“Meydanda… perspektivli hakimlər görmürəm”

0
363

Topaz Premyer Liqasının ilk turu arxada qaldı. Bir daha xatırladaq ki, bu turda keçirlən oyunlar belə nəticələndi: “Neftçi” – “Kəpəz” 0:0, “Xəzər Lənkəran” – “İnter” 2:0, “Zirə” – AZAL 1:0, “Rəvan” – “Sumqayıt” 0:0, “Qəbələ” – “Qarabağ” 2:2. Qeyd edək ki, həmin oyunların bəzilər yenə də hakim səhvləri ilə yaddaqalan oldu. Təkcə bir faktı götürək: “Qəbələ” – “Qarabağ” matçının 74-cü dəqiqəsində Rəşad Sadiqova qırmızı vərəqə

göstərilən epizodda hakim Əliyar Ağayev xətaya yol verdi. Oyundan sonra bu məsələyə aydınlıq gətirən “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk həmin epizodda qırmızı vərəqəyə yaxın heç bir şeyin olmadığını vurğuladı. Rəşad Sadiqov isə hakimin həmin qərarını ədalətsiz olduğunu bildirərək belə dedi: “O vəziyyətdə qırmızı vərəqə vermək ayıbdır”. Ümumiyyətlə, hakimlərimizin kobud səhvlərə yol vermələri hansı səbəblərlə bağlıdır? Bu və digər suallarla bir çox beynəlxalq səviyyəli oyunları idarə etmiş

ümumittifaq dərəcəli hakim, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycan

Futbol Veteranları İttifaqının sədr müavini Rüstəm Rəhimova müraciət etdik.

– Rüstəm müəllim, ümumiyyətlə, bu gün bizim futbol mütəxəssislərini düşündürən hakimliyin səviyyəsi necədir?

– Bəri başdan deyim ki, ürəkaçan deyil.

– Bəlkə, konkret faktlara müraciət edəsiniz?

– Elə götürək, Azərbaycan Premyer Liqasının birinci turunda keçirilən oyunları. Belə ki, həmin matçların bəzilərində hakimlərimizin təyin etdikləri 11 metrlik zərbələr, həmçinin oyunçulara göstərdikləri sarı və qırmızı vərəqələr futbol mütəxəssisləri arasında fikir ayrılıqlarına yol açdı: kimi dedi, qərarlar doğru idi, kimi də dedi ki, yanlışdır. Burada bir məqama aydınlıq gətirmək istəyirəm. Fikir ayrılıqları olanda, adətən, hakimlərin qəbul etdikləri qərarlara üstünlük verilir. Niyə? Çünki hakimlər oyunların gedişatında həmin qərarları bir anda verirlər. Futbol mütəxəssisləri isə həmin epizodların video görüntülərinə 4-5 dəfə baxandan sonra…

– Sizin fikrinizcə, həmin səhvlər nədən qaynaqlanır?

– Bu suala cavab verməmişdən öncə bir məsələyə toxunmaq istəyirəm. Son illər AFFA rəhbərliyi və PFL-in prezidenti Ramin Musayev hakimlərimizin öz ustalıqlarını artırmağa həmişə səylə cəhd edir, onlar üçün hər cür şərait yaradır. Bu il də belə olub. Maliyyə çətinliklərinə baxmayaraq, hakimlərimiz Polşada təşkil olunan iki həftəlik təlim-məşq toplantılarında iştirak ediblər. Səhv etmirəmsə, elə bu yaxınlarda onlar Vətənə qayıdıblar. O ki qaldı konkret sualınıza… Mən hesab edirəm ki, bu günkü gənc hakimlərimizin çoxunun futbol və hakimlik təcrübəsi yetərincə deyil. Yəni onlar böyük futbol oynamayıblar, daha doğrusu, böyük futbol məktəbi keçməyiblər. Odur ki, onların püxtələşməsi üçün zamana ehtiyac var.

“Rəqabət olmasa…”

– Yeri gəlmişkən, bu kimi məsələlərdə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun da müəyyən səhvləri var… Onun səhvləri hansılardır?

– Mən bu barədə Xaqani Məmmədovla fikir mübadiləsi aparmışam. Məsələn, demişəm ki, Əliyar Ağayev bizim ümidverici hakimlərimizdən biridir. Onun səhvlərinin obyektiv səbəbləri var. Əliyar Ağayev “Qəbələ” – “Qarabağ” oyunu öncəsi, daha doğrusu, avqustun 6-da Ukraynada Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Vorskla” (Ukrayna) – “Jilina” (Slovakiya) oyununu idarə edib. Yəqin, bilirsiniz ki, həmin oyun çox gərgin keçib. Oyunun taleyinə əlavə vaxtda aydınlıq gətirilib. Belə bir ağır oyundan sonra Əliyar Ağayevə “Qəbələ” – “Qarabağ” oyununu həvalə etmək səhv idi. Məhz elə Əliyar Ağayev həmin yorğunluq ucbatından bütün futbol azakeşlərimizin böyük maraq göstərdiyi “Qəbələ” – “Qarabağ” oyununu yüksək səviyyədə idarə edə bilmədi. Hətta 2-3 epizodda səhvlərə yol verdi.

Yenə deyirəm, Xaqani Məmmədova demişəm ki, bu gün cavan hakimləri ağır oyunlara tez-tez təyin eləmə, qoy onlar özlərini növbəti oyunlara həm fiziki, həm də psixoloji cəhətdən tam hazırlasınlar. O isə hakimlər arasında rəqabətin az olduğunu əsas gətirərək deyir ki, bu cür addım atmağa məcburdur. Həmçinin Xaqani Məmmədov deyir ki, hakimlər çox ləng inkişaf edirlər. Buna görə də 2-3 hakimdən istifadə etmək zorundadır. Mənim fikrimcə isə, hakimlər arasında rəqabət olmasa inkişaf olmayacaq.

– Bəs siz veteranlar, həmin gənc hakimlərə dəstək ola bilirsinizmi?

– Nə gizlədim, onlara dəstək olanlar da var, olmayanlar da… Odur ki mən deyərdim ki, bu məsələdə veteran hakimlərin də günahı var. Onlar çox passivdirlər, öz sözlərini vaxtında mətbuatda və televiziya kanallarında belə demirlər. Bir də… Hakim-İnspektorlar Komitəsi də təcrübəli inspektorların fikirlərini öyrənməyə, onları praktikada isifadə etməyə cəhd etməlidir də… Konkret mənə gəldikdə isə neçə dəfə Əliyar Ağayevin səhvlərini bir ağsaqqal kimi onunla birgə müzakirə etmişəm. Amma mənə elə gəlir ki, onun da tam püxtələşməsində zamana ehtiyac var. Hazırda Əliyar Ağayevin 28 yaşı var. Biz bu gün ondan bütün oyunları yüksək səviyyədə idarə etməsini istəyirik. Amma unuduruq ki, bu mümkün deyil. Heç bir hakim bu yaşda matçları stabil idarə etməyib və edə də bilməz. Məsələn, bir fakt: bizim dünya şöhrətli hakimimiz Eldar Əzimzadə 40 yaşından sonra oyunları stabil idarə etməyə başlayıb.

“Bu sahədə müəyyən dönüşə nail olmaq olar”

– Rüstəm müəllim, sizə elə gəlmirmi, bu gün hakimliyimizin zəifliyində Hakim-İnspektorlar Komitəsinin də kifayət qədər “xidmətləri” var?

– Mənim fikrimcə, bu gün Hakim-İnspektorlar Komitəsi də öz işinin öhdəsindən gələ bilmir. Komitənin sədri Gülağa Cabbarov və onun rəhbərliyi altında fəaliyyət göstərən əksər inspektorlar keçirilmiş matçlara düzgün qiymət verməyə, düzgün analiz etməyə çətinlik çəkirlər. Yeri gəlmişkən, mən deyərdim ki, bu gün hakimlərimizin səviyyəsi əksər hakim-inspektorlarımızın səviyyəsindən daha yüksəkdir. Bu yerdə bir məsələyə də toxunmaq istəyirəm. Bildiyiniz kimi, hazırda bizdə həm Hakimlər Komitəsi və həm də Hakim-İnspektorlar Komitəsi fəaliyyət göstərir. Bu iki komitə, demək olar ki, yola getmir (Bu mənada onları “mehriban düşmən” kimi də xarakterizə etmək olar). Mənim fikrimcə, bu iki komitə bir çadır altında birləşdirilməli və onu bir sədr idarə etməlidir. Mənim bu fikrim heç də əsassız deyil. Çünki, əksər ölkələrdə bu iki komitə bir komitə altında, həmçinin bir sədrin rəhbərliyi altında fəaliyyət göstərir. Zənnimcə, məhz belə olacağı təqdirdə bu sahədə müəyyən dönüşə nail olmaq olar.

– Rüstəm müəllim, bəlkə də yeri deyil. Amma belə bir sualla da sizə müraciət etmək istəyirəm. Bu gün ölkəmizi beynəlxalq yarışlarda hakim-inspektor kimi təmsil edən Asim Xudiyev, Murad Məmmədov Hakim-İnspektorlar Komitəsində təmsil olunmayıblar. Bunu nə ilə izah etmək olar?

– Yaxşı olardı ki, bu sualı elə Hakim-İnspektorlar Komitəsinin sədrinə ünvanlayasınız. Buna rəğmən, deyim ki, görünür, komitəyə Asim kimi, Murad kimi təcrübəli hakim-insektorlar lazım deyil. Yeri gəlmişkən, bu yaxınlarda təcrübəli FİFA hakimi Vüsal Əliyev Hakim-İnspektorlar Komitəsində çalışmağa başlayıb. Güman edirəm ki, o, əsla passiv olmayacaq və komitədə öz sözünü deyəcək.

– Rüstəm müəllim, son illər yetişən və üzdə olan daha perspektivli hakimlərimiz də gözə dəymir, bəlkə var, mən tanımıram?

– Bu sualınıza cavab vermək üçün, əgər belə demək mümkünsə, ötən illərə səyahət etmək istəyirəm. 2004-2005-ci illərdə Əliyar Ağayev, Rəhim Həsənov və başqaları mənim rəhbərlik etdiyim dərslərdə iştirak edirdilər. O vaxt nəzəri dərslər Bədən Tərbiyəsi İnstitutunda keçirilirdi, fiziki hazırlıq üzrə isə “Şəfa” stadionunda… Onların hakimliyin sirlərinə necə həvəslə öyrənmələri indi də gözlərim önündədir. Bəli, o vaxtdan 10 il keçir. Amma meydanda ölkəmizi beynəlxalq oyunlarda layiqncə təmsil edə biləcək perspektivli hakimlər görmürəm. Bu, təbii ki, təəssüf doğurur.

Bəli, biz hər işdə yenə günahkar axtarsaq, bir balaca qabağa gedən hakimlərə badalaq vursaq, öz şəxsi mənafelərimizi güdsək, kreslo davası aparsaq, bu sahədə vəziyyətimiz heç də yaxşı olmayacaq. Bu gün, əgər belə demək mümkünsə, heç olmasa əlimizdə olan hakimlərimizə qayğı ilə yanaşmalıyıq. Əks halda, onları da müstəqilliyimizin ilk dövrlərində irəli çəkilmiş, lakin sonradan amansız şəkildə vurulmuş Tahir Süleymanov, İmanxan Sultani, Babək Quliyev, Anar Salmanovun taleyi gözləyə bilər.

Yeri gəlmişkən, artıq biz, daha doğrusu, bir qrup veteran bu mövsümdən etibarən perspektivli cavan hakimlərin oyunlarını izləməyə başlamışıq. Güman edirəm ki, biz onların püxtələşməsinə öz töhfəmizi verə biləcəyik.

Qvami Məhəbbətoğlu