Kimya elminin banisi Cabir ibn Həyyan

0
586

İlkin orta əsrlərdə İslam dünyasında yetişən və istər Şərqdə, istərsə də Qərbdə kimya elminin atası adı ilə çağırılan məşhur müsəlman alimlər dən biri də Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufidir. O, elm aləmində Cabir ibn Həyyan adı ilə tanınır.

Cabir ibn Həyyanın nə qədər böyük bir kimyaçı alim olduğunu onun hələ 1200 il bundan əvvəl atomun parçalanma xüsusiyyətinə malik olduğunu və parçalanarkən çox böyük enerjinin yarana biləcəyini söyləməsi də bir daha sübut edir. O bununla bağlı yazırdı: “Maddənin ən kiçik hissəsi olan “cüz-əl-yətəcəz za”da (atom) çox böyük enerji var. Yunan alimlərin iddia etdiyi kimi, bunun parçalanma xüsusiyyətinin olmadığını deyə bilmərik, o da parçalana bilər. Parçalandıqda da elə bir güc (enerji) meydana gələr ki, Bağdadın altını üstünə çevirə bilər. Bu, Allahu-Təalanın qüdrət nişanıdır”.
Onun bu dedikləri isə əslində məşhur kimyaçı alim tərəfindən məhz atom bombasının yaradılması kimi də qəbul edilə bilər. Bundan əlavə, məşhur kimyaçı alimin atomun parçalanmasını uzaqgörənliklə söyləməsi və ondan dünyanın irəliyə aparan elmi kəşflər üçün istifadə ediləcəyini vurğulaması o dövrdə İslam dünyasında elmin ən yüksək səviyyədə inkişafının parlaq nümunəsi hesab edilə bilər.
Halbuki atomun parçalanmasını Qərb dünyasi alimləri yüz illər sonra anlaya bildilər və təbii ki, bu işdə məhz Cabir ibn Həyyan onlar üçün müəllim rolunu oynadı.
İbn Həyyan ilk dəfə kimyada (əlkimyada) eksperimental metodları tətbiq etmiş və müasir kimya elmində indi də geniş şəkildə istifadə olunan bir sıra mühüm kimyəvi proseslərı kəşf etmişdir. Bunlardan xlorid və nitrat turşularının sintezini, kimyəvi məhlulların distillə edilməsi və kristallizasiya kimi kimyəvi prosesləri misal göstərmək olar.
Cabir ibn Həyyan digər elmləri də çox yaxşı bilirdi və özünü həmin sahələrdə, o cümlədən fəlsəfədə, astronomiyada, riyaziyyatda da məşhur alim kimi sübuta yetirə bilib. Ona görə də filosoflar tərəfindən filosof, kimyaçılar tərəfindən kimyagər, təsəvvüf düşüncəsindəki kəslər tərəfindən sufi, elmlə məşğul olanlar tərəfindən alim olaraq cağırılıb. Orta əsr bəşər elminin ən böyük alimlərindən hesab edilən məşhur müsəlman alim İbn Haldin kimyaçıların kimya elminə “Elmi Cabir” dediklərini xüsusi vurğulayıb və İslam aləminin onunla fəxr etdiyini, qürur duyduğunu yazıb.
Orta əsrlər Avropasında Geber adı ilə tanınan bu məşhur kimyaçı alim, həqiqətən də, islam dünyasının bəşəriyyətin elm, mədəniyyət xəzinəsinə bəxş etdiyi ən böyük alimlərdən biridir və o bu baxımdan əbədiyyətə qədər elm dünyasının günəşi olaraq qalmaqda davam edəcək.

Elmin zirvəsinə gedən yol
Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufinin həyatı haqqında məlumat olduqca azdır. Onun təxminən eramızın 721-ci ilində Tus şəhərində anadan olduğu ehtimal edilir. Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufinin Harran, Tus, Xorasan və ya Kufədə doğulduğu da deyilir. Gələcəyin məşhur kimyaçı aliminin atası əslən Yəməndən idi. Cabir ibn Həyyanın atası Həyyan əd-Əzdi əczaçı idi və onun kimya elmindən xəbəri vardı. Həyyan əd-Əzdinin dərman hazırlayarkən kimyəvi vasitələrdən istifadə etməsi balaca Cabiri də çox maraqlandırmışdı. Onda kimya elminə həvəsi də məhz atası oyatmışdı. Digər tərəfdən də, o dövrdə Cabirin bəxti gətirmiş, o, məşhur alimlərin yanında dərs almışdı.Yeri gəlmişkən qeyd edək ki, ilkin orta əsrlərdə İslam aləmində elmin sürətli inkişaf etməsi cəmiyyətin bütün təbəqələrinə sirayət etmiş, bu da öz növbəsində əhali arasında övladlarının təhsil almasına böyük həvəs oyatmışdı. Təsadüfi deyil ki, o dövrlərdəki kiçik mədrəsələr və ya dərsxanalar elm öyrənmək istəyən uşaqlarla dolu idi. Bu mədrəsə və dərsxanalarda o dövrün savadlı alimləri hesab edilən müəllimlər dərs deyirdilər. Bu baxımdan Cabir ibn Həyyanın bəxtinə dərsxanada İmam Cəfəri Sadiq (as) həzrətləri kimi bir müəllim düşdü. İmam Cəfəri Sadiq (as) həzrətləri balaca Cabirin elmə olan böyük həvəsini görüb, ona yalnız müəllimlik deyil, sözün əsl mənasında, atalıq elədi və elmin qapılarını onun üzünə taybatay açdı.
Cabir ibn Həyyan, kimya, astronomiya, riyaziyyat elmlərini məhz İmam Cəfəri Sadiq (as) həzrətlərinin dərslərində öyrəndi. Məhz İmam Cəfəri Sadiq (as) həzrətlərinin sayəsində Cabir ibn Həyyan elmlərin sirlərinə daha dərindən yiyələnərək məşhur alim kimi yetişdi. Deyilənə görə, İmam Cəfəri Sadiq (as) həzrətləri Cabir ibn Həyyan haqqında: “O elmin bütün qapılarına açar tapacaq və uca Allahın yardımı sayəsində elm xəzinəsinə gedən yolu tapacaq və adını elm sahəsinə əbədi olaraq yazdıracaq. O, gələcəyin böyük alimi olacaq və mən onun öyrənmək həvəsinə aşiqəm”,-demişdi.
Həqiqətən də, İmam Cəfəri Sadiq (as) həzrətlərinin şagirdi onun adını, şərəfini ucaldan, ona layiq olan əsl elm fədaisi kimi yetişdi. Cabir ibn Həyyan sonralar dönə-dönə elmin zirvəsinə gedən yolun qapılarını üzünə açdığına görə İmam Cəfəri Sadiq (as) həzrətlərinin qarşısında baş əydiyini söyləmişdi. O demişdi ki, İmam Cəfəri Sadiq (as) həzrətlərinin şagirdi olmasaydım, onun yanında dərs almasaydım, mən alim ola bilməzdim.
Bir sözlə, Cabir ibn Həyyanın bir alim kimi formalaşmasında müəllimi Cəfər əl-Sadiqin misilsiz rolu olmuşdur. Onda kimyaya olan sonsuz marağı başlıca olaraq, məhz Cəfər əs-Sadiq oyatmışdır.

Elmi yaradıcılığı
Cabir ibn Həyyanın yaradıcılığında qeyd etdiyimiz kimi, kimya elmi xüsusi rol oynayıb və o bu sahəyə aid çoxlu sayda araşdırma əsərləri yazıb. Maddələrin altuna çevrilməsi üçün metodlar inkişaf etdirməyi hədəfləyən kimya elminin ustadı olan Cabir ibn Həyyan inkişaf etdirdiyi element anlayışı, tarazlıq nəzəriyyəsi yanaşması, icad etdiyi alət və qurğularla kimyanın inkişafına misilsiz töhfə verib.
Cabir ibn Həyyan fizika-kimya, riyaziyyat, astronomiya, fəlsəfə və dinlər tarixi kimi çox sahələrdə yüzlərlə əsər qələmə almışdır.
Cabir ibn Həyyanın kitabları qərbli elm adamları tərəfindən tərcümə edilmiş və mənimsənilmişdir. Onun kimya ilə əlaqədar olan əsərləri stolüstü kitab olaraq istifadə edilmişdir. Kitabu’s-Seb’un (Yetmiş Kitab) adlı əsəri Book of Seventy adı ilə ingiliscəyə çevrilmişdir. Cabirin əsərlərinin böyük bir qismi itmişdir. Bunlardan 27 dənəsi latınca və almanca olaraq Nürnberq, Frankfurt və Strazburqda 1473-1710 illəri arasında basılmışdır.
Cabir ibn Həyyan, təbiətdəki maddələrin saf olmadığını ifadə etmiş və bunları saflaşdıraraq saf elementlər əldə etməyə çalışmışdır. Onun ilk dəfə əldə etdiyi bir çox kimyəvi mürəkkəb və maddə vardır. Bunlardan bəziləri saf kükürd duzları, naşatır (NH4Cl), cəhənnəm daşı (AgNO3), kezzap (nitrik turşusu, HNO3), saç yağı (sülfürik turşu, H2SO4), güherçile (hind) (KNO3), sirkə turşus(n)u (CH3COOH), süblime (HgCl2), güllə şəkəri (CH3COO), sülügen (civə oksid), arsenik oksid, zəy və hidroklorik turşusudur (HCl).
Qərbli bəzi elm adamları optik və lupalar qanununun kəşfini də Cabir ibn Həyyana aid edirlər.
Onun əsərlərinin orijinalı olduqca mürəkkəb və anlaşılmaz qaydada yazılmışdır və çox ehtimal ki, şifrələnmişdir. Bu şifrələri açmaq isə müasir günümüzə qədər mümkün olmamışdır. İlk baxışdan İbn Həyyanın əsərləri kimyəvi maddələrin ərəbcə adlarından ibarət düşünülmüş, mürəkkəb kimyəvi numeraloji sistemə əsaslanır.
Bundan əlavə, ibn Həyyan təkvin-laboratoriya şəraitində canlıların süni yolla yaradılması kimi yüksək, mütərəqqi, o dövr üçün ağlasığmaz ideyanı da irəli sürmüş və üzərində çalışmışdır.

Cabir ibn Həyyanın elmi əsərlərindən danışarkən qeyd edək ki, onun tədqiqatlarının arxasında konkret bir elm sahəsi dayanır və bu müstəvidə də alim özünəməxsus olan şəkildə olduqca yüksək səviyyədə mövzunu tam şəkildə açaraq, mükəmməl bir elmi iş ortaya çıxarır. Əlbəttə Cabir ibn Həyyanın elmi sahədə ona xas olan kəşflər etməsini yalnız alimin fitri istedadında deyil, həm də onun o dövrün elmlərinə dərindən yiyələnməsində axtarmaq lazımdır. Çünki hər hansı bir elmi iş boş yerdə yaranmır və o uzun illərin axtarışlarının, məşhur alimlərin bununla bağlı yazdıqlarının tam şəkildə araşdırılmasından sonra ortaya çıxır. Bu baxımdan Cabir ibn Həyyanın elmi yaradıcılığı çoxşaxəlidir və demək olar o üz tutduğu bütün sahələrdə özünü sübuta yetirə, bu sahənin əsl bilicisi kimi göstərə bilib.

Elmi tədqiqat sahələri
Tədqiqatçılar Cabir ibn Həyyanın yaradıcılığından danışarkən onun məşğul olduqları elm sahələrini konkret olaraq 4 yerə ayırırlar.
Bu elm sahələrindən biri Xəlifə Harun ər-Rəşidin vəzirlərinə ithaf olunub. Bu kateqoriyaya 112 kitab daxildir. Bu kitablar içərisində orta əsrlərdə latın dilinə tərcümə edilmiş (Tabula Smaragdina) və Avropa əlkimyaçılarının masaüstü kitabına çevrilmiş “Zümrüd lövhə” əsəri də var. “Zümrüd lövhə” əsəri Avropada uzun yüz illər dərindən öyrənilmiş və belə demək mümkünsə, Qərb alimlərindən ötrü yeni elmi kəşflər üçün mənbə rolunu oynamışdır. Sivil günümüzdə belə Qərbin kimya sahəsi ilə məşğul olan məşhur alimləri kimya elmi ilə bağlı hər hansı bir konkret sahəni tədqiq edərkən çətinə düşəndə məhz Cabir ibn Həyyanın kimya sahəsindəki elmi tədqiqat əsərlərinə müraciət edirlər.
Cabir ibn Həyyan kimyanın geniş tətbiq sahəsi olan kimyəvi təmizlənmə prosesi mövzusunda ilk elmi araşdırmalarını ortaya qoydu. O, kimyəvi proses yollarından oksidləmə, süblinasyon, damızdırma, çökdürmə, əritmə və kristallaşdırmaqla əlaqədar əməliyyatları, elmi tədqiqatları tam şəkildə aça bildi. Kükürd ilə civənin qarışdırılması nəticəsində qırmızı bir daşın (zencefre) meydana gəldiyini açıqladı. Sirkə ilə asetik turşu əldə etməyi o tapdı. Cabir ibn Həyyan zəhər və zəhərli maddələrin strukturlarını araşdırdı. Bu mövzuda “Kitab-əssumum” adlı əsərini yazdı. Bitkilərdən əldə edilən bir boya ilə dərilərin necə rənglənəcəyini və necə təmizlənəcəyini müəyyən etdi. Alim müxtəlif metal və polad istehsal üsullarının inkişaf etdirilməsi, dəri və bez boyalarının hazırlanması, kükürdlü mürəkkəblərdən arsenik və antimuan, bitkilərdən yağ əldə edilməsi, metalların saflaşdırılması, parçanın rənglənməsi, sukeçirməz paltarların cilalanması, manqan dioksidin şüşə istehsalında istifadə edilməsi və şüşənin rənglənməsi kimi kəşfləri də reallaşdırdı. Yenə də qeyd edək ki,
17-ci əsrə qədər kimya elmləri sahəsində onun səviyyəsinə kimsə çıxa bilməmişdir. Şərq və Qərb elm dünyasında ona bərabər və onu aşan bir kimyaçı yetişməmişdir. 17 və 18-ci əsrlərdə, Qərb elm çevrələrində meydana gələn bir çox elmi görüşlərin təşəkkülündə onun əsərlərinin böyük təsiri vardır. Xüsusilə, bu gün kimya elmində mövcud olan bir çox orijinal kəşf, tədbir və metodlar, az qala tamamilə ona aid və ya onun fikirlərindən qaynaqlanmışdır.
Bəzi məlumatlara görə, kimyada elementlərin dövrü cədvəlini kəşf edən məşhur alim Dmitri Mendeleyev də məhz Cabir ibn Həyyanın kimya sahəsindəki elmi əsərlərini dərindən mütaliə etmişdir. Onun yalnız Cabir ibn Hayyanın elmi əsərlərini tədqiq edəndən və dərindən onlara yiyələnəndən sonra elementlərin dövri cədvəlini tapmaq üçün elmi araşdırmalara başladığı ehtimal edilir.
Cabir ibn Həyyanın ikinci kateqoriyaya aid olan əsərlərinə alimin 70 elmi əsəri daxildir. Məşhur müsəlman aliminin bu kateqoriyaya daxil olan əsərlərinin də əksəriyyəti latın dilinə tərcümə olunmuş və Qərb alimləri tərəfindən dərindən öyrənilmişdir. Cabir ibn Həyyanın bu 70 əsəri astronomiya elminə həsr edilib. Bu əsərlər arasında
“Kitab əl-Zöhrə” (Zöhrə ulduzuna dair kitab) mühüm yer tutur. Əsərdə ulduzla bağlı günümüzdə belə həsəd aparıla biləcək bilgilər verilib. Ona görə bu əsəri oxuyan əksər Qərb astronom alimləri məşhur alimin bu qədər geniş elmi biliyə malik olmasına heyrət etməkdədirlər. Çünki onun o dövrdə Zöhrə ulduzu haqqında dedikləri və elmi araşdırmaları nəticəsində gəldiyi nəticələr yalnız 20-ci əsrdə elmi kəşflərin sayəsində təsdiqini tapdı.
Bu kateqoriyaya aid olan əsərləri arasında məşhur müsəlman alimin “Kitab əl-Əhcər” (Daşlar haqqında kitab) əsəri var. Məşhur alim bu əsərində daşların xarakterini, xüsusiyyətlərini, onların tərkiblərini, hansı məqsədlə işlədilməsini olduqca dəqiqliklə müəyyən edib. Onun bu sahəyə aid elmi tədqiqat əsərləri dağ-mədən sahəsinin inkişaf etdirilməsinə yeni təkan verib və sivil mədən sənayesinin inkişafında önəmli baza rolunu oynayıb.
Məşhur alimin daşların xüsusiyyətlərini olduqca dərindən bilməsi onun elmin bütün sahələrində qeyri-adi zəkaya, istedada malik olmasından irəli gəlirdi. Hər halda bütün elm sahələrində özünəməxsus elmi kəşflər etmək dünyanın hər tanınmış aliminə nəsib olmur. Hər halda onun elmi zəkası günümüzdə belə müsəlman dünyası üçün qürur və şərəf mənbəyi olara qalmaqda davam edir.
Məşhur kimyaçı alimin digər bir kateqoriyaya daxil olan elmi əsərləri kimyəvi distilləyə dair on kitabıdır. Məşhur müsəlman alimi bu əsərlərində antik yunan “əlkimyaçıları” – Pifaqor, Sokrat, Platon, Aristotel haqqında ətraflı məlumat verir. Eyni zamanda o bu əsərlərində kimyəvi distilləyə aid yeni elmi dünyagörüşünü ortaya qoyur. Onu kimyəvi distillə ilə bağlı gəldiyi son nəticə çox dəqiq olub və alimin yaradıcılığı ilə tanış olan məşhur kimyaçıları heyrətdə qoyub.
Cabir ibn Həyyanın digər kateqoriyaya aid elmi tədqiqat əsərləri “Tarazlığa dair kitablar”da əksini tapıb. Bu əsərlər arasında Cabir ibn Həyyanın ən məşhur əsəri olan “Təbiətdə kimyəvi tarazlıq nəzəriyyəsi” xüsusi yer tutur. “Təbiətdə kimyəvi tarazlıq nəzəriyyəsi” əsəri Allah tərəfindən hər şeyin yüksək, olduqca elmi dəqiqliklə yaradıldığının bir daha təsdiqi hesab edilir. Bununla bağlı Cabir ibn Həyyan yazır ki, Allah nəinki canlıları, həm də bizi əhatə edən cansız təbiətdə hər şeyi nizamlı və intizamlı yaradıb. Onun sözlərinə görə, təbiətdə kimyəvi tarazlıq olmasaydı, burada canlı orqanizmlərin mövcudluğu da mümkün olmaz, yer üzündə həyat yaranmazdı.

“Atom parçalansa, Bağdadı yox edər”
Cabir ibn Həyyanın ən böyük elmi kəşfindən biri də, şübhəsiz ki, atomun parçalanması haqqında dedikləridir. Modern kimyanın qurucusu olan və İmam Sadiqdən dini və dünyəvi elmləri kamil öyrənmiş dahi müsəlman alim olan Cabir ibn Həyyan atomun kəşfindən min il öncə onun parçalana biləcəyini söyləyən ilk elm adamıdır.
Məşhur alim atomun parçalana biləcəyi mövzusunda bunları söyləmişdir: “Maddənin ən kiçik parçası olan “el-cüzü la yetecezza”da sıx bir enerji vardır. Yunan alimlərin söylədiyi kimi, bunun parçalana bilməyəcəyi deyilə bilməz. Atom da parçalana bilər. Parçalanınca da elə bir güc meydana gələr ki, bir anda Bağdadın altını üstünə gətirə bilər. Bu, Allahu-Təalanın qüdrət nişanıdır.”
Eyni zamanda düşüncə və fikir adamı olan Cabir siyasi düşüncələri və fəaliyyətləriylə də məşhurlaşmış böyük bir dahidir. Onun bu günə kimi çap edilən elmi əsərləri aşağıdakılardır
“Kitab-ül-Bəyan”, “Kitab-ül-Həcər”, “Kitab-ün-Nur”, “Kitab-ül-İzah”, “Kitab-ül-Istakas-is-Salis”, “Təfsir-ül-İstaka”, “Kitab-üt- Təcrid”, “Kitab-ül-Mülk”, “Kitab-ur-Rahmə”dir.
Məşhur alimin nəşr edilməmiş əsərləri isə bunlardır:
”Kitab-üş-Şəms”, “Kitab-ül-Qəmər”, “Kitab-ül-Heyvan”, “Kitab-ün-Bitki”, “Kitab-ül-Hikmət”, “Kitab-ül-Anasır”, “Kitab-ül-Kiman-il-Meadin”, “Kitab-ül-Xilqət”, “Kitab-ül-Heyət”.
Yenə də qeyd edək ki, Cabir ibn Həyyanın elm dünyasının dahisi olmasının ən böyük səbəblərindən biri bu elmləri İmam Cəfəri Sadiq (as) həzrətlərinin dərslərində öyrənməsidir.
Əsrlər boyu islam aləmində Sufi, Qərbdə Geber olaraq bilinən Cabir ibn Hayyan (721-815) başda kimya olmaq üzrə, tibb, əczaçılıq, metallurgiya, astronomiya, fəlsəfə, fizika kimi elm sahələrindəki kəşfləri ilə bu gün də hörmət və rəğbətlə anılmaqda davam edir.
Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here