Ərəb ölkələri müsəlman qaçqınları niyə qəbul etmirlər?

0
360

Son günlər beynəlxalq aləmin diqqətini cəlb edən ən önəmli məsələlərdən biri Suriyadan, İraqdan, Əfqanıstandan və Afrikadan olan qaçqınların Avropaya axın etməsi və nəticədə bu qitədə problemlərin yaşanmasıdır.

Xüsusilə Suriyadan olan qaçqınların problemləri, hər gün Aralıq dənizi vasitəsilə müxtəlif yollarla Avropaya köç etmək istəyənlər arasında ölüm hallarının çoxalması beynəlxalq aləmdə özünəməxsus şəkildə əks-səda verməkdədir. Faktiki olaraq, Avropa Suriya, İraq, Əfqanıstan, Pakistan və Afrikanın şimalından davam etməkdə olan köç prosesi ilə bağlı olduqca çətin vəziyyət qarşısında qalıb. Digər tərəfdən də, Avropaya yeni qaçqın köçünün başlaması radikal islamçıların, o cümlədən İŞİD-çilərin bölgəyə sızması və müxtəlif terror hərəkətlərinə baş vura bilməsi ehtimallarının ortaya çıxmasına gətirib çıxarıb. Belə bir vəziyyətdə bundan narahat olan Macarıstanın qaçqınları öz ərazisindən buraxmayacağını bəyan etməsindən sonra Avropada immiqrant böhranı daha da dərinləşib. Buna paralel olaraq, Avropaya güclənən köç axını çərçivəsində buraya Suriyadan və digər münaqişə bölgələrindən gələn müsəlman qaçqın və köçkünlərə qarşı qeyri-insani rəftarlara əl atılması da get-gedə genişlənməkdədir. Məsələn, münaqişə bölgəsindəki doğma yurd-yuvalarını tərk etməyə məcbur olan müsəlmanların ağır vəziyyətindən istifadə edən Almaniya kansleri Angela Merkel onlara yalnız öz dinlərini dəyişdirəcəkləri halda, qaçqın statusunun veriləcəyini bildirib. Bu məqsədlə Avropadakı qaçqın düşərgələrinə onlarla keşiş göndərilib. Eyni zamanda Soyuq müharibə başa çatandan sonra pərdə arxasından müxtəlif yollarla Qərb ölkələrini İslam aləmi üzərinə səlib yürüşünə təhrik edən Vatikan da Avropaya münaqişə bölgələrindən qaçaraq sığınan müsəlman qaçqınlara münasibətdə onları xristianlaşdırmaq üçün hərəkətə keçib. Avropa mətbuatının yazdığına görə, hazırda qaçqın düşərgələrində onlarla xristian emissara rast gəlmək olar. Vatikanlı emissarlar insanların düşdükləri ağır vəziyyətdən istifadə edərək, onlara dinlərini dəyişdrmək üçün şirnikləndirici təkliflər edir, buna nail olmadıqda isə onlara qarşı təzyiqlərə, təhqirlərə əl atır, dinlərini dəyişdirməyənlərin yenidən geriyə, öz ölkələrinə deportasiya ediləcəkləri barədə hədə-qorxu gəlirlər. Qərbin əksər insanpərvər gücləri və siyasətçiləri bu cür halları Avropaya vurulmaqda olan ağır ləkə kimi dəyərləndirirlər. Təsadüfi deyil ki, son günlərdə bəzi Avropa ölkələrində münaqişə bölgəsindən Avropaya köç etmək istəyən qaçqınları müdafiə etmək üçün onlara dəstək aksiyaları keçirilib.

Ərəb ölkələri niyə susurlar?

Qərbdə münaqişə bölgələrindən qaçan on minlərlə müsəlmana qarşı təzyiqlərin artığı, onlara dinlərini dəyişdirmək üçün hətta zorakılığa belə baş vurulduğu bir vaxtda başda Səudiyyə Ərəbistanı olmaqla İslam dövlətlərinin, belə demək mümkünsə, seyrçi münasibət bəsləməsini başa düşmək çox çətindir. Faktiki olaraq, Türkiyə, Livan və İordaniya istisna olmaqla digər müsəlman dövlətlərinin münaqişə bölgələrindən Avropaya köç etməyə məcbur olan müsəlman qaçqınlara soyuq münasibət bəsləməsi və onların problemlərinə biganə münasibət bəsləməsi çoxlu sayda suallar ortaya çıxarıb. Doğrudanmı, İslam dünyasını münaqişə bölgələrindən qaçmağa məcbur olan müsəlmanlar ciddi şəkildə maraqlandırmır? Bu suala birmənalı cavab vermək çətindir. Ancaq bununla belə, ortada acı bir həqiqət də var: Belə ki, başda Səudiyyə Ərəbistanı olmaqla əksər müsəlman ölkəsi Suriyadan, İraqdan və münaqişə bölgələrindən Avropaya köç etməyə məcbur olan müsəlmanları qəbul etmək üçün daha böyük imkanlara malikdir. Bu baxımdan, təbii ki, ərəb ölkələrinin ən varlısı hesab edilən Səudiyyə Ərəbistanının münaqişə bölgələrindən Avropaya axın edən müsəlmanlara münasibətdə nümayiş etdirdiyi mövqe müəyyən qədər anlaşılan deyil. Məsələ ilə bağlı bir maraqlı məqam da diqqəti cəlb edir. Hələ 2011-ci ildə Fars körfəzinə daxil olan Ərəb Ölkələri Əməkdaşlıq Şurası tərəfindən simvolik qaydada 11 suriyalıya qaçqın statusu verib. Bunun ardınca Səudiyyə Ərəbistanı Suriyada və İraqda münaqişə başlamazdan əvvəl bu ölkələrdə fəhlə kimi işləyən 50 min nəfər insana müəyyən güzəştlər edib. Belə ki, Səudiyyə Ərəbistanı Suriyadan və digər münaqişə bölgələrindən olan müsəlmanlara ailələrini öz yanlarına gətirməyə və bu ölkədə yaşamağa icazə verib. Amma, belə demək mümkünsə, Ər-Riyad bununla da işini bitmiş hesab edib. Düzdür, Səudiyyə Ərəbistanı dünyanın müxtəlif ölkələrindən olan qaçqın müsəlmanlara humanitar yardımlar göstərir, ancaq onlara öz ərazisində sığınacaq vermək məsələsinə olduqca ehtiyatla yanaşır. Məsələnin bu tərəfinə diqqəti cəlb edən rusiyalı politoloq Aleksey Malaşenkonun fikrincə, Fars körfəzi ölkələrini, o cümlədən Səudiyyə Ərəbistanını müsəlman qaçqınlara öz ərazilərində sığınacaq verməkdən çəkindirən ən önəmli faktor bu amilin adıçəkilən ölkələrdə demoqrafik vəziyyəti dəyişdirə biləcəyi təhlükəsidir. Əslində Malaşenkonu bu baxımdan haqlı saymaq olar. Belə ki, indinin özündə belə, Fars körfəzi ölkələrində işləyən xarici immiqrantların sayı Birləşmiş Ərəb Əmirliyində yerli əhalinin 76, Qətərdə 74, Küveytdə 67, Səudiyyə Ərəbistanında 25, Omanda isə 23 faizini təşkil edir. Belə bir vəziyyətdə körfəzdəki ərəb ölkələri Suriyadan, İraqdan və bölgədəki digər münaqişə ocaqlarından olan ərəb qaçqınlara sığınacaq verməkdə ehtiyat edirlər. Çünki onların tezliklə özləri ilə eyni dildə danışan qan qardaşları ilə qaynayıb-qarışaraq yerli əhali üzərində çoxluq təşkil edə bilmələri və bu yolla hakimiyyətə gəlmək niyyətinə düşmələri təhlükəsi mövcuddur.

Terror təhlükəsi

Səudiyyə Ərəbistanı və digər körfəz ölkələrini münaqişə bölgəsindən olan qaçqınlara sığınacaq verməkdən çəkindirən bir amil də var. Bu da sığınacaq veriləcək insanlar arasında terrora meyil edəcək və dövlət quruluşuna çıxa biləcək insanların ola biləcəyi təhlükəsi ilə bağlıdır. Bu da əsassız deyil. Belə ki, vaxtilə ərəb ölkələri İsrailin işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvalarından qaçmağa məcbur olan fələstinlilərə sığınacaq verdilər, sonra isə bunun bəzi xoşagəlməz nəticələri, o cümlədən ölkədə onlardan gələn sabitliyin pozulmasına yönələn təhlükə ilə üzləşdilər. Belə bir vəziyyətdə isə Səudiyyə Ərəbistanı və digər körfəz ölkələrinin bölgədəki münaqişədən qaçmağa məcbur olan qaçqınlara münasibətdə ehtiyatlı mövqe nümayiş etdirmələri qismən də olsa başadüşüləndir. Yenə də qeyd etmək istəyirik ki, Səudiyyə Ərəbistanında hazırda əslən suriyalı olan 500 min nəfər yaşayır. Bunların da dediyimiz kimi, 50 min nəfəri vaxtilə, yəni münaqişə başlamazdan əvvəl bu ölkədə işləməyə icazəsi olan 50 min nəfər suriyalı və münaqişə başlayandan sonra onların yanında yaşamağa icazə verilən ailə üzvləridir. Suriyalılar Səudiyyə Ərəbistanında misirlilərdən və yəmənlilərdən sonra sayca üçüncü yerdə gedirlər.

Bütün halarda Səudiyyə Ərəbistanı münaqişə bölgəsindən olan qaçqınlara öz ərazisində sığınacaq verməsə də, bu məsələdə bəzi addımlar atmağa məcburdur. Məsələn, bu yaxınlarda Səudiyyə Ərəbistanı bu ölkədə münaqişə başlamazdan əvvəl işləməyə gələn 150 min nəfər Yəmən immiqranta müvəqqəti yaşamağa və münaqişədən əziyyət çəkən ailə üzvlərini yanlarına gətirməyə icazə verib. Bu isə Səudiyyə Ərəbistanına təxminən 1,1-1,2 milyon nəfərin yaşamağa gəlməsi demək olacaq.

Nəhayət, Səudiyyə Ərəbistanı da daxil olmaqla digər körfəz ölkələri bölgədəki münaqişə ocaqlarından qaçan və əsasən Türkiyədə, İordaniya və Livanda sığınacaq tapmağa məcbur olan müsəlmanlara, o cümlədən suriyalılara milyardlarla dollar humanitar yardım göstərirlər. Amma hadisələrin gedişi göstərir ki, münaqişə bölgələrini tərk edərək kütləvi şəkildə Avropaya köç etməyə başlayan və orada dinlərini belə zorla dəyişdirilməyə məcbur edilən müsəlman qaçqınlara humanitar yardımlar göstərmək yolu ilə onların problemlərini həll etmək mümkün olmayacaq. Bölgədə davam etməkdə olan insanlıq faciəsinin qarşısını yalnız orada axıdılan qanların dayandırılması ilə mümkündür. Bunu, şübhəsiz ki, ərəb ölkələrində də başa düşürlər. Ancaq ərəb ölkələrinin bölgədə milyonlarla insana faciələr gətirməkdə olan münaqişələrə son qoymağa gücləri və iradələri çatacaqmı? Bunu isə söyləmək olduqca çətindir…

Əziz Mustafa