Məhərrəm ayı və Aşura günü

0
546

Milli-mənəvi dəyərlərimizin formalaşmasında Məhərrəm ayının və bu aya xas dini ritualların mühüm rolu var. Sevimli Peyğəmbərimizin (s.ə.s.) və Onun Əhli-Beytinin yoluna bağlı bir xalq kimi biz Məhərrəm ayının, xüsusilə bu ayda yaşanan hadisələrin mahiyyətinə nüfuz etməyi öyrənməliyik. Hər şeydən əvvəl onu vurğulayaq ki, Məhərrəm haram aylardandır. Yəni haram olan əslində bu ayda müharibə etmək, qan tökmək, dünya nemətləri uğrunda başqalarının haqqına təcavüz etməkdir. Doğrudur, bu saydıqlarımız ilin bütün aylarında haramdır, günahdır, ancaq haram aylar adlanan aylarda bu günahın dərəcəsi daha da yüksək olur. Quranla gələn İslamdan öncə belə bu aylar gələndə Kəbə ətrafında həyat dəyişər, savaşlara, kütləvi iğtişaşlara son qoyulardı.

Məhərrəm ayı və bu aydakı Aşura günü ilə bağlı oxucularımıza daha geniş məlumat verə bilmək üçün ilahiyyatçı Rövşən Məmmədovla görüşdük və ondan öyrəndiklərimizi diqqətinizə təqdim edirik.

– Rövşən müəllim, Hicri təqvim haqqında nə deyə bilərsiniz?

– Hicri-qəməri təqvimi Rəsulullahın (s.ə.s) Məkkədən Mədinəyə hicrəti ilə (16 (23) iyul 622-ci ildə) başlamışdır. Hicri təqvimdə günlər ayın sferalarına (dairəvi hərəkətinə) görə təyin edilir.

Ayın hilal formasında göründüyü ilk gecə hicri təqvimin başlanğıcı sayılır. Ayın yerin ətrafında (orbitində) tam dövrə vurmasına qədər keçən müddət bir ay, on iki ay isə bir il olaraq hesablanır. Hicri aylar bunlardır: Məhərrəm, Səfər, Rəbiüləvvəl, Rəbiülaxir, Cəmadiyaləvvəl, Cəmadiyalaxir, Rəcəb, Şəban, Ramazan, Şəvval, Zilqədə və Zilhiccə. Ayın orbitində tam dövrə vurması bəzən 29, bəzən də 30 gün olur. Buna görə də hicri aylar bəzən 29, bəzən də 30 gün olur. Bu il hicri təqvimlə 1437-ci ildir.

– Miladi təqvimlə hicri təqvimin fərqi nədir?

– Miladi təqvim yerin günəş ətrafında birillik dövrünə görə hesablanır. Hicri aylar Ayın Yer ətrafında dönməsinə görə tənzimlənir. Ay təqvimində bir il 354 gündür. Miladi təqvimdə bir il 365-66, hicri təqvimdə isə 354-55 gün olaraq hesablanır. Buna görə də hicri təqvimlə miladi təqvim arasında təxminən on, bəzən də on bir gün fərq yaranır. Bu fərqə görə Ramazan ayı ilin bütün fəsillərinə düşür. 36 il oruc tutan insan ilin bütün günlərində oruc tutmuş sayılır. Miladi təqvimdə isə aylar və günlər sabitdir.

– Hicri təqvim necə ortaya çıxdı?

– İslamdan əvvəl ərəblər ən əlamətdar hadisələri tarixin başlanğıcı sayır, sonrakı illəri ona nisbətən hesablayırdılar. Məsələn, Hz. Peyğəmbərin (s.ə.s) beşinci nəsildən ulu babası Qüsayy ibn Kilabın vəfat ili, daha sonra isə “Fil döyüşü”nün baş verdiyi il ərəblərin tarix başlanğıcı hesab edilirdi. Sonrakı illəri “Fil ilindən bir il sonra”, “Fil ilindən iki il sonra” və s. ardıcıllıqla müəyyən edirdilər. İslamın gəlişindən sonra da müsəlmanlar Ficar savaşının, Vida həccinin və sairə bu kimi mühüm hadisələrin baş verdiyi illəri təqvim başlanğıcı kimi dəyərləndirirdilər. Ancaq bütün bunlar insanlar arasında qarışıqlıq yaradırdı. Hz. Ömərin (r.a) xilafəti dövründə bu qarışıqlığı aradan qaldırmaq üçün o, mövzunu digər səhabələrlə məsləhətləşdi. Bu dövrlərdə ortaya çıxan bəzi hadisələr də bunun vacibliyini göstərirdi. Yəmən valisi Yala ibn Ümeyyə Hz. Ömərə (r.a) gün, ay və ili məlum olmayan bir məktub göndərir. Bəsrə valisi Əbu Musa əl-Əşariyə (r.a) ili yazılmayan, sadəcə, Şaban ayı qeyd edilən bir sənəd gətirilir. Bu sənəddə nəzərdə tutulan Şaban ayının həmin ilə, yoxsa gələcək ilə aid olduğu məsələsi qəti olaraq anlaşılmayınca ixtilaf yaranır. Bu kimi hadisələr təqvimə olan ehtiyacı ortaya çıxardı. Səhabələr bu haqda öz aralarında məşvərət elədilər. Başlanğıc olaraq İran, yunan və başqa ölkələrin təqvimlərini əsas götürmək haqqında təkliflər irəli sürdülər. Ancaq bu təkliflər qəbul edilməyincə, Hz. Əli (r.a) bu yeni təqvimi hicrətin başlanğıcından hesablamaq təklifini irəli sürdü. Onun bu fikri çox bəyənildi. Peyğəmbərimiz (s.ə.s) Məkkədən Mədinəyə Rəbiüləvvəl ayında hicrət etmişdi. Ancaq qəməri il Məhərrəm ayı ilə başladığından tarix iki ay səkkiz gün geri çəkilib, hicri təqviminin başlanğıcı 23 iyul 622-ci il olaraq qəbul edildi.

– Hicri təqviminin başlanğıcını yeni il kimi qeyd etmək olar?

– İslamda hansı günlərin bayram sayıldığı məlumdur. Hicri təqviminin yeni il olaraq qeyd edilməsi Quran və Sünnədə yoxdur. Çünki Peyğəmbərimizin (s.ə.s) dövründə hələ hicri təqvim qəbul olunmamışdı. İnanan insanın üzərinə düşən vəzifə ilin, sadəcə, müəyyən günlərində yox, bütün günlərində Allahın rizasına aparan əməllər işləməyə, Onun razılığını qazanmağa çalışmaqdır. Yəni Allahın rizasına yaxınlaşdığımız hər gün bizim üçün sevindirici olmalıdır. Hicri təqvimin başlanğıcını təbrik eləmək olar.

– Məhərrəm ayı və Aşura günü nə deməkdir?

– Məhərrəm “haram olan, qadağan edilən, müqəddəs və hörmət edilən” deməkdir. Məhərrəm ayı haram sayılan dörd hicri aydan birincisidir. Quranda Məhərrəm sözü ay adı kimi ifadə olunmur. Lakin dolayı olaraq döyüşün haram olduğu aylardan bəhs olunur və bu aylara hörmət göstərmək əmr edilir. Peyğəmbərimiz (s.ə.s) ayədəki haram ayların Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb ayı olduğunu bildirmişdir.

Məhərrəm ayının özünəxas xüsusiyyətlərindən biri bu ayda Aşura gününün olmasıdır. Aşura “onuncu gün” deməkdir; hicri təqviminin ilk ayı olan Məhərrəm ayının onuncu günüdür. Bu günə “aşura” deyilməyinin səbəbi Allahın məhz həmin gün on peyğəmbərinə etdiyi lütflərə bağlıdır.

– Aşura günü baş verən hadisələr hansılardır?

– Bəşər tarixində bir çox mühüm hadisələr məhz Aşura günündə baş vermişdir:

1. Aşura günü Allah-Təalanın bəxş etdiyi möcüzə ilə dəniz yarılmış, Hz. Musa (ə.s) Firon və ordusunun təqibindən xilas olmuşdur. Firon və ordusu sulara qərq olmuşdur.

2. Hz. Nuhun (ə.s) gəmisi Cudi dağının üstünə Aşura günü çıxmışdır.

3. Hz. Yunus (ə.s) balığın qarnından bu gün xilas olmuşdur.

4. Hz. Adəmin (ə.s) tövbəsi həmin gün qəbul edilmişdir.

5. Hz. Yusuf (ə.s) qardaşlarının atdığı quyudan Aşura günü xilas olmuşdur.

6. Hz. İsa (ə.s) Aşura günündə dünyaya gəlmiş və yenə həmin gün səmaya yüksəldilmişdir.

7. Hz. Davudun (ə.s) tövbəsi həmin gün qəbul edilmişdir.

8. Hz. İbrahimin (ə.s) oğlu Hz. İsmail (ə.s) Aşura günü dünyaya gəlmişdir.

9. Hz. Yaqubun (ə.s) oğlu Hz. Yusifin (ə.s) həsrəti ilə görmə qabiliyyətini itirən gözləri Aşura günü işığına qovuşmuşdur.

10. Hz. Əyyub (ə.s) bu gün xəstəliyindən şəfa tapmışdır (Təbərani).

Və ürək ağrısı ilə qeyd etməliyik ki, Rəsulullahın (s.ə.s) nəvəsi Hz. Hüseyn (r.a) və onun ailə üzvləri, yaxınları hicrətin 61-ci ilində Aşura günü Kərbəlada şəhid edilmişdir.

– Aşura günü oruc tutmaq olar?

– Onu qeyd edək ki, Məhərrəm ayı və Aşura günü yəhudi və xristianlara görə də müqəddəs sayılırdı. Peyğəmbərimiz (s.ə.s) də Məkkədə olarkən özü bu orucu tutmuşdur. Daha sonra Rəsulullah (s.ə.s) Mədinəyə hicrət edəndə yəhudilərin Aşura günü oruc tutduqlarını gördü və: “Bu oruc nədir?” deyə soruşdu. Onlar: “Bu gün çox gözəl gündür. Allah Təala bu gün Hz. Musanı (ə.s) və İsrailoğullarını düşməndən qurtarmışdır. Bu səbəblə Hz. Musa (ə.s) bu gün oruc tutmuşdur”. Peyğəmbərimiz (s.ə.s) də: “Mən Musaya sizdən daha yaxınam”, – buyuraraq, bu gün oruc tutmağı əmr etdi. Bu vəziyyət Ramazan orucu fərz qılınana qədər davam etdi. Ramazan orucu fərz buyrulandan sonra Allah Rəsulu (s.ə.s) insanları Aşura orucu tutub-tutmamaqda sərbəst buraxdı. Yəni istəyən Aşura orucunu tuta bilər, istəyən də tutmazdı. “Bu gün Aşura günüdür. Bu gündə oruc tutmaq sizlərə fərz olmamışdır. Diləyən oruc tutsun, diləyən tutmasın”.

– Məhərrəm ayının neçənci günləri oruc tutmaq olar?

– Peyğəmbərimiz (s.ə.s) bir hədisində belə buyurur: “Ramazan ayından sonra ən fəzilətli oruc Allahın ayı sayılan Məhərrəm ayında tutulan orucdur. Fərz namazlardan əlavə, qılınan ən fəzilətli namaz isə gecə (təhəccüd) namazıdır”. Həmçinin Rəsulullah (s.ə.s) “Ümidvaram ki, Aşura günü tutulan oruc əvvəlki ildə işlənən günahlara kəffarə olar” hədisi ilə ümmətini Aşura orucuna təşviq etmişdir.

İbn Abbasdan (r.a) Rəsulullahın (s.ə.s) Məhərrəm ayının neçənci günü oruc tutduğunu soruşulduqda o, “onuncu”, başqa bir rəvayətdə isə “doqquzuncu” cavabını vermişdir.

Rəsulullah (s.ə.s) möminlərə yəhudi və xristianlara bənzəməmək üçün, sadəcə, Aşura günü yox, Məhərrəm ayının 9-cu və 10-cu, ya da 10-cu və 11-ci günləri, yaxud ən azı iki gün oruc tutmağı tövsiyə etmişdir.

– Aşura günü oruc tutmağın hökmü nədir?

– Məhərrəm ayının 9-10-cu və ya 10-11-ci günləri oruc tutmaq sünnədir. Təkcə 10-cü gün oruc tutmaq məkruhdur.