70 minə yaxın vergi ödəyicisi səyyar yoxlamalardan azad olur

0
682

 

Vergilər Nazirliyində Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında adıçəkilən nazirliyin qarşısında qoyulmuş tapşırıqlara həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, iclasda çıxış edən vergilər naziri Fazil Məmmədov bildirib ki, illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş verib ki, bu da obyekti olan 70 minə yaxın vergi ödəyicisini əhatə edəcək. cari ilin 9 ayı ərzində bu qəbildən olan nəzarət tədbirlərinin sayı 20 mindən çox olub.

Vergi ödəyicilərinə xidmət sahəsində fəaliyyətin fəallaşdırılmasının zəruriliyini qeyd edən F. Məmmədov biznes mühitinin yaxşılaşdırılması, vergilərin ödənilməsi sahəsində sahibkarların qarşılaşdığı bütün problemlərin aradan qaldırılması üçün vergi ödəyiciləri ilə əməkdaşlığın aktivləşdirilməsi, kiçik və orta biznesə göstərilən ünvanlı xidmətlərin genişləndirilməsi, vergi ödəyicilərinin vaxtında məlumatlandırılması, xüsusilə regionlarda çalışan sahibkarlara vergi öhdəliklərinin yerinə yetirilməsində hüquqi, texniki və əməli köməkliklərin göstərilməsi, partnyorluq münasibətlərinin dərinləşdirilməsi, bu işlərə “vergi dostları”nın daha geniş cəlb edilməsi barədə xidmət strukturlarına müvafiq göstərişlər verib.

Dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafının, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişlənməsinın vergi orqanlarının qarşısında duran əsas vəzifələrdən biri olduğunu xatırladan nazir kiçik dövriyyəyə malik sahibkarlıq subyektlərinə münasibətdə vergi xidmətinin nəzarətedici orqan kimi yox, daha çox tərəfdaş kimi çıxış etməli olduğunu, sahibkarlara bir addım daha yaxın olmağı, kiçik məbləğli cərimələrin tətbiqinə yol açan halların aradan qaldırılıması üçün ilk növbədə vergi orqanlarının xidmət strukturlarının daha fəal işləməli olduğunu vurğulayıb.

Dövlətdən sosial yardım alan vətəndaşların bəyannamə təqdim etməməsi kimi hallara görə cərimələnməsinin yolverilməz olduğunu bildirən nazir bəyannamələrin vaxtında təqdim olunmasına köməklik göstərilməsi yolu ilə xidmət rəhbərlərindən belə halların tamamilə aradan qaldırılmasını tələb edib.