“Kənddə inkişaf olsa, şəhər də ac qalmaz”

0
470

Bir çoxları kənd yerinə ancaq istirahətə gedir, çox zaman kənd həyatının çətinliyi barədə fikirləşmir. Dağların, meşələrin, samovar çayının gözəlliyindən sevgi ilə danışıb “kənd gözəldir” deyirik. Ancaq kənd insanı bəzən belə düşünmür. Kəndin gözəlliyi, təmiz, səfalı havası olsa da, özünə görə problemləri də az deyil. Amma bu çətinliklərə rəğmən, heç də hər kəs kəndi atıb şəhərli olmağa çalışmır. Çünki bu dünyada hər kəs ona verilən ömür payını bir cür yaşayır…

Hər gününün qədrini bilənlər, üzərlərinə düşən işin məsuliyyətini anlayanlar, özlərini unudaraq cəmiyyətə, insanlara xeyir verməyə çalışanlar kifayət qədərdir. Bu məsələdə qadınların da üzərlərinə böyük iş düşür. Müsahibimiz – ömrünün 20 ilini pambıq tarlalarında keçirən, kəndin, belə demək mümkünsə, bütün ağırlıqlarını öz çiyinlərində çəkən 64 yaşlı Saniyə Ridvanova da belələrindəndir. Saniyə xanım təkcə öz ailəsi üçün çalışmır, həm də kənd icmasının sədridir; kəndin həm ağbirçəyi, həm də qayğıkeç bir anasıdır. Ötən saylarımızda Saniyə xanım haqqında bir yazı yazmışdıq. Bu dəfə isə Saniyə xanımın yaşadığı Yevlax rayonunun Nemətabad kəndində olduq. Onunla söhbət zamanı aydın oldu ki, Saniyə xanım heç vaxt işdən “yoruldum” demir. Qeyd edək ki, Yevlax rayonunun Nemətabad kəndində yaşayan Ahıska türklərindən olan keçmiş pambıq ustası Saniyə xanım ailəsi ilə birlikdə 1944-cü ildə ata-baba torpaqlarından Orta Asiyaya sürgün edilib.1963-cü ildə isə Azərbaycana köçüblər. Ağstafa rayonunda məskunlaşıblar. Saniyə xanım Yevlax rayonunun Nemətabad kəndinə gəlin köçüb. Özünün dediyi kimi, gəlin köçdüyü evin ailəsi çox böyük və kasıb ailə olduğuna görə anası qızının çətinliklərlə üzləşəcəyindən narahat olurmuş. Lakin Saniyə xanımın qoçaqlığı, mərdliyi, mətinliyi bu çətinliklərə üstün gəlib. Saniyə xanım bizimlə söhbətində bildirdi ki, sovet dövrünün kəndi indikindən çox fərqli imiş: “O vaxtı yaşamaq üçün normal şərait yox idi. Su, qaz problemi var idi. Suyu Kür çayından daşıyırdıq. Kolxozda kəndin bütün qadınları çalışırdılar. Mən təkcə pambıq yığmaqla kifayətlənmədim, həm də kəndin ictimai işlərində yaxından iştirak etdim. Kənddə heç nə yox idi. Körpü bərbad vəziyyətdə idi. Tibb məntəqəsi, bərbərxana, mədəniyyət evi və digər kəndə lazım olan obyektlər yox idi”.

“Kəndin əhalisi çox çətinliklər çəkirdi”,-deyə qeyd edən müsahibimiz 2001-ci ildə kənddə “Nemətabad icması” yaradıldığını bildirdi: “Kənd camaatı bu icmaya məni təyin etdilər. Qeyri-Hökumət Təşkilatı (QHT) tərəfindən yaradılan “Yoxsulluğun azaldılması” proqramı çərçivəsində 13 layihə hazırlayıb həyata keçirdim. Bu layihələr nəticəsində Nemətabad kəndi bu gün abad günlərini yaşayır. Qadın olmağıma baxmayaraq, var qüvvəmi toplayıb əlimdən gələn hər bir işə qol qoydum. Əvvəllər qadın əməyini yüngülləşdirmək üçün bazarı qapıya gətirdik. Qadınlarımızın öz məhsullarını bazara aparıb-gətirmələri çox problem yaradırdı. Çünki qadının ən çox vaxtı yollarda keçirdi. Biz bu proqramı işləyib, kənddə süd məntəqəsi bərpa etdik. Biləsuvar Süd Məntəqəsi ilə müqavilə bağladıq. Bununla biz qadın əməyinin yüngülləşməsinə nail olduq. İndi isə daha yeni layihələr üzərində işləyirik. Belə ki, kənd təsərrüfatını inkişaf etdirmək üçün yeni layihələr hazırlanır. Maldarlığın daha da inkişafı üçün yem sexi nəzərdə tutmuşuq. İstəyirik ki, qadınlarımız əzab çəkməsinlər. Hər kəs yaxşı bilir ki, kəndçi ziyan görəndə çox əzab çəkir. Bilirsinizmi, kənddə yaşayan insan kəndli kimi yaşamalıdır. Şəhərli də desin işsizəm, kəndçi də desin işsizəm. Kəndçi necə işsiz ola bilər? Ulu öndərimiz hələ biz o vaxtı qaçqın düşəndə kəndçiyə pay torpaqları verdi, vətəndaşlıq verdi. Bu gün əksər kənd yerlərində hər ailənin azı bir neçə hektar torpağı var. Torpağı olan adam işsiz olarmı? Bu isə torpağa kəc baxmaq deməkdir. Mən özüm əməyi sevən qadınam. Gəlinlərimə də deyirəm ki, uşaqlarınızı əməyə alışdırın”.

“Kəndçi öz əlinin əməyi ilə dolanmalıdır”,-deyən müsahibimiz bildirdi ki, əgər kənddə inkişaf olsa, şəhər də bundan geniş mənada faydalanar: “İndi kənddə yaşayan da bazara gedir, şəhərli də. Vallah, mən bazara getməyə utanıram. Niyə? Ona görə ki, bazarda satılan elə mənim qapımda var. Onu da mənim bu əllərim becərir. Əziyyət çəkəsən ki, bəhrəsini də görəsən. Hər bir ailədə belə olmalıdır. İndi hər şeyi pulla ölçürlər. Mənim heç vaxt çoxlu pulum olmayıb, heç olmağını da istəmirəm. Çalışırıq ki, kənddə həm qadınları, həm də gəncləri işə cəlb edək. Bizim Nemətabad kəndi hər gün inkişafdadır. Adi misal çəkim – kəndimizdəki uşaq bağçasının heç bir avadanlığı yox idi. Biz yerli QHT-ləri cəlb etməklə bu işin də öhdəsindən gəldik. Elə hər şeyi dövlətin üstünə atmalıyıq? Görün bizim nə qədər qaçqın-köçkünlərimiz var. Yerli də desin mənim problemim var, qaçqında? Biz həm dövlətimizə, həm də qaçqın-köçkünlərimizə əl tutmalıyıq. Mən savadsız bir qadınam. Amma iş bacarığım çox yüksəkdir. Bəzən görürsən ki, bir nəfər gəlib mənə deyir ki, 5 manat borc ver. Mən ona deyirəm ki, bax, gəl sən bu işi gör, həm balanı dolandır, həm də mənim borcumu qaytar. Ona belə deyirəm ki, qoy borcu qaytarmaq üçün məsuliyyət daşısın. Gününü ondan-bundan borc almaqla keçirməsin. Yəni bu gün insan ac qalırsa, bu onun öz günahıdır, əli-qolu, canı salamat olan niyə ac qalmalıdır?”

Bəli, biz belə əməksevər, xeyirxah, zəhmətkeş insanlardan nümunə, ibrət götürməliyik. Saniyə xanıma uzun ömür, cansağlığı arzulayırıq ki, ölkəmizin tərəqqisinə, xalqımızın rifahının yaxşılaşması işinə daha çox töhfə versin. Bizim də borcumuz belə zəhmətkeş insanları xalqımıza tanıtmaq və əməyin insan həyatında böyük rol oynadığını təsdiqləməkdir.

Esmira Hidayətova, Mingəçevir