Qonaq gələndə, özü ilə ruzisini, bərəkətini gətirər

0
368

Bu gün bir çoxları ailələr arasında gediş-gəlişin zəif olmasından, qonaqpərvərliyin zəifləməsindən gileylənir. Bunun isə bir çox sosial, psixoloji, iqtisadi səbəbləri var. Məsələyə bir qədər fərqli prizmadan yanaşaq. Bir çoxlarımızda belə bir düşüncə hakimdir ki, əgər evə qonaq gələcəksə, mütləq və mütləq geniş süfrə açmalıyıq, bir neçə növ yemək bişirməliyik, olanı süfrəyə qoyub, olmayanı da tapıb gətirməliyik və s. Beləcə, 1 qonağı, tutaq ki, qarşılayıb yola saldıq, bəs növbəti qonaq? Bu cürə yanaşdığımıza görə hətta könlümüz istəsə belə, maddi mənada növbəti qonağa birtəhər baxırıq. Bəs ailələr arası ünsiyyətin parlaq dövrünü qoruyuq saxlaya bilən qardaş Türkiyədə necədir? Tanıdığım türkiyəli qardaşlar yarızarafat-yarıciddi deyirlər ki, əsas görüşməkdir – çay bəhanə. Yəni bu ölkədə evə gələn qonağı bir çaynik çay, bir az da şirniyyatla qarşılamaq heç də ayıb sayılmır.

Ailələr qruplara bölünür: mühafizəkar,

sosial, liberal ailələr

Mövzu ilə bağlı bizimlə söhbətləşən psixoloq Hüseyn Xəlilov məsələni belə şərh etdi: “Ümumiyyətlə, ailələr qruplara bölünür: mühafizəkar, sosial, liberal ailələr. Bu ailə tipləri ki var, bir çoxları ənənələrə daha çox əhəmiyyət verirlər. Bizim mentalitetdə ənənələr çox önəm daşıdığına görə, ailələr düşünürlər ki, qonağı, sadəcə, çay və şirniyyatla qarşılayıb yola salsalar, ayıb olar, ictimai qınaq olar, camaat nə deyər və s. Düşünürlər ki, kimsə deyər ki, evinə adam gəldi, bir tikə çörək vermədi.

Müsahibimiz bu fikirdədir ki, rayonları nəzərə almasaq, müasir cəmiyyətimizdə, xüsusən Bakı şəhərində artıq qonaq gələndə illah yemək süfrələri açılmalıdır, yoxsa biabırçılıq olar düşüncəsi get-gedə zəifləyir: “Nəyə görə? Əvvəllər belə idi ki, “evinə gələcəm” deyən olanda bir çoxları hətta işləri olsa belə, evlərindən çölə çıxmırdılar ki, qonağı gələcək. Amma indiki dövrdə “sizə qonaq gələcəyəm” deyəndə vaxt təyin edirlər. Yəni soruşurlar ki, nə vaxt gələcəksən, saat neçədə gələcəksən, filan vaxta qədər səni gözləyəcəm və s. Bu cürə sorğu-sual edən insanların çoxu işləyən, davamlı iş prosesində olan insanlardır. Amma deyək ki, Batıətrafı ərazilərdə və ya rayonlarımızda olan ailələrdə bir az başqa cürədir. Elə ailələrə bir qonaq gələndə tək çay vermək onlara görə ayıb sayılır”.

“Çaya gələcəyəm” deyəndə

bilirsən ki, çay içəcək”

Psixoloq Hüseyn Xəlilov hesab edir ki, bu düşüncə istər-istəməz tarixi-ictimai bir prosesdən irəli gələn məsələdir: “Yəni tarixi-ictimai proses ona gətirib çıxarır ki, cəmiyyətimiz həmişə ənənələrə üstünlük verdiyi üçün evə gələn qonağı bu şəkildə qarşılamağı özlərinə uyğun bilmirlər. Lakin indi yanaşma bir qədər dəyişir. Bir nəfər qonaq gəlmək istəyəndə öncədən “sizə çaya gələcəyəm” deyir, yeməyə demir. Çaya gələcəyəm deyəndə onu nəzərdə tutur ki, çay içəcəyəm, söhbət edəcəyəm”.

Müsahibimiz bu qənaətdədir ki, bu məsələlərdə ailələrdəki iqtisadi durumun da rolu böyükdür: “Bir çox ailələr əvvəlki kimi deyillər. Hesab edirəm ki, 5 ildən sonra bizim haqqında danışdığımız vəziyyət daha da azalacaq. Süfrə açım, böyük bir süfrə təşkil edim kimi düşüncələr dəyişəcək. Çünki insanlar üçün bu artıq məşğuliyyət olmayacaq, insanlar artıq bu kimi fikirlərə ilişib qalmayacaqlar, bu məsələlərə daha az diqqət yetirəcəklər. Əlbəttə, bir ad günü, şad günü, toy-bayram olduğu zaman hə, bunlar ola bilər-geniş süfrə açılar, çeşid-çeşid yeməklər olar və s. Məsələn, özümüzdən götürürəm – bir nəfər evimizə gələcəyini deyəndə əvvəlcədən soruşuram – çaya gəlirsən, yoxsa yeməyə? Əgər yemək yeyəcəyiksə, daha çox vaxt ayırmağı nəzərdə tuturuq. Çünki məntiqlə yanaşanda yeməyə gələn adam üçün ailə geniş vaxt ayırmalıdır ki, alış-veriş etsin, yeməyi bişirsin, süfrəni hazır eləsin və s. Qonaq gələn adamın da vaxtı olmalıdır ki, oturub o yeməyi yesin, oturub söhbət eləsin və s. Amma qarşı tərəf “çaya gələcəyəm” deyəndə bilirsən ki, çay içəcək, maksimum 45 dəqiqə, 1 saat oturacaq gedəcək”.

“Onlar üçün ictimai qınaq əhəmiyyətlidir”

H. Xəlilov qeyd edir ki, zaman dəyişdikcə bir çox insanlar vaxta dəyər verməyə başlayırlar: “Bundan dolayı insanlar vaxtlarını bölürlər. Təbii, Bakı kəndlərində, rayonlarımızda yaşayan insanlara görə yanaşma bir az fərqlidir. Onlar üçün ictimai qınaq əhəmiyyətlidir – kimsə deyər ki, getdim evinə mənə yemək vermədi” kimi düşünürlər. Dövr artıq internet dövrüdür. Zaman-zaman artıq bunlar get-gedə azalacaq. Yeri gəlmişkən deyim ki, bizim qonşularımız var – Laçın rayonundandırlar. Onlar deyirlər ki, o vaxtlar bizim el-obaya qonaq gələndə qoyun kəsməzdinsə bizə gülərdilər, ələ salardılar. Bu, ayrı bir şeydir, ayrı bir dəyərdir. Axı bu dəyər bu gün özünü göstərə bilmir. İndi bu gün çox az olur ki, qonaq gələndə qoyun kəsilir. Elimizin adəti var, bilirsiniz – gəlin gələndən bir həftə, 10 gün sonra qohum-əqrəba onları qonaq çağırır. İndi görürük ki, artıq onları qonaq çağıran yoxdur, indi nadir adamlar çağırırlar. Çünki insanlar baxırlar öz kasalarına, görürlər ki, ehtiyatları azdır. Hələ, üstəlik, hədiyyə də verməlidirlər. Dünyada gedən qloballaşma prosesi ki var, bunun gətirdiyi müsbət-mənfi cəhətlərdən biri də odur ki, ailələrə təsir göstərir. Yəni ənənə get-gedə zəifləyir. Mən bunun zəifləməyinin tərəfdarı deyiləm, bizə bağlı olan bir ənənədir. Amma bugünkü gündə sosial-iqtisadi durumu sıxıntıya gətirən hallar istər-istəməz ailələrdə özünü göstərir. Bu gün insanlar nəyə görə şadlıq evlərində toy edirlər? Çünki başa düşürlər ki, ən rahatı oradır. Yəni rahat oldun, dedin, güldün, yedin, içdin gəldin, əziyyətə düşmədin və s. Bunların hamısı sosial, psixoloji və iqtisadi məsələlərdən qaynaqlanan hadisələrdir. Zaman-zaman dəyərlər öz yerlərini digər dəyərlərlə əvəz edirlər. Bir daha qeyd edirəm – bizdə bu düşüncə öz-özünə dəyişəcək. Çünki bir dəyər digər dəyəri əvəz edir”.

“Çay süfrəsinin arxasında oturub söhbət eləmək yaxşıdır, nəinki yeyib yuxulamaq”

Psixoloq ailələrə bəzi tövsiyələrini də verdi: “Ailələrə tövsiyələrimiz ondan ibarətdir ki, israfçılıqdan qaçsınlar. Bu gün dünyada ailələr üçün ən böyük problem, onları sıxıntıya salan şey israfçılıqdır. İsrafçılıq ailələri, xüsusən də Azərbaycan ailələrini sıxıntıya salır. Fikirləşirlər ki, ayıbdır, bizə nə deyərlər, qonşu nə deyər, fikirləşərlər ki, simiclik elədi, süfrəsini geniş açmadı, naz-nemət az qoydu və s. Bunlar artıq şeylərdir. İnsanın bir qarnı var də, o nə qədər yeyə bilər ki? Ailələrimizə ən böyük tövsiyəmiz odur ki, israfçılıqdan qaçmaq lazımdır. Qonaq gəlir, bir az yeyir və gedir. O qalan yemək qalır. Bir çox ailələrdə dünəndən qalan yeməyi bu gün yemirlər, xarab olur, atılır. Bəzi ailələrdə hər gün bir yemək bişirməyi xoşlayırlar.

İkinci tövsiyəm də ailələrdə hər zaman dialoqun olması ilə bağlıdır. Yəni qonşularla, qohumlarla, dostlarla dialoqa girsinlər, ünsiyyətdə olsunlar. Amma bu o demək deyil ki, mütləq geniş süfrə açılmalıdır. Süfrəyə qoymaq üçün uzağı piroq bişirilə bilər. Çay içərsən, söhbət edərsən, vəssalam. Bu cür süfrənin arxasında oturub söhbət eləmək daha yaxşıdır, nəinki bolluca yeyib, süfrə arxasında yuxulamaq. Orada nə söhbət olacaq? Əsas israfçılıqdan qaçmaqdır, iqtisadi yanaşmaqdır, mənəvi bir ortam yaratmaq üçün çay süfrəsidir”.

Qonaq getməyin sosial-psixoloji

mənada üstünlükləri nələrdir?

Bəs qonaq getməyin, qonaq qəbul etməyin sosial-psixoloji mənada üstünlükləri nələrdir? Müsahibimiz bu sualı belə cavablandırdı: “Qonaq getməyin, qonaq qəbul etməyin çox böyük mənəvi dəyəri var. Böyüklərimiz ta qədimlərdən deyiblər ki, qonaq gələndə, özü ilə ruzisini, bərəkətini gətirər. Qonaq getmək, qonaq qəbul etmək həm mənəvi cəhətdən, həm psixoloji cəhətdən, həm sosial cəhətdən insanlar arasında böyük bir rabitə yaradır. Çünki insan qonaq gedərkən istər-istəməz digər ailəyə motivasiya verir. Ailələr arasında bir-birindən müsbət mənada götürüləsi, öyrəniləsi şeylər olur, bir-birinə dəyər verilir. Qonaq getməyin ən başlıca yaxşı tərəfi də odur ki, gedilən ailədə hər hansı bir gərginlik, qanqaraçılıq varsa, aradan götürülür. Gələn qonaq onu aradan götürür. Məsələn, gedirsən bir dostunun evinə deyir ki, elə bir halda idim ki, inan, özümə, yaşamağıma nifrət edirdim. “Amma gəldin, bunların hamısını götürdün. Danışdıq, maraqlı söhbət elədik, bunların hamısını unutdum. Gələn qonaq elə bil ev sahibinin müəyyən problemlərini, müəyyən qayğılarını, sıxıntılarını unutdurur”. Nə ilə unutdurur? Gəlişi ilə, enerjisi ilə, o təmənnasız sevgisi ilə, diqqəti ilə. Qonaq gəlməyin mənəvi ortamda dinimiz nöqteyi-nəzərindən də, eyni zamanda sosial-psixoloji cəhətdən də ailəyə xeyri var”.

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here