“İşğalla bağlı qətnamələrin kağız üzərində qalması BMT-nin etimadlılığına xidmət etmir”

0
508

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin 70 illiyi ilə əlaqədar Bakıda keçirilən konfransda çıxış edib.

E. Məmmədyarov Azərbaycanda yüksək qiymətləndirilən bu universal təşkilatın ildönümündə iştirak etməkdən məmnun olduğunu deyib: “BMT-nin idealları Azərbaycan xalqı və hökuməti tərəfindən geniş dəstəklənir və paylaşılır. Şəxsən mən peşəkar fəaliyyətim boyu BMT-də və BMT ilə yaxından çalışdığım üçün qürur hissi duyuram. Ötən 70 il ərzində BMT beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması, dövlətlər arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığa nail olunması kimi nəcib məqsəd uğrunda fəaliyyət göstərən universal təşkilat olaraq özünü qətiyyətlə formalaşdırıb. Təşkilatın Nizamnaməsində əksini tapmış məqsəd və prinsiplər daha dinc, firavan və ədalətli dünyanın bərqərar olması üçün möhkəm əsas yaradıb. Lakin bu 70 il ərzində beynəlxalq təhlükəsizlik mühiti əhəmiyyətli dərəcədə dəyişib. Təhdidlər daha mürəkkəb və bir-biri ilə əlaqəli olub. Beynəlxalq münasibətlərdə qüvvələr balansı da dəyişib”.

Nazir təəssüflə vurğulayıb ki, dünya beynəlxalq təhlükəsizlik vəziyyətinin pisləşməsi və insan faciəsinin artması ilə üzləşməkdə davam edir və bu problemlərin həlli BMT-dən böyük resurslar tələb edir: “Bu, həmçinin üzv dövlətlər tərəfindən BMT-nin məqsəd və prinsiplərinin sədaqətlə həyata keçirilməsinə ehtiyac olduğunu göstərir. 2 mart 1992-ci ildə BMT-yə üzv qəbul olunmasından bəri Azərbaycan Respublikası BMT Nizamnaməsinə qəti öhdəliyini davamlı olaraq nümayiş etdirib. Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanmasında səylərin artırılması məqsədilə dünyanın müxtəlif hissələrində BMT-nin sülhməramlı əməliyyatlarına öz hərbi heyəti ilə töhfə verib. 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü dövründə Azərbaycan beynəlxalq hüququn məcburiliyini müdafiə edib və Şuranın fəaliyyətində aktiv iştirak edib. BMT çərçivəsində müəyyən olunmuş inkişaf məqsədlərinə sadiq dövlət kimi Azərbaycan onları özünün milli məqsədlərinə daxil edib və inkişaf sahəsində, xüsusilə sürətli və davamlı inkişafın, həmçinin universal orta təhsilin təmin olunması, kəskin yoxsulluq və aclığın aradan qaldırılması və gender bərabərliyinin təşviq edilməsində əhəmiyyətli nəticələr qazanıb. Azərbaycan Minilliyin İnkişaf Proqramının həyata keçirilməsində müstəsna nailiyyətlərinə görə 2015 Cənub-Cənub mükafatına layiq görülüb. İnsan ölçüləri məsələsində Azərbaycan xalqlar arasında tolerantlıq, multikulturalizm və anlaşmanı təşviq edir. Biz fəxr edirik ki, Avropa qitəsinin tarixində 50 ölkədən 6000 idmançının iştirak etdiyi ilk Avropa Oyunları bu il Bakıda keçirilib və 2017-ci ildə Azərbaycan İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Biz həmçinin 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu da keçirməyi planlaşdırır və bu tədbirin praktiki nəticələrinə güvənirik. Milli səviyyədə sürətli inkişaf Azərbaycanın meydana çıxan donor statusunda rəsmi inkişafa yardım istiqamətində yeni mərhələyə qədəm qoymasına imkan yaradıb. Keçən illərdə ölkəmiz Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi – AİDA və digər kanallar vasitəsilə inkişaf etməkdə olan ölkələrin üzləşdiyi humanitar və sosial-iqtisadi çağırışlara cavab verməkdə davam edib. BMT agentlikləri ilə əməkdaşlıq şəraitində inkişafa hədəflənmiş proqramların hazırlanması və həyata keçirilməsi Azərbaycanda Minilliyin İnkişafı Məqsədlərinin müvəffəqiyyətlə həyata keçirilməsini asanlaşdıran vacib ünsürlərdən biri olub. Biz BMT ölkələr qrupunun indiyə qədər Azərbaycana verdiyi töhfəni yüksək qiymətləndiririk və BMT sistemi, xüsusilə Minilliyin İnkişaf Məqsədlərindən başlayaraq Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinədək uğurları qoruyub saxlamaqda kömək edən BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycanda davamlı fəaliyyətini və Azərbaycana dəstəyini səbirsizliklə gözləyirik. Biz o fikirdəyik ki, BMT inkişaf agentlikləri, xüsusilə BMT İnkişaf Proqramı ən yaxşı praktiki və innovativ ideyaları paylaşmaq üçün üzv dövlətlərdə fəaliyyətini və mövcudluğunu artırmalıdır. Bu baxımdan biz inanırıq ki, uğurla müzakirə olunmuş 2016-2020-ci illər üçün nəzərdə tutulmuş BMT-Azərbaycan Əməkdaşlıq Çərçivəsi sənədi Azərbaycan və BMT ölkələr qrupu arasında əsas milli inkişaf prioritetlərinin, eləcə də davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində gələcək əməkdaşlıq üçün yeni bələdçi rolunu oynayacaq. Fürsətdən istifadə edərək, mən BMT-nin rezident-əlaqələndiricisinə və bütün BMT ölkələr qrupuna iki onillikdən çox müddət ərzində Azərbaycana göstərdikləri dəyərli dəstəyə və məhsuldar əməkdaşlığa görə təşəkkür etmək istərdim. Xüsusilə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlıq Ofisi tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərə göstərdiyi qiymətli humanitar yardımı minnətdarlıq hissi ilə xatırlamaq istərdim”.

E. Məmmədyarovun sözlərinə görə, bütün bu nailiyyətlər BMT Nizamnaməsinin və bütövlükdə təşkilatın məqsəd və prinsiplərinə ciddi zərbə vuran Ermənistanın hazırda davam edən hərbi təcavüzü və işğalının ağır nəticələrinə baxmayaraq əldə edilib: “Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına cavab olaraq, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən Azərbaycan torpaqlarının işğalını pisləyən və onun suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti təsdiq edən qətnamələr qəbul olunub. Bu qətnamələrin kağız üzərində qalması BMT-nin etimadlılığına xidmət etmir. Azərbaycan BMT Nizamnaməsi, xüsusilə onun 51-ci maddəsi çərçivəsində təsbit olunmuş hüquqlarına zərər gəlmədən münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Ermənistan hökuməti dərk etməlidir ki, başqa bir dövlətin ərazilərinin hərbi işğalı həll yolu deyil və onun status-kvoya arxalanması səhv, əks effektli və təhlükəlidir. Azərbaycan heç vaxt özünün ərazi bütövlüyünü, vətəndaşlarının təcavüz nəticəsində pozulmuş hüquq və azadlıqlarını güzəştə getməyəcək. Bütün bu problem və çətinliklərə baxmayaraq, Azərbaycan nikbindir və BMT-nin məqsəd və prinsiplərinə sadiq qalır. Mən BMT Nizamnaməsinin dəyər və əhəmiyyətinə, onun sonrakı onilliklərdə beynəlxalq ictimaiyyətə bələdçilik etməkdə davam edəcəyinə güclü inam ifadə edərək, fikrimi yekunlaşdırmaq istərdim”.

“Azərbaycan dünyada bir sıra

problemlərin həllinə dəstək verir”

“BMT-nin Bakı ofisinin ilkin mandatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı humanitar böhranın aradan qaldırılması və qaçqınların problemlərinin həlli olub. Lakin Azərbaycanda vvziyyət dəyişdiyindən BMT burada mandatını dəyişib”. Bunu BMT-nin Bakı ofisinin rezident-əlaqələndiricisi Antonius Bruk “Azərbaycan-dayanıqlı inkişaf məqsədləri” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda BMT Bakı ofisi daha çox iqtisadi layihələrə, yaşayış standartlarına diqqət yetirir. “Azərbaycan dünyada bir sıra problemlərin həllinə dəstək verir. Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkənin xarici siyasətində mühüm hadisə idi. Bu, Azərbaycanın imkanlarını genişləndirdi, beynəlxalq təhlükəsizlik və sülhə öz töhfəsini verdi. Azərbaycan beynəlxalq problemlərin həllinə dəstək verdi”, – deyə o vurğulayıb.