İinternetdən istifadə edən… hansısa bir cinayətkara çevrilə bilər

0
259

Müasir dövrdə hər kəsin istifadə etdiyi və həyatımızı asanlaşdıran internetin insanlara verdiyi zərərlər də tez-tez müzakirə obyekti olur. Məsələn, bir zamanlar içki, narkotik və bu kimi pis vərdişlər üçün işlədilən “asılılıq” sözü bu gün internet üçün də istifadə edilir. Asılılıq yaranmaması üçün isə psixoloqlar internetdən faydalı istifadə etməyi tövsiyə edirlər. İstifadə üçün böyüklərə 3-4 saat, azyaşlılara isə 1-2 saat vaxt limiti təyin etmək məsləhət görülür.

Məsələyə aydınlıq gətirən AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Rasim Mahmudov internetin faydalarından danışdı: “Ümumilikdə internet bəşəriyyətin inkişafına xidmət edir. Əsrlərdən bəri bir çox problemlərin həllində, insan hüquqlarının qorunmasında, informasiyaya olan tələbatın ödənilməsində, informasiya hüquqlarının daha yüksək səviyyədə təbliğində böyük rol oynayır. Bu mənada internetin faydaları çoxdur. Lakin əlbəttə ki, istənilən yenilik özü ilə yanaşı mənfilik də gətirir”.

R. Mahmudovun dediyinə görə, bu gün bir çox peşə sahibləri elektron poçt, sosial şəbəkələr vasitəsilə əlaqə qururlar, idarəetməni həyata keçirirlər: “Bu insanlar müəyyən maraq tərəfdən birləşir, fikir mübadiləsi edir, biliklərini və məsləkdaşlarının sayını artırır, müəyyən cəmiyyətlərə daxil olurlar”. Kommunikasiyadan bu cür istifadə insanın sosial tələbatını ödəyir. Bəzi insanlar isə sosial şəbəkələrdən tanışlıq məqsədilə istifadə edir, peşə fəaliyyəti ilə əlaqəsi olmayan, karyerasına uyğun gəlməyən, faydasız şəkildə kommunikasiya qururlar.

İnformasiyanı doğru yönləndirə bilirikmi?

Müsahibimiz düşünür ki, internetin informasiya funksiyasından səmərəli və ya səmərəsiz istifadə etmək mümkündür. Əlbəttə ki, internet azad mühitdir və burada hər cür dəyərli informasiya ilə yanaşı lazımsız, azyaşlıların psixologiyasını korlayan, onların əxlaqına mənfi təsir göstərən informasiya da var. “Ümumilikdə “İnformasiya mədəniyyəti” deyilən anlayış var. Bəzi insanlar internetdən təhsil səviyyəsini artırmaq, elmi-tədqiqatlar aparmaq, faydalı məlumatlar əldə etmək, müxtəlif xəbər saytlarını izləmək və sair şəkildə faydalı istifadə edirlər. Bəzi insanlar isə əksinə. Asudə vaxtlarını “çayxana”da səmərəsiz keçirən insan təbii ki, internetdən də səmərəsiz istifadə edəcək. Belə insanlar internetdən daha çox əyləncə, oyun oynamaq və ya yararlı olmayan informasiyalara daxil olmaq məqsədilə istifadə edirlər. İnternet istənilən mühit və niyyət üçün açıqdır. Necə ki, mətbəxdə bir xanım bıçağı əlinə alıb yemək də bişirə bilər, cinayətkara da çevrilə bilər, eləcə də internetdən istifadə edən bir şəxs ondan müsbət istifadə edə və ya hansısa bir cinayətkara çevrilə bilər”,-deyə müsahibimiz bildirdi.

”İnternetdən istifadədə azyaşlı uşaqlara

valideynləri müəyyən sərhəd qoymalıdırlar”

R. Mahmudov azyaşlı uşaqların internetdən faydalı istifadə etməsində valideynlərin və müəllimlərin rolunun böyük olduğunu dedi. Belə ki, bəzi uşaqlar internetdən biliklərini artırmaq, informasiya əldə etmək, dil biliklərini inkişaf etdirmək məqsədilə, bəzi uşaqlar isə səmərəsiz məqsədlər üçün istifadə edirlər. “Bizim fəaliyyətimizin bir hissəsi də məhz uşaqların informasiya vasitələrindən istifadəsi ilə bağlıdır. Bundan əlavə, internet problemləri, informasiya təhlükəsizliyi və hal-hazırda mövcud olan “internet asılılığı” ilə əlaqədər kütləvi informasiya vastitələrində təbliğat işləri aparırıq”.

Bakı Dövlət Universitetinin professoru, sosioloq Rafail Həsənov isə dedi ki, uşaqların, yeniyetmələrin internetdən istifadə etməsinə valideynlər tərəfindən müəyyən nəzarət olunmalıdır. Bu gün görürsən ki, hətta 6-7 yaşında olan uşaqlar artıq planşetdən istifadə edirlər. Onlar xoşagəlməz saytlara girə bilərlər. Bunların qarşısını almaq üçün lazımsız saytlara, kriminal və digər mənfi yönümlü oyunların mövcud olduğu saytlara blok qoyulmalıdır: “Ümumiyyətlə, sosioloq kimi deyə bilərəm ki, dövlət özü milli təhlükəsizliyi üçün müəyyən saytların blokuna çalışmalıdır. Misal üçün, terrorist təşkilatların, dövlətin milli təhlükəsizliyinə zərər gətirən qruplaşmaların saytlarına”.

Boşanmaların artmasında tanışlıq saytlarının rolu

Müsahibimiz boşanmaların, ailə münaqişələrinin artmasında internetdən düzgün istifadə edilməməsinin də təsiri olduğunu qeyd etdi: “Burada müəyyən sosial şəbəkələrin və tanışlıq saytlarının rolu da var. Bunun üçün güclü təbliğat işləri aparılmalıdır. İstər kütləvi informasiya vasitələrində, istər məktəblərdə, ictimai yerlərdə müxtəlif orqanlar tərəfindən maarifləndirmə işi aparılmalıdır ki, bunun qarşısı alınsın. Həmin saytları yaradan insanlara dövlət qurumları tərəfindən xəbərdarlıq edilə bilər ki, informasiyalar düzgün yerləşdirilsin. Bəzi adamlar yaşını, ailə vəziyyətini gizlədir. Ümumiyyətlə, bütün saytlarda informasiyaların düzgün yerləşdirilməsi tələbi qoyulmalıdır”. Sosioloqun fikrincə, bunun qarşısının alınması üçün televiziya kanallarında, KİV-də, iş yerlərində təbliğat aparılıb bildirilməlidir ki, siz təsadüfi adamlara rast gələ bilərsiniz, zəhmətlə qurduğunuz ailəni təsadüfi bir adamın xoş sözlərinə aldanaraq itirə bilərsiniz: “Sırf bu sahədə sosioloji tədqiqatlar da aparıla bilər. Bu cür tədqiqatlar Qərb ölkələrində aparılır, onların praktikasında mövcuddur. Bununla yanaşı, həm də təbliğat işi aparıla bilər. İnternetin gətirdiyi sosial problemlərin mənfi nəticələri qəzetlərdə, jurnallarda çap oluna bilər, ictimaiyyətə çatdırıla bilər. Lakin kiməsə qadağa qoymaqla məsələni həll etmək mümkün deyil, əsas tədqiqat və təbliğat işi aparılmalıdır”.

İnternetdən hər kəs öz məqsədinə uyğun şəkildə istifadə edir

Professor, sosioloq Rafail Həsənov internetdən faydalı istifadə haqqında fikirlərini də bölüşdü: “Misal üçün, “Expo” proqramı vasitəsilə beynəlxalq jurnallara çıxış əldə edə bilər, onlardan elmi məqsədlər üçün istifadə edə bilərik, yaxud bank işlərini sürətli, vaxt itirmədən həyata keçirə bilərik. Bəzi insanlar distant təhsil alır və uğur əldə edirlər. Bəzən evdə uşağı xəstələnən bir ana hansısa məlumatı internetdən araşdıra bilər. Sosial şəbəkələr vasitəsilə dünyanın istənilən yerində insanlarla əlaqə qura bilərik. Ümumiyətlə, bir çox proqramlar var ki, insanların tələbatını ödəyir”. Lakin internetdə lazımsız, xoşagəlməz materiallar da çoxdur: “Misal üçün, kimsə internetdə terror aktına çağıra bilər, hansısa yalan xəbər yaya bilər, gənclərin əxlaqını korlaya bilər”.

Müsahibimiz insanların maraqlarının müxtəlif olduğunu, burada bir formul tapıb tətbiq etməyin çətin olduğunu düşünür: “Sadəcə, gənclər vaxtlarını mənalı işlərə sərf etsinlər, səmərəli keçirsinlər, kompyuterin qabağında uzun müddət oturmaq öz sağlamlıqlarına da ziyandır. Əsas məsələ odur ki, aludəçiliyə cəlb olunmaq lazım deyil. İnsanlar bilməlidirlər ki, internet məqsəd deyil, vasitədir”.

Nuranə Məmmədova, Nərmin Haqverdiyeva

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here