Soyerin macəraları,” “Heklberri Finin macərəları” və s.

Məsələ bu həddə çatandan, yəni sudan imtina edildikdən sonra bu inanca sahib xristianlar tualetdən sonra daşla, torpaqla təmizlənmişlər ki, bu vərdişə bu gün də rast gəlmək olar. Şübhəsiz, bu cür “təmizlik” həmin inanca sahib insanlarda yeməyi necə yeyəcəyi düşüncəsini oyatmış və onlar yeməyi rahat yeyə bilmələri üçün vasitələr axtarmışlar. Beləliklə də, bir neçə vasitəni sınaqdan çıxardıqdan sonra çəngəl, yeməyi parçalamaq üçün isə bıçaq məişətə daxil olmuşdur.

Son din olan İslama gəlincə, təmizlik imandandır, yəni ibadətin bir parçası, hətta ayrılmaz hissəsidir. Təmizlik olmadan heç bir ibadət qəbul olunmur. Bədən təmizliyindən başlamış paltar, saç, ev, məişət, ətraf təmizliyi birbaşa İslamın əmrlərindəndir. Yeməkdən əvvəl və sonra əllərin yuyulması, ağızın yaxalanması sünnətdir (Peyğəmbərimizin həyat tərzidir). Buna görə də müsəlmanlarda yeməkdə çəngəl, bıçaqdan istifadə etmək ehtiyacı olmamışdır. Üstəlik, dinimizdə yeməyi əllə yemək, onun bərəkətinin artırılmasına vəsilə olaraq buyurulmuşdur.

Məsələ belədirsə, məncə, çəngəl-bıçaq işində bacarıqsızlığımızı əskiklik kimi görməməliyik, əksinə, bu gün belə Avropanın əldə edə bilmədiyi bədən təmizliyinin zirvəsini əldə etmiş bir insan, bir xalq, bir qövm olaraq bundan məmnun olmalıyıq.

Bu sözlərimi çəngəl-bıçaqdan imtina edək mənasında da anlamayın, əksinə, istəyənlər, buyursun, nə ilə istəyir, yesinlər, başqalarının gözündə mədəniyyətsiz görünməsinlər, amma müsəlman adət-ənənələrini də xor görməsinlər.

Hamınıza nuş olsun!

Nazim Əkbərov