“Bal tutan barmaq yalar”

0
255

Quba rayonunda arıçılıqla məşğul olan və bu məhsulları istehsal edən şəxslər onlarladır. Onlardan biri də Vladimirovka kəndində yaşayan Qasımov Cəbrayıl Yusif oğludur. Onun dünyasını dəyişmiş atası Yusif kişi məhşur arıçı olub. Cəbrayıl ixtisasca zootexnik olsa da atasının peşəsini davam etdirməyi daha üstün tutur. Bu peşənin sirlərinin çoxunu da Yusif kişidən öyrənib. O, artıq 30 ildir ki, öz arıçılıq təsərrüfatında çalışır. Hazırda 80 arı ailəsinə qulluq göstərir. Cəbrayılla iş başında görüşüb söhbət edirik. O deyir:

-Tanrının yaratdığı möcüzələrdən biri də arıdır. Arı yer üzündə olan canlıların ən işgüzarı və ən ağıllısıdır. Arı ailələrinin işi bütünlükdə qanunlar əsasında qurulub. Əgər insanlar da bu qanunları öz yaşayış tərzlərində tətbiq etsəydilər, onda onların da həyatı daha gözəl, əməlləri düz və işləri rəvan olardı. Haramı və xəyanəti sevməyən arının insanlara bəxş etdiyi bal ən gözəl nemətdir. Baldan on səkkiz dəfə güclü olan arı südü və on iki dəfə güclü olan çiçək tozu isə ən ağır xəstəliklərin dərmanlarıdır. Beləliklə, “Quran-i Kərim”də adı çəkilən arı Allah tərəfindən insanlara verilmiş ən böyük loğmandır.

-Arıçılıq çox çətin və sirli bir peşədir. 30 il ərzində bu sahədə müəyyən təcrübə toplasam da bilmədiklərim, hələ də çoxdur. Alimlər arıları öyrəndikcə onlardan çox təəccüblü məlumatlar toplayıblar. Arı ailələri öz qanunlarına, nizam-intizama ciddi riayət edirlər. Arı yuvaya şirə gətirərkən yuvanın ağzında onu gözətçi arılar qarşılayır. Onlar xortumu və ayağı tam dolmayan arını geri qaytarırlar.  Arı xortumunda şirə, ayağında gül tozu gətirir. Bunlardan əlavə, böyründə yerləşən xırda dəliyə gül tozunu yığıb bərkidir və yuvaya girəndə bədənini sıxmaqla şar şəkilli gül tozunu yuvaya tökür.

Arı ailəsində gözətçi arılar, kəşfiyyatçı arılar, döyüşçü arılar, hava haqqında məlumat verən arılar, süd verən arılar, arı südünü dəqiq yığan arılar, nəhayət ana arılar olur. Arı yeddi növ məhsul verir. Bu məhsullar arı südündən, arı zəhərindən, propolisdən, gül tozundan, mumyadan, baldan və güləmdən ibarətdir. Arı məhsullarının təbabət aləmində öz yeri və böyük faydası vardır. Arı məhsullarının istehsalı üçün isə onlara düzgün və lazımı qayğı ilə qulluq göstərilməlidir. Bir də, bu məhsulların satışı üçün dövlətin emal müəssisələrinin yaradılması çox zəruridir.

C.Qasımov rayonumuzda tanınmış arıçılardandır. Rayon arıçılıq birliyinin təftiş komissiyasının üzvüdür. O, atasından ona əmanət qalan  bu faydalı peşənin sonbeşik oğlu Yusifə də həvəslə öyrədir.

Mövsüm ərzində nə qədər bal götürürsən,-sualına Cəbrayıl belə cavab verdi.

-Onu dəqiq demək bir qədər çətindir. Şükür olsun ki, götürdüyüm qazancla pis dolanmırıq.

Yaxşı deyiblər ki, “Bal tutan barmaq yalar”. Biz də ona “Təsərrüfatın daha da bərəkətli olsun”-deyrik,-Cəbrayıl kişi.

Sərvər Məmmədov

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here