“Rəssamlar da şairlər kimi çox mütaliə etməlidirlər”

0
888

Qvami Məhəbbətoğlu
Rəssam Kirman Abdin 1959-cu ildə Şahbuz rayonunun Külüs kəndində anadan olub. 1982-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu, 1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsini tətbiqi qrafika ixtisası üzrə bitirib. 1989-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1984-cü ildən respublika və keçmiş SSRİ-nin ümumittifaq və beynəlxalq sərgilərinin iştirakçısıdır.
O, 2000-ci ildə Türkiyənin Standartlaşdırma İnstitutunun keçirdiyi beynəlxalq yarışda 3-cü yerə, 2001-ci ildə İranda beynəlxalq karikatura yarışmasında “Uğur” mükafatına layiq görülüb. 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin, həmçinin FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. Mütəxəssislər onu həm də müxtəlif mövzulu qrafik əsərlər silsiləsinin müəllifi kimi çox bəyənirlər. Kirman Abdinin son illər kompyuter qrafikasında işlədiyi əsərlər də mövzu zənginliyi baxımından daha çox maraq doğurur. Onu da qeyd edək ki, Kirman Abdin həm də plakatçı-rəssamdır. Üç il öncə onun fərdi bədii plakat sərgisi də təşkil olunub. Bu sərgidə 50-dən çox əsəri nümayiş olunub. O hazırda da bu sahədə öz sözünü deyir.

Rəssam Kirman Abdin hazırda çağdaş Azərbaycan poeziyasının klassiklərindən olan Xalq şairi Məmməd Arazın şeirləri əsasında illüstrasiyalar üzərində işləyir. Dediyinə görə, 20-dən çox illüstrasiya artıq hazırdır. O, həmin əsərlərini gələn ilin yazında sənətsevərlərə, Məmməd Arazı sevənlərə təqdim etmək niyyətindədir. Elə rəssamla da söhbətimiz bu mövzudadır.

– Kirman müəllim, Məmməd Araz yaradıcılığına müraciətinizin, yəqin ki, bir səbəbi var…
– Bəri başdan deyim ki, mən poeziya həvəskarıyam. İstər məktəb, istərsə də tələbəlik illərində həmişə yeni şeirləri oxuyar, əgər belə demək mümkünsə, onlardan könlümə yatanları əzbərləməyə çalışardım. Nə gizlədim, yaddaşıma ən çox yüklədiyim, həkk etdiyim Məmməd Araz idi. Elə indi də onun şeirlərinə tez-tez müraciət edirəm. Məncə, Məmməd Araz ən uca fikir zirvəsidir. Onun poetik ifadələrinin alt qatında böyük hikmətlər var. Onları aforizmə çevirmək, nəğməyə, musiqiyə salmaq, təsviri sənətə gətirmək isə bizlərin üzərinə düşür.
Mən bir rəssam kimi deyə bilərəm ki, Məmməd Araz sözün min bir rəng çalarının rəsmini çəkən bir şairdir. Sözün düzü, elə onun bu rəssamlığı məni valeh etdi və mən onun fikirlərini, düşüncələrini illüstrasiyalarla bir daha sənətsevərlərə çatdırmağı qərara aldım. Yeri gəlmişkən, rəssamlıqda böyük sənət əsərlərinə bir baxış məsafəsi var. Böyük sənət əsərlərinə nə qədər uzaq məsafədən baxsan, o qədər də o əsər nöqsansız, bütöv və möhtəşəm görünər. Məmməd Araz yaradıcılığı da məhz bu möhtəşəmliyi ilə seçilir.
araz1– Kirman müəllim, Məmməd Arazın yaradıcılığında mayası nur, qayəsi nur olan məmləkət, ayağa qaldırmaq istədiyi və qaldırdığı Vətən və bir qədər də giley vardı. O, yaza-yaza sanki ağrıyırdı, qovrulurdu. Bu mənada Məmməd Arazı elə Məmməd Araz kimi təqdim etmək çətin olmayacaq ki?
– Əlbəttə, mən bu işin ağırlığını yaxşı başa düşürəm. Odur ki, şairin bu ya digər şeirinə illüstrasiya çəkəndə həmin əsəri dəfələrlə oxuyur, nə demək istədiyini dərindən duymağa, çalışıram. Bir sözlə, yaxşı başa düşürəm ki, çəkdiyim hər bir əsərdə özünəməxsus müdrikliklə, həm də istehza ilə bütün “mənəm-mənəm” deyənlərə “Dünya sənin, dünya mənim, dünya heç kimin”, içimizdə özünü azərbaycanlı hesab edən, lakin bu xalqın taleyindən heç xəbərləri belə olmayanlara “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı”, – deyən Məmməd Araz daha əzəmətli görünməlidir. Yeri gəlmişkən, onu da deyim ki, Məmməd Araz poeziyasında daş motivi bütövlük, Vətənə, torpağa bağlılıq, əsl vətəndaşlıq mənalarını ifadə edir. Şair hətta özünü şeirlərindən birində milli şeirimizin “daş əsgəri” adlandırır. Təsadüfi deyildir ki, şairin kitablarından biri də “Daş harayı” adlanır.

“Məsləhətçim
elə şairin özüdür”
– Sizin sözlərinizdən belə başa düşdüm ki, şairin hər bəndi, misrası sanki bir illüstrasiyadır.
– Elədir, odur ki, mən onun bəzi misralarına, beyt və bəndlərinə də illüstrasiyalar çəkirəm. Məsələn:
Ey ilham pərisi varsansa əgər
Bu axşam üstümə qanadını gər.
– Bu əsərlərin ərsəyə gəlməsində kimlərinsə yardımına ehtiyac duyursunuzmu?
– Əsla. Bayaq dediyim kimi, o, sözün min bir rəng çalarının rəsmini çəkən bir şairdir. Bu mənada bu işdə mənim məsləhətçim elə Məmməd Araz poeziyasıdır. Daha doğrusu, elə şairin özüdür. Baxın, şair nə deyir:
Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü sıx, hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.
Və yaxud:
Qara Çoban, Dəli Domrul oğulların!
Çək sinənə – qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə
Bu misralarla şair özü elə tablolar yaradıb da. Mən hələ onun “Qayalara yazılan səs” poemasında canlandırdığı təbiət mənzərələrini, peyzaj lirikasının yaddaşlara həkk olunan mükəmməl nümunələrini demirəm. Bir sözlə, Məmməd Araz yaradıcılığında mahir bir şair-rəssam kimi çıxış edir. Belə deyək də… Adətən, bu və ya digər şairin sözlərinə bəstəkarlar tərəfindən mahnılar yazılır. Hərdən bu barədə söz düşəndə bəstəkarlar deyirlər ki, filan şeir o qədər axıcı, o qədər melodik idi ki, ona mahnı bəstələməmək mümkün deyildi. Bu sözləri, təbii ki, Məmməd Araz haqqında da deyirlər. Mən isə belə deyirəm: Məmməd Arazın şeirləri həm də o qədər baxımlıdır ki, onları kətana köçürməmək qəbahətdir.
Buynuzlu qeybətlər, cisimlərarası münasibətlər, dumanlı söhbətlər də M. Araz əsərlərində yer alıb. Məsələn:
Sonradan anladım, xeyli sonradan
Cibə girən olur gözə girənlər.
Başqa bir şeirində isə deyir:
Deyirəm, qoltuğa girən adamdan
Yaxşıdır bir sınıq qoltuq ağacı.
Məncə, onun belə misraları karikaturaçı rəssamlarımız üçün əsas xammaldır.

araz2Şairin tövsiyəsi
– Kirman müəllim, yəqin ki, Məmməd Arazla şəxsi tanışlığınız olub?
– Mən Məmməd Arazın, əgər belə demək mümkünsə, həm kənd qonşusu, həm də redaksiya qonşusu olmuşam. Şairin anadan olduğu Şahbuz rayonunun Nurs və mənim boya-başa çatdığım Külüs kəndlərini bir-birndən ayıran “Düz” deyilən dağdır. Nəşriyyatda sağlamlığına görə tez-tez onu narahat etmirdim. Narahat edəndə də həmişə gülərüzlə, mehribanlıqla qarşılanırdım. Eyni mərtəbədə işləyirdik, o, “Azərbaycan təbiəti” jurnalında, mən isə “Gənclik” jurnalında (sonradan “Tumurcuq” qəzetində).
– Onunla bağlı hər hansı maraqlı bir hadisə, yaxud söhbətlər yaddaşınızda qalıbmı?
– Onunla olan söhbətlərim, təbii ki, yadımdadır. Onlardan birini xatırlatmaq istərdim. Söhbətlərimizin birində o, mənim az kitab oxuduğumu irad tutaraq dedi: “Unutma ki, rəssamlar da şairlər kimi çox mütaliə etməlidirlər. Hər bir maraqlı kitab özü elə bir rəsm əsəridir. Ondan nələri isə öyrənməyin nəyi pisdir ki?” Onun bu sözlərindən sonra mən bədii ədəbiyyata daha çox meyil saldım.
– Kirman müəllim, oktyabr ayının 14-də Məmməd Arazın anadan olmasının 82 ili tamam olacaq. İllüstrasiyalarınızdan ibarət sərginizi bu ərəfədə sənətsevərlərə təqdim etmək fikrindəsiniz?
– Yox, mən sərgini dediyiniz tarixdə təşkil etmək niyyətində deyiləm. Təbii ki, bunun da müəyyən səbəbi var. Belə ki, Məmməd Arazın qardaşı İbrahim müəllimin dediyinə görə, şairin anadan olduğu gün yazın 45-ci günü olub. Bu da aprel-may aylarına düşür. Elə mən də sərgimi bu aylarda, daha doğrusu, yazda sənətsevərlərə təqdim etmək niyyətindəyəm. Lakin nədənsə sənəddə 14 oktyabr qeyd olunub.
araz3– Ümumiyyətlə, neçə əsər nümayiş etdirmək fikriniz var?
– Hazırda 30-dan çox əsər hazırdır. Amma sərgiyə qədər bu istiqamətdə işimi davam etdirəcəyəm. Çox güman ki, onların sayı 50-dən çox olsun.
– Kirman müəllim, mən illüstrasiyaların bir neçəsinə baxdım. Onların hər biri mənə çox maraqlı gəldi. Hətta onlarda müxtəlif cərəyanlar özünü göstərir. Bir də mənə elə gəlir ki, bu əsərlərlə siz illüstrasiya sahəsinə yeniliklər də gətirmisiniz. Bu barədə də bir neçə kəlmə danışmağınızı xahiş edirəm.
– Bildiyiniz kimi, illüstrasiya mətni müşayiət edən və onu tamamlayan təsvir, daha doğrusu, bədii və elmi əsərləri obrazlı təsvir edən sənət sahəsi anlamındadır. İllüstrasiya sənətinin ilk nümunələri qədim əlyazmaları bəzəyən miniatürlərdir. Amma mənim çəkdiklərim sırf klassik cərəyan janrında deyil. Mən bu əsərlərimdə ötən əsrin birinci rübündə təsviri sənətdə, xüsusilə rəngkarlıqda ərsəyə gəlmiş modernist cərəyanın – kubizmin imkanlarından faydalanmağa çalışmışam. Kubizm həyat gerçəkliyini həndəsi səhtlər, cisim və fiqurlar vasitəsilə təsviri verməyə imkan verir. Yəni bu üslubda işləyən rəssamlar əşyanı, predmetlərin formasını kub, silindr, şar şəklində həndəsiləşdirirlər. Mən onu modern kubizm şəklinə salıb insan fiqurunu bu cərəyana uyğunlaşdırmışam.
– Kirman müəllim, indiyədək hansı rəssamlarımız Məmməd Araz yaradıcılığına müraciət ediblər?
– Arif Hüseynov, Adil Rüstəmov və başqaları. Lakin ilk dəfə Məmməd Araz şeirlərinə həsr edilmiş illüstrasiyalar sərgisini təşkil etmək mənə nəsib olacaq.