Bizdəki dəbdəbə həvəsi olmasa…

0
321
Ölkəmizdən qonşu dövlətlərə, eləcə də Gürcüstana müxtəlif məqsədlərlə üz tutanların sayı kifayət qədərdir. Gürcüstana gedənlər daha çox səhiyyə, turizm, həmçinin Bakıda təyyarə biletləri baha olduğu üçün Türkiyəyə getmək məqsədilə üz tuturlar.
 Ucuz olduğu üçün avtobusla səyahət edənlər “Sınıq Körpü” gömrük məntəqəsindən keçməli olurlar. Keçid məntəqəsinin “labirint” yollarında uzun növbələr yaranır. Əvvəl düşünürsən ki, yəqin proses belə olmalıdır. Ancaq hamı bir ağızdan deyir ki, bəs Gürcüstandan gələndə niyə belə olmur? Bu sual sonradan Gürcüstandan 5 dəqiqə ərzində keçdiyim zaman məndə də yarandı…

Turistlər niyə Gürcüstana çox üz tuturlar?

Eyni coğrafiyada olduğumuz üçün oxşar təbiətli Tbilisidə turistlər ana Kürün sahillərində, dağüstü parkda gəzir, müalicəvi kükürd hamamından istifadə edir, türklərin çox yerləşdiyi məşhur Macanaşvili küçəsində türk restoranlarını ziyarət edir, bir növ İçərişəhərdəki kimi əl işlərini böyük həvəslə alır, “Tarqovı”ya oxşayan mərkəzi küçədə fərqli restoranlara baş çəkirlər. Tbilisinin ucsuz-bucaqsız dağlarını əhatə edən təbii “Botanika bağı”ndakı gözəl şəlaləyə baş çəkərkən gürcülərin həvəslə müvəqqəti evlərdə qalıb, bağa qulluq edərək təbiəti qorumalarının şahidi olursan. Tbilisinin küçə musiqisindən hər təbəqənin insanı zövq alır. Polis mane olmadığı üçün Batumiyə getməyə pulu olmayan turist və ya yerli vətəndaş dərhal başlayır istəyini həyata keçirmək üçün pul qazanmağa. Bakı isə görünüş və dəbdəbə cəhətdən Tbilisidən gözəldir. Tbilisidə Sovet zamanından qalma köhnə tikililər, köhnə küçələr, çox köhnə metro və avtobuslar…

Adama hərdən elə gəlir ki, bu şəhərdə yeni heç nə yoxdur. Ancaq hara baxsan turist görmək mümkündür. Bəs, görəsən, bu ölkəyə niyə bu qədər turist gəlir?

Bu və digər suallara elə bu ölkəyə üz tutan soydaşlarımızın fikri ilə aydınlıq gətirək. Bakı sakini Lamiyə Səfərova: “Mən belə qənaətə gəldim ki, bura üz tutan turistlərin çoxu orta gəlirli olur. Onlar ucuz qiymətə səyahət etmək istəyirlər. Bakıda isə bura ilə müqayisədə qiymətlər bahadır. Eyni qiymət Bakıda olsa, daha çox turist gələr. Dünyadakı gənclərin bir çoxu “Couchsurfing” vasitəsilə bütün dünyada dostlar tapır və səyahət etdikləri ölkədə həmin insanların evlərində qalırlar. Həmin insanları da öz ölkələrində qəbul edirlər. İndi bu, çox yayılıb. Azərbaycanda isə bu, çox da geniş yayılmayıb. Əslində isə bu proqramı həyata keçirən insanlara getdikləri yerlərdə ev sahibləri referans verirlər: necə davrandıqları, nələr etdikləri, bir sözlə, hər şey yazılır. Referansı yaxşı olmayan insanları başqa yerlərdə qəbul etmirlər. Bura gələn turistlərin bəziləri ilə həmsöhbət olmuşam, çoxu bu proqramdan istifadə edir və az xərclə çox ölkə gəzirlər”.

Təbəqələşmənin olmadığı ölkə?

Bu ölkədə özəl şirkətlərin birində çalışan Aytac Səfərovanın fikrincə, burada iaşə obyektlərində, bazarlarda qiymətlər çox ucuzdur: “Məsələn, 5 lariyə normal səhər yeməyi yemək olar. 20 lariyə bir neçə nəfər nahar və şam yeməyi yeyib doya bilər”.

A. Səfərova sözlərinə belə davam etdi: “Burada da yerli mallarla yanaşı, Türkiyədən və digər dövlətlərdən gətirilən mallar var. Eləcə də çox məşhur firmalar. Ancaq qiymətlər Bakıdan iki dəfə ucuzdur”.

Ucuz nəqliyyat vasitələri

Maraqlıdır ki, Gürcüstanda taksilərin qiyməti də çox ucuzdur. “Tıxacın olmadığı ölkədə avtomobilləri idarə etmək üçün polisə ehtiyac yoxdur. Burada 3-5 lariyə taksi ilə uzaq məsafəyə gedə bilərsiniz. 10 lariyə, demək olar ki, Tbilisini gəzmək mümkündür”,- A. Səfərova belə deyir.

Məşhur “bookcafelər”

Tbilisidə, demək olar ki, əksər binaların qarşısında kitabxanaya rast gəlmək mümkündür. Turistlərin maraq göstərdikləri “bookcafe”lərdə qəhvə içib, həm də kitab oxumaq dəbdədir. A. Səfərova deyir ki, bu kitabxanalara üz tutanların sayı çoxdur. “Təəssüf ki, dünyada çox yayılan bu mədəniyyət ölkəmizdə hələ geniş yayılmayıb”.

Müayinə məqsədi ilə üz tutanlar

Azərbaycana qayıdanda tanış olduğumuz Gəncədən olan həmyerlilərimiz qıcolma problemi ilə üzləşən uşaqlarını müalicə məqsədilə Tbilisiyə gətirdiklərini dedilər. Onlar Tbilisidə tibb qiymətlərinin ucuz olduğunu bildirdilər. 5 yaşlı uşağın babası Sabir Məmmədov yenidən bu ölkəyə qayıdacaqlarını dedi: “Gürcüstana müalicə məqsədi ilə gələnlərin sayı xeyli çoxdur. Bizdə tibbi sığorta tətbiq olunsa, bu qədər yolu gəlmərik. İndi gərək birbaşa həkimə getməyəsən, həkimi axtarasan, çünki yaxşı həkim tapmaq qəliz olub. Bir də biz “onu alaq, bunu qoyaq” deyəndə baxırıq ki, artıq xəstəyik. Dünya malı insanı xəstələndirir. Bizdəki dəbdəbə həvəsi olmasa…”

Nuranə Məmmədova, Nərmin Haqverdiyeva