“Keçdiyimiz çətinlikləri unuduruq”

0
518

2 avqust – Azərbaycan Kinosu Günüdür. 1898-ci ilin bu günündə Bakıda ilk kinosüjetlərin kütləvi nümayişi ilə kinematoqrafiyanın əsası qoyulub. Ulu öndər Heydər Əliyevin 2000-ci il dekabrın 18-də imzaladığı sərəncama əsasən, 2 avqust – Azərbaycan Kinosu Günü elan edilib.

 

Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərin müstəqil nümayişini təşkil etmişdir. Həmin gün milli kinonun yaranma günü sayılır.

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar.

1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyni adlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib. Hər iki filmin rejissoru Peterburqdan dəvət olunmuş Boris Svetlov, operatoru isə Qriqori Lemberq idi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni –iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilmiş ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.

1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino” “Azərkino”, “Azərfilm” “Azdövlətkinosənaye”, “Azərfilm” “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən C.Cabbarlının adını daşıyır.

“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan” (1945), “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib.

Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə bir çox mühüm işlər görülür.

2015-ci ilin ötən dövrü kino sənayemiz üçün uğurlu olub. Belə ki, kino istehsalı üzrə ölkənin əsas qurumu olan C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsalı başa çatmış “Ağır illər… Xoş xatirələr” sənədli, “Dərs” və “Yarımçıq xatirələr” bədii filmləri, “4.1 şəhər motivləri” gənclər kinoalmanaxına daxil olan beş ekran əsəri təhvil verilib.

Həmçinin “Motivlər-2” kinoalmanaxından “Qara bağ” qısametrajlı filmi təqdim olunub. “Hədiyyə” (“Eşqin sonsuz nəğməsi”) adlı ekran əsəri tamamlanmaq üzrədir. Almanaxa daxil olan “Postskriptum” qısametrajlı bədii filmi üzərində işlər davam etdirilir, “Onun atası” filmi isə hazırlıq dövründədir.

Hazırda “Qırmızı bağ”, “Qatil”, “Xeyir ilə Şərin rəqsi”, “İçəri şəhər” bədii filmləri və Azərbaycanla Almaniyanın müştərək istehsalı olan “Sarılar – Qarabağ atının səyahəti” adlı sənədli film üzərində montaj-səsləndirmə işləri aparılır. Bu il kinostudiyada “Eviniz abad” (“Köşk”) bədii filmi və “Bəstəkar” qısametrajlı sənədli filmi istehsala buraxılıb.

Kinostudiya ilə yanaşı kino sənayesi ilə məşğul olan studiyalar da filmlər çəkir. “Salnamə” studiyasında istehsal olunan “Naftalan cövhəri”, “Sübhdən başlanan həyat” və “Yüksəliş” adlı sənədli filmlər təhvil verilib, bəzi filmlərin təqdimatı keçirilib. 3D formatda çəkilən “Cırtdan və sehrli xallat” adlı cizgi filmi üzərində işlər davam etdirilir.

“Yaddaş” sənədli filmlər studiyası tərəfindən “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən III hissə – 15 sənədli film təhvil verilib. Bundan əlavə, İtaliyanın Milan şəhərində “Planeti qidalandıraq. Həyat üçün enerji” mövzusunda keçirilən “Expo-2015” dünya sərgisinin Azərbaycan pavilyonunda nümayiş etdirmək məqsədilə lentə alınan “Azərbaycan mətbəxi. Dad sonrası dad” adlı sənədli film təqdim edilib.

“Azanfilm” də qaynar kino həyatından geridə qalmayaraq bir neçə layihəni reallaşdırıb. Studiyada istehsal edilən “Gəlin, birgə öyrənək” maarifləndirici ekran əsərləri silsiləsindən “Rənglər” və “Rəqəmlər” (2 seriyalı) cizgi filmləri təhvil verilib.

“Debüt” studiyasında “Eliza” (“Pizza və Bethoven”) adlı qısametrajlı bədii filmin çəkilişləri başa çatıb, 5 qısametrajlı novelladan ibarət “Bakı gecələri” adlı kinoalmanax tamamlanmaq üzrədir.

“Mozalan” studiyasında da çəkilişlər davam edir. Studiyanın elan etdiyi “Ən yaxşı bədii süjet ssenariləri” müsabiqəsində qalib seçilmiş 6 ssenari əsasında filmlər istehsala buraxılıb və payızda təqdim olunacaq. Studiyada 194 və 195 nömrəli süjetlər istehsala buraxılıb, hazırda 196-cı süjetin çəkilişləri həyata keçirilir.

“Dublyaj” studiyası isə ölkəmizdə keçirilən I Avropa Oyunlarına həsr olunmuş “Bakı-Avropa Oyunları – 2015” adlı tammetrajlı sənədli filmin istehsalını realaşdırıb.

Ekran əsərlərimizin beynəlxalq miqyasda təbliği istiqamətində də işlər görülüb. “Nabat” bədii filmi yanvar ayında Hindistanda keçirilən 13-cü Pune beynəlxalq kinofestivalında münsiflərin xüsusi mükafatına, aprel ayında İranda 33-cü Fəcr film festivalında “Ən yaxşı rejissor” mükafatına, may ayında isə Tripoli (Livan) festivalında “Ən yaxşı tammetrajlı bədii film” mükafatına layiq görülüb.

“Axınla aşağı” bədii filmi aprel-may aylarında ABŞ-ın Los Anceles şəhərində keçirilən “SEEfest” festivalında “Ən yaxşı tammetrajlı debüt film” mükafatını, “Yol” bədii filmi isə İranda keçirilən IX “Ruyesh” beynəlxalq qısametrajlı film festivalının baş mükafatını qazanıb.

“Çölçü” bədii filmi fevral ayında Hindistanda II Noida beynəlxalq festivalında “Ən yaxşı rejissor”, iyun ayında isə İndoneziyada “World Films Awards” festivalında “Golen World Awards 2015” mükafatına layiq görülüb.

“Lahıc” sənədli ekran əsəri may ayında Polşanın Varşava şəhərində keçirilmiş 10-cu FilmAT Film, Sənət və Turizm Festivalında “Ən yaxşı sənədli film” mükafatını alıb.

Bu il 117-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.

 

 

Bu əlamətdar gün münasibətilə Nizami Kino Mərkəzində təntənəli mərasim keçirildi. Mərasimdə mədəniyyət və incəsənət xadimləri, kino ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Əvvəlcə son dövrlərdə istehsal edilən filmlər və kino aləmində baş verən yenilikləri özündə əks etdirən videoçarx nümayiş olundu. Videoçarxda film təqdimatları, kinofestivallarda qazanılan uğurlar, yubiley gecələri, tanınmış kino mütəxəssislərinin ustad dərsləri öz əksini tapmışdı.
Sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “4.1 şəhər motivləri” adlı kinoalmanaxı haqqında məlumat verildi. Bildirildi ki, kinoalmanax xarici ölkələrdə yaşayıb təhsil alan azərbaycanlı rejissorların çəkdikləri 5 qısametrajlı filmdən ibarətdir. Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi “Geniş baxış” ssenari müsabiqəsinin qalibi olan kinolayihə əvvəlcə “Motivlər…” adı ilə lentə alınıb.
“4.1 şəhər motivləri” almanaxına “Qonşu qadın” (rejissor Anar Abbasov, operator Aleksey Şepilev), “20-ci mərtəbə” (rejissor Teymur İsmayılov, operator Nadir Mehdiyev), “Dmitrov küçəsi ev 86” (rejissor Cəfər Axundzadə, operator Əlişir Hamid Xocayev), “Kədərim” (rejissor Rüfət Həsənov, operator Mixail Benkin) və “Zabitin şərəfi” (rejissor Vüqar İslamzadə, operator Cabir Əliyev) qısametrajlı filmləri daxildir. Almanaxın redaktoru Yusif Şeyxov, prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir. Layihənin quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri isə Azər Quliyevdir.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bütün kino işçilərini Azərbaycan Kinosu Günü münasibətilə təbrik etdi. Bildirdi ki, bu gün ölkəmiz mədəniyyətin bütün sahələrində böyük uğurlarla irəliyə doğru addımlar atır: “Kino sahəsi də bu sırada istisna deyil. Bu gün izlədiyimiz hesabat xarakterli videoçarxda biz Azərbaycan kinosunun dirçəlişinin şahidi oluruq, eyni zamanda gözlərimizin qarşısında 80-ci illər canlanır. Baxmayaraq ki, həmin illərdə nəinki Azərbaycanda, bütün SSRİ dövlətlərində kino tənəzzülə uğramaq üzrə idi. Amma bu gün həmin dövr heç olmayıb kimi hazırda yaradılan şəraiti bəyənməyərək keçdiyimiz çətinlikləri unuduruq. Biz daim yaxşı rejissor, ssenari axtarışında, filmlərin festivallarda iştrakı üçün narazılıq edirik. Amma bu işin içində olan insanlar üçün mənzərə daha fərqlidir. Əvvəlki onilliklərdən fərqli olaraq, son illərdə böyük nəticələr əldə edilib. Azərbaycan kinosunun sorağı dünyanın məşhur festivallarından gəlir. Kino mərkəzləri yenidən qurulur, kino sənayesinin inkişafı üçün bütün istiqamətlərə yol açılır, istehsal mexanizmi müasirləşir.
Bu gün fikir versək, görərik ki, nə qədər özəl studiyalar fəaliyyət göstərir, “Azərbaycanfilm” kinostudiyasının nəzdində əlavə studiyalar tam gücü ilə işləyir. Filmlərin festivallarda iştirakı, gənc rejissorlara, kino kadrlarına yaşıl işığın yanması, layihələrin ərsəyə gəlməsi – bütün bunlar Azərbaycan kinosunun uğurları sırasındadır. Bunlar kinomuzun xoş gələcəyi naminədir”.
Ədalət Vəliyev qeyd etdi ki, 20-25 il əvvəl bizi dünyada daha çox incəsənətin digər növləri ilə tanıyırdılarsa, bu gün filmlərimiz dünya kino bazarında yetərincə tanınmağa başlayıb: “Ölkəmizdə keçirilən kinofestivallar, bura gələn xarici kino mütəxəssisləri, ustad dərsləri və s. kinomuzun yüksəlişindən xəbər verir. Eyni zamanda özəl kinoteatrların sayının artması kinoya olan maraqdan xəbər verir. Bu gün Azərbaycanda kinonun müxtəlif sahələri üzrə gənc mütəxəssislər, kino rəssamları, rejissor, qrim ustası və bəstəkarlar yetişir. Mədəniyyətin bu çətin və şərəfli sahəsi ilə məşğul olan sənət adamlarını bir daha təbrik edir, işlərində uğurlar arzulayıram”.

Peşə bayramının sevinci və mükafatları
Əlamətdar gündə ikiqat sevinc yaşayan kino işçiləri də oldu. Nazir müavini Ədalət Vəliyev bir qrup kino mütəxəssisini Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edildiyini nəzərə çatdırdı və nişanları sahiblərinə təqdim etdi. “Azərbaycanfilm” kinostudiyasının əməkdaşları, kinooperator Tərlan Babayev, çəkilişə hazırlıq sexinin rəisi Əziz Məmmədov, Dövlət Film Fondunun baş mühəndisi Afaq Allahverdiyeva, filmlərin bərpsı üzrə baş mütəxəssis Tamilla Muxtarova, “Azanfilm” studiyasının rejissor-animatoru Aleksandra Şirinova və “Vətən” kinoteatrının videomühəndisi Məmməd Kərimovun bayram sevincinə sevinc qatıldı. Onlar fəaliyyətlərinə göstərilən diqqətə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürlərini bildirdilər.
Kino Günü münasibətilə mədəniyyət və turizm nazirinin əmri ilə bir qrup kino veteranı da mükafatlandırıldı. Veteranlara mükafatı nazirliyin Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov təqdim etdi. Mükafatlandırılanlar sırasında “Azərbaycanfilm” kinostudiyasının, “Salnamə” və “Mozalan” studiyalarının, Dövlət Film Fondunun, Nizami Kino Mərkəzinin əməkdaşları da vardı.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı da tədbirə əliboş gəlməmişdi. İttifaqın sədri, Xalq artisti, professor Şəfiqə Məmmədov səhnəyə çıxaraq həmkarlarına təbriklərini çatdırdı. Azərbaycan kino sənəti sahəsində çalışan hər kəsə cansağlığı arzuladı və bu il yubileyləri qeyd edilən kino xadimlərinin pul mukafatı ilə təltif olunduğunu bildirdi.
“4.1 şəhər motivləri”nin yaradıcı heyəti səhnədə
Təltifetmə mərasimindən sonra “4.1 şəhər motivləri” almanaxının yaradıcı heyəti səhnəyə dəvət olundu. Layihənin prodüseri İradə Bağırzadə çəkilişdə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Daha sonra rejissorlar çəkiliş prosesindən söz açdılar. Ərsəyə gətirdikləri ilk işlərindən məmnun olduqlarını bildirdilər.
Filmlərdə çəkilən aktyorlardan Əbdul Mahmudov, Zemfira Sadiqova, Cavanşir Hadıyev və başqaları təəssüratlarını bölüşdülər. Yaradılan şəraitə görə kinostudiyanın rəhbərliyinə təşəkkürlərini ifadə etdilər.
Sonda “4.1 şəhər motivləri” filmi tamaşaçılara təqdim edildi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here