Məişət xərcləri azalacaq

0
325

Bu yaxınlarda Bakıda – daha dəqiq desək, “İstanbul evləri” deyilən yaşayış kompleksinin yaxınlığında quraşdırılmış yol nişanı diqqətimizi çəkdi. Piyada keçidinin yaxınlığında quraşdırılan bu yol nişanı günəş enerjisi ilə işıqlandırılırdı. Həmin yol nişanının işıqlandırma sistemi ətrafdakı insanların da diqqətini çəkdiyi üçün hər kəs ayaq saxlayıb baxırdı – yenilik olduğu üçün. Həmin yol nişanı bu gün də günəş şüası ilə işıqlandırılır və xüsusən gecə saatlarında həm piyadaların, həm də sürücülərin diqqətini çəkir. Amma həmin əraziyə yaxın yerlərdə başqa belə yol nişanına rast gəlinmir. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, ilkin mərhələdə 200 belə nişan gətirilib. Həmin nişanların çox hissəsi şəhərin mərkəzi hissəsində piyadaların və avtomobillərin intensiv hərəkət etdiyi piyada keçidlərində quraşdırılacaq. Bu nişanlar gün ərzində toplanmış enerji sayəsində sutkanın qaranlıq vaxtında işıq saçır. Bu işıqlar sayəsində gecə vaxtı yol nişanları sürücülərin diqqətini daha çox cəlb edəcək. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, bu cür nişanların quraşdırılması 2015-ci ilin sonuna qədər başa çatacaq.

Dünən isə günəş panelləri ilə bağlı daha bir maraqlı məlumat yayıldı. Belə ki, Bakıda binaların üzərində günəş panelləri yerləşdirməklə evlərin, küçələrin və blokların işıqlandırılması məsələsi gündəmdədir. Bunu “Trend”ə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov deyib. Bu metodu müasirlik hesab edən C. Məlikov qeyd edib ki, bununla həm də elektrik enerjisindən səmərəli istifadə ediləcək: “Binaların üzərinə günəş panelləri yerləşdirməklə küçə və ictimai yerləri işıqlandırmaq məsələsi “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda qeyd olunub. Bakının mərkəzində olmasa da, paytaxta yaxın ətraf qəsəbələrdə bu tipli işlər görmüşük. Badamdarda, Hövsanda, Qaradağ rayonunda 5 məktəb və 2 poliklinikanın damında günəş paneli quraşdırmaqla sözügedən obyektlərin elektrik enerjisi ilə təmin olunmasını həyata keçirmişik. Bu istiqamətdə işlərimiz davam edir”.

Bu üsulun həyata keçirilməsini çox vacib sayan Dövlət Agentliyinin direktor müavini vurğulayıb ki, hazırda sözügedən işlərin daha geniş vüsət alması üçün bir sıra beynəlxalq maliyyə təşkilatları ilə danışıqlar aparılır. O, beynəlxalq maliyyə təşkilatlarına verilən təkliflərin dəyərləndirilməsindən sonra işlərin başlayacağını istisna etmir: “Hazırda beynəlxalq maliyyə təşkilatları bizim təkliflərimizə baxır. Onların cavabından sonra yəqin ki, biz dediyimiz layihə ilə bağlı işlərə başlaya biləcəyik. Amma hazırda beynəlxalq qurumlar Azərbaycanın banklarına bu işləri həyata keçirmək üçün kifayət qədər maliyyə vəsaiti ayırır. Dövlət səviyyəsində olmasa da, kimsə evinin üzərində günəş paneli quraşdırmaq istəsə, onun üçün güzəştli kreditlər ayrılır. Hesab edirəm ki, bu kreditlərdən yararlanaraq elektrik enerjisindən səmərəli istifadə etmək olmaz”.

Hüquqşünas Ərşad Hüseynov deyib ki, dünyanın bəzi dövlətlərində belə yol nişanlarından istifadə olunur. Özü də belə nişanları daha çox piyada keçidlərində, velosiped yollarının avtomobil yolları ilə kəsişmələrində tətbiq edirlər: “Məsələ burasındadır ki, yalnız sürücülər üçün nəzərdə tutulan nişanların ənənəvi qaydada olması heç bir problem yaratmır. Çünki həmin ənənəvi nişanlar işıqqaytarıcı səthə malik olduğundan işıq mənbəyindən, o cümlədən avtomobilin farasından azacıq da olsa işıq düşdükdə zəruri məsafədən aydınca görünür. Piyada keçidlərində və velosiped yollarının kəsişmələrində isə işıqlanan nişanlar daha faydalıdır. Çünki onu özündə hər hansı işıq mənbəyi olmayan piyadalar və velosipedçilər də yaxşı görə bilirlər. Digər tərəfdən, normal və təhlükəsiz hərəkət şəraiti yaradılması üçün piyada keçidi və velosiped yollarının kəsişmələri qaranlıq vaxtı mütləq işıqlandırılmalıdır. Ona görə də məhz piyada keçidlərinə və velosiped yolları ilə kəsişmələrə günəş enerjisi ilə işləyən nişanların qoyulmasını təqdirəlayiq saymaq olar”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə bildirib ki, bundan sonra günəş panelləri quraşdırılan yol nişanlarının sayı artırılacaq: “Hər halda bu tədbirlər həm sürücülərin, həm də piyadanın görmə məsafəsini artırır ki, bu da diqqətsizlik səbəbindən baş verən qəzaların azalmasına gətirib çıxara bilər”.

Yaxın gələcəkdə ölkəmizdə başqa sahələrdə də günəş panellərindən istifadə olunacağı ilə bağlı fikirlər var. Günəş panelləri və LED lampalarının istehsalı ilə məşğul olan “Azgüntex” MMC-dən isə bildirirlər ki, bu layihələrin məqsədi hər bir evin müstəqil şəkildə günəş enerjisini elektrik enerjisinə çevirən kiçik elektrik stansiyası ilə təchizinə yönəlib: “Hər bir evin enerji tələbatı araşdırılacaq və lazımi infrastruktur yaradılacaqdır. Gün ərzində istehsal olunan elektrik enerjisi ilə evin tələbatını ödəmək, bununla yanaşı, artıq qalan enerjinin şəbəkəyə ötürülməsi də mümkün olacaq. Bu, istehsalçıya əlavə gəlir imkanları yaradır və eyni zamanda enerjinin qənaətlə istifadəsinə təşviq edir. Beləliklə, hər bir ev həm istehsalçı, həm də istehlakçı olacaqdır. Bu tipli layihələr ilk mərhələdə aztəminatlı və gənc ailələr üçün nəzərdə tutulub. Respublikamızın müxtəlif bölgələrində 3-5 MVt gücündə günəş elektrik stansiyaları quraşdırılacaq ki, bu da yüzlərlə evin günəş enerjisi ilə işıqlandırılmasına səbəb olacaq. Bunların içərisində qaçqın düşərgələrində yaşayan soydaşlarımızın günəş enerjisi ilə təchizatı qarşıda duran məqsədlərdəndir ki, bu sistem onların ümumi məişət xərclərinin azalmasında mühüm rol oynayacaq. Bu cür xeyriyyə layihələri məktəblərimizin, ucqar kənd və qəsəbələrimizin, yollarin və s. elektrik enerjisi ilə təminatını yaxşılaşdıracaq. İstehsal olunan günəş modulları istifadə müddətini bitirdikdən və ya hansısa səbəbdan yararsız vəziyyətə düşdükdən sonra yenidən bərpa edilərək istifadəyə veriləcək. Bu həm də ətraf mühitin müdafiəsi və tullantılardan təmizlənməsi baxımından vacibdir”.

Şirkət rəsmiləri hesab edirlər ki, məktəblər və uşaq bağçalarını, yanacaqdoldurma məntəqələri və şadlıq saraylarını, işıqforlar və yol hərəkəti qaydalarına nəzarət edən digər cihazları, bağ evləri və villaları, ucqar yerlərdə yerləşən və elektrik xətlərinin çəkilməsi mümkün olmayan məntəqələri, fermer təsərrüfatı və digər kənd təsərrüfatı obyektlərini bu yolla elektrik enerjisi ilə təmin etmək mümkündür.

Nicat İntiqam