“Nəyisə etməyə zaman axtarmayın, sadəcə zaman ayırın”

0
512
”İnsan nə qədər faydalı olmağa, nə qədər öz üzərində işləməyə çalışsa da, zamanını düzgün dəyərləndirə bilmədiyi təqdirdə istədiyinə nail ola bilməz. Buna görə də insan hər şeydən ziyadə birinci növbədə vaxtını düzgün dəyərləndirməlidir”.
 Bunu, “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin üzvlərinə “Zamanın idarə olunması” mövzusunda seminar verən biznesin idarə edilməsi üzrə məsləhətçi Fəxri Ağayev dedi. Onun sözlərinə görə, insan dünyaya göz açdığı gündən etibarən iki böyük sərmayə – sağlamlıq və zaman ilə yaşamağa başlayır. F. Ağayev vurğuladı ki, bu iki əsas “sərmayədən” səmərəli istifadə etmək insanın özündən asılıdır: “Son 15 ilə qədər Qərb dünyasında şəxsi faydalılıq, zamanın idarə olunması mövzularından danışıldığı zaman birinci növbədə karyera və maddi rifah nəzərdə tutulurdu. Amma son 15 ildə bütün Qərb dünyasının şəxsi faydalılıq, vaxtdan səmərəli istifadə məsələlərinə münasibəti dəyişdi. Bu da əsassız deyil. Çünki biz həyatımız boyu bizim üçün lazım olan mənəvi dünya, ailə və sağlamlıq məsələlərini arxa plana keçirib var gücümüzü karyera, maddi rifah məsələlərinə yönəltdiyimiz təqdirdə ikinci planda tutduqlarımızın əvəzini müəyyən fəsadlarla ödəməli oluruq. Bunu özümüzün və yaxınlarımızın həyatında müşahidə edə bilərik”. Uroloq həkim dostu ilə söhbətlərini də dinləyicilərinin nəzərinə çatdıran mütəxəssis bunları dedi: “Həmin həkimin yanına əsasən vəzifəli şəxslər və iş adamları gedir. Xəstələrinin əksəriyyətinin də yaşı 40-dan çoxdur. Şəfa üçün ona müraciət edən xəstələrin müayinə və müalicəsi zamanı həkim bu qənaətə gəlib ki, bu yaş həddində olan insanlar hər gün yarım saat idmanla məşğul olsa, düzgün qidalansa onların səhhətində hazırda yaşanan problemlərin çoxu olmaz”. Buna görə də, gündəlik vaxt bölgüsündə sağlamlıq üçün də zamanın ayrılmasına diqqət çəkən F. Ağayev yaponyalı ağsaqqal biznesmenlə aralarında olan dialoqu da seminar iştirakçıları ilə bölüşdü: “Yaponiyadan Akada adlı qonağım gəlmişdi. O 60 yaşlı müdrik bir biznesmen idi. Qonağa özüm haqqında biznes sahəsində beynəlxalq idarəçilik təcrübəmin, beynəlxalq diplomumun olması, ingilis dilini yaxşı bilməyim barədə danışdıqdan sonra soruşdum ki, Tokioda iş tapa bilərəmmi? Onun cavabı isə mənə çox təəccübləndirdi. Mənim kök olduğumu deyən yaponiyalı qonaq bildirdi ki, öz bədənimi idarə edə bilmədiyim üçün Tokioda heç kim mənə şirkət həvalə etməz. Akada onu da əlavə etdi ki, insan gərək birinci növbədə öz nəfsini, bədənini idarə edə bilsin”.

 “Zamanı idarə edə bilmərik, yalnız ondan səmərəli istifadə edə bilərik”

Düzgün qidalanmağın, fiziki aktivliyin, pis vərdişlərdən uzaq durmağın, zamanın düzgün dəyərləndirmənin rahat və faydalı yaşam tərzinin əsasını təşkil etdiyini dilə gətirən F. Ağayev fikirlərinə belə aydınlıq gətirdi: “Sutkalıq həyatımızın 8 saatını işə ayırırıq. Halbuki uğurlu karyera qurmaq üçün 8 saat yetərli deyil. Həkimlər isə iddia edirlər ki, sağlamlığımız üçün 8 saat yatmalıyıq. Günümüzün azı 2 saatı tıxaclı, stresli yollarda keçir. Bunları çıxmaq şərti ilə dost-tanışa, ailəyə, sağlamlığımıza ayırmaq üçün cəmi 6 saat vaxtımız qalır. Bu səbəbdən də zamanın idarə olunması deyildikdə, o  nəzərdə tutulur ki, iş həyatımızı elə quraq ki, ailəyə, dost-tanışa, sağlamlığımıza, özümüzü inkişaf etdirməyə də vaxtımız olsun”. F. Ağayev onu da dinləyicilərin nəzərinə çatdırdı ki, avtomobillərdə zamanı düzgün dəyərləndirməyin optimal yollarından biri səsli kitab dinləməkdir. Seminar əsnasında zamanın idarə edilməsi anlayışına da aydınlıq gətirən mütəxəsis bu ifadənin düzgün olmadığını dilə gətirdi: “Zaman insana məxsus olmadığı üçün insan onu idarə edə bilməz. Biz zamandan yalnız səmərəli istifadə edə bilərik”.

“İclasbazlıq ölkənin iş dünyasındakı əsas problemlərdəndir”

Azərbaycanlıların işdəki vaxtlarının daha çox iclaslarda keçirdiyini dilə gətirən mütəxəssis söylədi ki, iclasbazlıq ölkənin iş dünyasındakı əsas problemlərdəndir. F. Ağayev onu da dedi ki, kabinetdən, kompyuterdən düzgün istifadə etməmək də ciddi vaxt itkisinə səbəb olur: “Beynəlxalq araşdırma şirkətləri bu qənaətə gəliblər ki, iş otağını düzgün nizamlaya, səliqəyə sala bilməyən müdirlər iş vaxtlarının 10%-ni hansısa sənədlərin axtarışına sərf edir”. Onun sözlərinə görə vaxtın düzgün idarə edilməsi texnikalarından biri “zaman oğruları”ndan qorunmaqdır: “Əgər mən 1 saata 300 manat qazanıramsa və kimsə 1 saat vaxtımı alırsa, deməli həmin adam 300 manatımı oğurladı. Eyni zamanda özüm də kiminləsə boş söhbətlərə xərclədiyim vaxtı ailəmdən, öz inkişafımdan və s. oğurlamış oluram. Gün ərzində belə “zaman oğruları” çox olur və biz rahat şəkildə buna müşahidə edirik”.

 “İş təcrübəsi nisbi anlayışdır”

F. Ağayev zamanın düzgün idarə edilmədiyi təqdirdə iş təcrübəsinin nisbi anlayış olması haqqında da danışdı: “Elə insan tanıyıram 12 illik iş təcrübəsi var. Amma həmin insanın üçüncü, beşinci, onuncu və on ikinci ildəki bilik və bacarığı eynidir. Bu isə o deməkdir ki, həmin insan iş həyatına başladığı birinci ildə ilkin vərdişləri öyrənib və ondan 12 il istifadə edib. Məhz buna görə də, 12 illik iş təcrübəsinin olması həmin adama başqa sahibkar yanında heç bir üstünlük qazandırmır”. Mütəxəssis onu da əlavə etdi ki, əksər insanların zamanın düzgün idarə edilməsi məsələsində əsas problemlərindən biri “sabah” xəstəliyinə tutulmasıdır: “Biz həmişə hər işə sabah başlamaq qərarına gəlirik. Misal üçün siqareti sabahdan tərgiməyi, ingilis dilini öyrənməyi sabahdan başlamağı və s. planlaşdırırıq. Amma sabahlar qurtarmır. Beləliklə də, günümüzü boşuna israf edirik”. F. Ağayev seminarı bu sözlərlə yekunlaşdırdı: “Nəyisə etməyə zaman axtarmayın, sadəcə zaman ayırın”.   ELVIN ƏLIYEV,

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here