Tac xalqına xidmət etmək üçündür

0
414
Bir vaxtlar bir padşahın iki əkiz oğlu var idi. Ancaq padşah ondan sonra kimin taxta çıxacağına qərar verə bilmirdi.
 Gəncləri tanıyanlar da onların zəkada, ağılda, gücdə bir olduqlarını deyirdi. Ona görə də, padşah bir gün oğullarını hüzuruna çağırdı və: “Oğullarım!..” – dedi, – “Gec və ya tez ikinizdən biriniz mənim taxtımda oturacaq. Ancaq kimin bu taxta layiq olduğunu öyrənmək üçün sizi ölkənin uzaq bir guşəsinə göndərəcəyəm. Üstəlik, səfərə çıxmazdan əvvəl hər birinizin başına bir tac qoyacağam. Kim bu tacı daha yaxşı qorusa, məndən sonra taxta o keçəcək. Bir də unutmayın ki, sizinlə birlikdə mənim əyanlarım da olacaq və səfərdən sonra sizin haqqınızda mənə danışacaq”…

Beləcə əkiz qardaşlar yola düzəldilər. Ancaq nə qədər hiss etdirməsələr də, öz aralarında dostcasına bir rəqabət aparırdılar. Gənclərdən biri yolda rast gəldiyi adamlara yuxarıdan aşağı baxır və tez-tez başındakı tacı düzəldərək təkəbbürlə addımlayırdı. Ancaq o biri gənc əksinə qarşılaşdığı adamlara gülər üz göstərir və bacardığı qədər təvazökar olmağa çalışırdı. Çox keçmədi ki, yolda yaşlı bir qadına rast gəldilər. Yaşlı qadının belində ağır bir yük var idi və bükülmüş beli ilə bu yükü daşımaqda çətinlik çəkirdi. Təvazökar qardaş o birinə: “Gəl, bu qadına kömək edək”, – deyə təklif etdi. Təkəbbürlü qardaş isə: “Mənim vəzifəm başımdakı tacı qorumaqdır. Bu iş o yaşlı qadına kömək etməkdən daha vacibdir”, – deyə etiraz etdi. Bunu deyib təkəbbürlü qardaş öz yoluna davam etdi. Ancaq təvazökar qardaş geridə qalıb yaşlı qadına kömək etdi. Üstəlik, qadının yükünü daşıyanda tacı dəfələrlə yerə düşdü və hər dəfə yerə düşəndə toza-torpağa bulaşdı. Ancaq təvazökar qardaş bununla da kifayətlənmədi və yolda köməyə ehtiyacı olan kimi görsə, ona kömək etdi. Bəzən yoluna bir kor, bəzən də yoluna bir şikəst çıxdı. Ancaq yenə də onlara kömək etməmiş yoluna davam etmədi. Nəhayət, təvazökar qardaş səfərini başa vurub saraya qayıtdı. Ancaq təkəbbürlü qardaş saraya ondan əvvəl çatmışdı. Və tacını “sağ-salamat” atasına qaytarmışdı. Təvazökar qardaş da tacını atasına qaytardı. Ancaq tacının kirli və tozlu olduğunu görəndə utandı. Artıq bundan sonra utanmağın da bir faydası yox idi. Sonra səfərdə qardaşlara “yoldaşlıq edən” əyanlar padşaha yaxınlaşdılar və səfərdə qardaşların başlarına gələnləri padşaha danışdılar. İndi hamı padşahın qərarını gözləyirdi. Padşah dərindən bir nəfəs aldı və ona gözləyənlərin təəccüblü baxışları altında təvazikar qardaşı öz taxtına varis elan etdi: “Məndən sonra bu oğlum taxta çıxacaq. Çünki taca ən layiq olan odur. Unutmayın ki, tac xalqına xidmət etmək üçündür, hökm etmək üçün deyil”…