Bazardakı qiymətləri “cibimizdəki pullar” artırır

0
314
Ötən ay dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının (pul bazası) həcmində artım qeydə alınıb. 
Cari ilin aprel ayı ilə müqayisədə may ayında pul bazasının həcmi 1,5% və ya 167,2 milyon manat artaraq 11 milyard 272,2 milyon manata bərabər olub. Mərkəzi Bankdan açıqlanan statistik göstəricilərə istinadən apardığımız hesablama göstərir ki, pul bazası ötən ilin analoji dövri ilə müqayisədə 11,4% və ya 1 milyard 158,9 milyon manat çoxdur. Bununla da pul bazasının həcmi bu il ərzində ən yüksək həddə çatıb. Eyni zamanda ötən ilin dekabr ayı istisna olmaqla tarixi ərzində də ən yüksək səviyyəyə yüksəlib. Məlumat üçün bildirək ki, 2014-cü ilin əvvəlki ayları ərzində bu səviyyədə artım olmayıb. Hətta fevral ayı istisna olmaqla digər aylarda azalma müşahidə olunub. Bəs, görəsən son bir ay ərzində dövriyyədə olan nağd pulların bu qədər artması nə ilə bağlıdır və bu artım ölkə iqtisadiyyatına necə təsir edə bilər?

 

Nağd pulların artması nağd ödənişlərin həcmini yüksəldə bilər

Məlumat üçün bildirək ki, pul bazasının, yəni dövriyyədə olan nağd pulların artması əsasən ölkədə inflyasiya səviyyəsinin yüksəlməsi, əhalinin gəlirləri və kredit qoyuluşlarının çoxalması, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitlərin artması ilə bağlıdır. Statistika Komitəsinin məlumatına görə, ötən ay istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,8% ucuzlaşıb. May ayında ölkə ərazisində 0,8% deflyasiya qeydə alındığı üçün belə qənaətə gəlmək olar ki, pul bazasının artmasında inflyasiya amili rol oynamayıb. Qeyd etmək lazımdır ki, ölkədəki nağd pul kütləsinin artmasının inflyasiyaya səbəb olmaması sevindirici haldır. Dövriyyədə olan nağd pulların artması dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin artması ilə bağlıdır. Bildiyimiz kimi, ölkə ərazisində bir sıra irihəcmli layihələr həyata keçirilir. Xüsusilə də gələn il Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına hazırlıqla bağlı reallaşdırılan layihələrin icrası sürətləndirilib. Bu sahədə işlərin genişləndirilməsi ayrılan vəsaitlərin də həcmini artırıb. Dövriyyədə olan nağd pulların artmasının ikinci bir səbəbi isə kommersiya bankları tərəfindən verilən kreditlərin artması ilə bağlıdır. Xatırladaq ki, bu ilin əvvəlindən banklar tərəfindən verilən kreditlər davamlı olaraq artır. Cari ilin yanvar-aprel aylarında banklar tərəfindən 760,8 milyon manat kredit verilib. Müqayisə üçün bildirək ki, ötən ilin analoji dövründə bu göstərici 540,2 milyon manat olub. Dövriyyədə olan nağd pulların artması istər-istəməz nağd ödənişlərin həcminin yüksəlməsinə gətirib çıxaracaq ki, bu da bir müddətdən sonra qiymətlərin artması ilə nəticələnəcək. İnflyasiya səviyyəsinin yüksəlməsi isə əhalinin həyat səviyyəsinə mənfi təsir göstərəcək. Bu səbəbdən dövriyyədə olan nağd pulların artmasına paralel olaraq istehsal olunan məhsulların səviyyəsi də yüksəlməlidir. Əks təqdirdə milli pul dəyərdən düşə bilər.

Allahverdi Cəfərov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here