Əvvəl zibil qutuları yoxdur deyirdik, bəs indi?

0
1017

İllər öncə şəhər yerlərində zibil qutuları yox dərəcəsində idi. Böyüklü-kiçikli hər kəs zibili küçəyə atmasını zibil qutularının olmaması ilə əlaqələndirirdi. Amma son illərdə həm paytaxtda, həm də digər şəhərlərdə küçə və prospektlərə zibil qutularının qoyulması bu bəhanəni qismən aradan qaldırdı. Düzdür, zibil qutuları olmayan, çatışmayan yerlər indi də var.

Mövzumuz zibil qutuları ola-ola zibili ətrafa atan, qalaylanan zibillərə sanki adətkarda olan insanlarla bağlıdır. Ümumiyyətlə, bu zibilatma məsələsi elə bir həssas məsələdir ki, insanları bu məsələyə yanaşmada 3 qrupa bölmək olar. Birincisi, zibili qutuya atan, ətrafı çirkləndirməyən insanlar. İkincisi, zibil yeşiyinin yanına qədər gəlib, amma zibili yerə atanlar. Üçüncüsü, zibili binanın blokunun qarşısına qoyub aradan çıxmaqdan, gecələr zibili eyvandan gizlicə atmaqdan utanmayan insanlar. Sonuncular lap dəhşətlidirlər, onları heç cür anlamaq olmur. Səhər həyəti təmizləməyə gələn süpürgəçilərin qarğışı belə onlara təsir etmir.

Ekoloq Telman Zeynalov deyir ki, zibili zibil qutusuna atmayanlara, binanın girişinə, yaxud eyvandan zibil atanlara qarşı sərt tədbir görülməlidir: “Bu məsələdə ictimai qınaq da önəmlidir və insanlarımız çox vaxt bu cür məsələlərə sərt reaksiya verirlər. Amma dərd orasındadır ki, eyvandan zibil atmağı özünə sığışdıran adam üçün ictimai qınaq çox da ciddi təsir etmir. Mənim fikrimcə, belələri yüksək məbləğdə cərimə edilməlidirlər”.

T. Zeynalov hər zaman küçəni, binaların blokunu, girişini, parkları zibilləyənlərə qarşı mübarizə aparıb: “Zibili hara gəldi atan adam düşünməlidir ki, orada təkcə başqaları yox, onun yaxınları, doğmaları da gəzirlər”.

Eyni problem regionlarımızda da hökm sürür. Belə ki, bir sıra hallarda küçə və prospektlərdə qutular olsa da, tullantıların ətrafa atılmasının şahidi oluruq. Bu da natəmizlik yaradır. Bu vəziyyətin Mingəçevirdə də şahidi olmaq olar.

Qeyd edək ki, Mingəçevir şəhərində məişət tullantılarının atılması üçün 34 məntəqədə 450 ədəd zibil qutuları yerləşdirilib. Amma bəzi insanlar tullantıları nəzərdə tutulan qutulara deyil, kənarlara atırlar. Görünən mənzərə isə ürəkaçan olmur – səliqəsizlik və tullantıların yaratdığı pis qoxu…

Bəzən bu natəmizliyin içində südündən içdiyimiz inəklərə də rast gəlinir. Sakinlər deyirlər ki, hər gün səhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçiləri tərəfindən tullantılar daşınır. Buna baxmayaraq, bəzi sakinlər tullantıları hara gəldi atırlar.

Mingəçevir sakini Vəliyeva Sona deyir ki, bəzi valideynlər zibili uşaqlara atdırırlar. Uşaqlar da zibili hara gəldi atıb gedirlər: “Səhər tezdən zibil maşını saat 9-da zibili yığıb apardı, ərazi təmizləndi. Günortaya qədər yatan bəzi insanlar var ki, zibil maşını gedəndən sonra gətirib zibili hara gəldi atırlar. Deyirsən, atma, indi təmizlənib. Deyir neyləməliyəm, hara atmalıyam? Mən binanın birinci mərtəbəsində oluram, zibilin iyi evə dolur, pəncərəmi açıq qoya bilmirəm”.

Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəis müavini Tahir Abdullayev bildirir ki, idarənin əməkdaşları tərəfindən mütəmadi olaraq şifahi və yazılı xəbərdarlıq olunsa da, bəzi sakinlər buna məhəl qoymurlar: “Yay mövsümündə də tullantılar həddindən artıq çox olduğuna görə işimizi bir az çatdıra bilmirik. Vətəndaşlar özü də təmizliyə riayət etsələr, zibili qutulara atsalar, biz o zibili yerdən yox, qutulardan daha tez götürə bilərik.

Belə demək mümkünsə, bəzi insanlar zibili qutulara deyil, yerə atmağa bir növ adət ediblər. Binaların, küçələrin arxasında zibil qabları olsa da, insanlar əllərindəki əşyaları, zibili hara gəldi atırlar. Hətta çoxbərtəbəli binanın sakinləri uşaq bezini, sellofana bükülmüş zibili elə yuxardanca yerə atırlar. Belələrinə isə irad bildirəndə elə cavab verirlər ki, deməyinə də peşman olursan. Çox təəssüflər olsun ki, bu adamlar başa düşmək istəmirlər ki, zibili, tullantıları müvafiq yerlərə qoymaq, ətrafı təmiz saxlamaq bir mədəniyyətdir. Bu mədəniyyət uzun illər öncədən xarici ölkələrdə ciddi şəkildə formalaşıb”.

Tahir Abdullayev onu da bildirir ki, tullantılar qutulardan hər gün yığılır. Həftədə bir dəfə qablar yuyularaq təmizlənir. Parklarda quraşdırılan tullantı qutuları isə gün ərzində iki dəfə boşaldılır.

Şəhər Sanitariya və Epidemiologiya Mərkəzi tərəfindən isə ərazilər ayda iki dəfə dezinfeksiya olunur.

NICAT İNTIQAM, ESMIRA HIDAYƏTOVA,