Klublarımız rekordlara imza atıb

0
393

Azərbaycan klublarının avrokubokların II təsnifat mərhələsindəki uğurları bir sıra rekordlara səbəb olub. Qitə miqyaslı turnirlərin tarixində ilk dəfə 3 komandamız III təsnifat mərhələsinə yüksəlib.
“Qarabağ” Çempionlar Liqası, “İnter”lə “Qəbələ” Avropa Liqasında pley-offun bir addımlığına kimi irəliləyib. Bu isə mütləq rekorddur. İndiyədək ən yaxşı halda iki komandamız eyni vaxtda 3-cü tura yüksəlmişdi. 2009/10 mövsümündə “Qarabağ”la “Bakı”, 2014/15 mövsümündə isə “Qarabağ”la “Neftçi” bunu bacarmışdır. 6 il öncə bakılılar, ötən yay isə ağdamlılar Çempionlar Liqasında buna nail olnuşdur.
Bu rekordun gerçəkləşməsi üçün təmsilçilərimiz üst-üstə 5 mərhələ adlayıb. Yarışa II təsnifat mərhələsindən başlayan “Qarabağ” Monteneqro “Rudar”ını (0:0, 1:0) keçibsə, “İnter”lə “Qəbələ” hərəyə 2 raund adlayıb. Sonuncular Tiflis “Dinamo”su (1:2, 2:0) və Serbiya “Çukariçki”sini (0:1, 2:0) zərərsizləşdirib. “İnter” isə Albaniya “Laçi”sini (1:1, 0:0) və İslandiya “Hafnarfyordur”unu (2:1, 2:2) məğlub edib.
Eyni mövsümdə ümumilikdə 5 mərhələnin keçilməsi isə son illərin ənənəsinin davamıdır. Belə ki, 2013/14 və 2014/15 mövsümlərində də təmsilçilərimiz ümumilikdə 5 raundu uğurla keçmişdir. 3-cü dəfə göstərilən rekord rəqəmin yenilənməsi üçün təmsilçilərimizdən birinin mərhələ keçməsi lazımdır.
“İnter”lə “Qəbələ” klub rekordunu da yeniləyib. İndiyədək 5 mövsümdə mərhələ keçən bakılılar hər dəfə 1 rəqibə qalib gəlirdi. İlk dəfə 2-ci səddi də adlayan “bankirlər” tarixinin ən uğurlu nəticəsinə imza atıb. Cari mövsümədək mərhələ keçməyən “Qəbələ” isə ilk raundu keçdikdən sonra daha bir addım atmaqla rekord vurub.
Azərbaycan çempionu “Qarabağ” isə iki ölkə rekordunu yeniləyib. 7 müxtəlif mövsümdə mərhələ adlayan Ağdam klubu “Rudar”ı keçməklə “İnter”i arxada qoyub. Əyalət klubu ümumilikdə 14-cü mərhələni keçib. 6 fərqli mövsümdə mərhələ adlayan Qurban Qurbanov isə baş məşqçi kimi 13-cü dəfə tur keçib.

İkisi ilə ilk, Kiprlə 3-cü duel
Avrokubokların III təsnifat mərhələsində Azərbaycan klubları üçün daha iki ilk rəsmiləşəcək. Klublarımızdan ikisinin rəqibi heç vaxt qarşılaşmadığımız ölkələri təmsil edir. Belə ki, qitə miqyaslı turnirlərdəki 21 illik çıxışlarımız ərzində ilk dəfə İspaniya və Şotlandiya təmsilçiləri ilə görüşəcəyik. “Qarabağ” Şotlandiya “Seltik”i ilə Çempionlar Liqasında üz-üzə gələcək. “İnter” isə Avropa Liqasında İspaniya “Atletik”i ilə görüşəcək. Hər iki duel ölkə təmsilçiləri ilə birinci qarşılaşmalarımız olacaq. Avropa Liqasındakı digər klubumuz “Qəbələ” isə Kipr təmsilçiləri ilə 3-cü duelimizi rəsmiləşdirəcək. “Qırmızı-qaralar”ın “Apollon”la matçına qədər yalnız APOEL və “Neftçi” üz-üzə gəlib. Bu komandalar iki fərqli il və müxtəlif turnirdə görüşüb. 1995/96 mövsümündə Kuboklar kubokunda kiprlilər üstün olubsa (3:0, 0:0), 2012/13 mövsümündə Avropa Liqasının pley-offunda “Neftçi” sevinib – 1:1, 3:1

“Əgər bunu bacarsaq…”
“Bizə qarşı oynamaq “Qarabağ” üçün çətin olacaq. Onlar daha öncə “Seltik”lə heç vaxt oynamayıb. Doğma meydanda keçirəcəyimiz ilk oyunda müdafiədə diqqətli oynamalıyıq. Əgər bunu bacarsaq, mərhələ keçmək üçün yaxşı şansımız yaranacaq”. Bu sözləri “Seltik”in baş məşqçisi Ronni Deyla deyib. O həmçinin bildirib ki, yaxşı rəqiblə qarşılaşacağımızı bilirəm: “Ancaq həmin oyun üçün hazırıq. Belə vəzifələri yerinə yetirməkdən zövq alıram. Düşünürəm ki, bu oyuna hazırıq və çərşənbə günü yaxşı oyun sərgiləyəcəyik”.
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl komandasının Çempionlar Liqasında yeni bir tarix yazacağını vurğulayıb: “Qarabağ” FK daha bir dünya nəhəngini Bakıya gətirəcək. Təbii ki, mən hər zaman olduğu kimi komandama inanıram. “Qarabağ” “Seltik”ə qarşı layiq olduğu şəkildə mübarizə aparacaq. “Qarabağ”ın uğuru Azərbaycanın uğurudur. “Seltik”lə mübarizə hamımız üçün maraqlı çağırış olacaq. “Qarabağ” hər zaman öz əzəmətini qoruyacaq. Nəticə nə olursa olsun, mən komandamın arxasındayam.
Qeyd edək ki, iyulun 29-da “Seltik Park”da keçiriləcək “Seltik” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu oyunda əsas söz sahibi isveçli FİFA referisi Martin Strömberqsson olacaq. Ona həmyerliləri Daniel Qustavson və Stefan Hallberq köməklik edəcək.

“Apollon”u da keçmək niyyətindəyik
“Qırmızı-qaralar”ın – “Qəbələ”nin oyunçusu Sergey Zenyov komandasının rəqibi haqqında deyib: “Apollon”u da keçmək niyyətindəyik. “Çukariçki”dən fərqli, kiprlilər daha çox texnikalı oyuna üstünlük verirlər. Bu da heyətində braziliyalı və portuqaliyalıların çıxış etməsi ilə bağlıdı. Bizə belə oyun üslublu rəqib daha münasibdir”. “Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqov rəqiblə bağlı fikirlərini bu sözlərlə açıqlayıb: “Hiss olunur ki, “Apollon” çox yaxşı komandadır. Amma biz də təslim olmaq fikrində deyilik. Əlimizdən gələnin edəcəyik ki, bu dəfə də uğur qazanaq. Necə deyərlər, iştah diş altındadır. “Apollon” hər nə qədər güclü komanda olsa da, biz də zəif deyilik”.
“Apollon” və “Qəbələ” arasında ilk oyun iyulun 30-da Kiprdə keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
“Qəbələ”nin səfər oyununda ədaləti ukraynalı hakimlər briqadası qoruyacaq. Matçın baş hakimi Sergey Boyko, köməkçiləri isə Aleksandr Korniyko və Volodimir Volodin təyin olunub.

“Hər hansı səhv bizə baha başa gələ bilər”
“İnter”lə oyunlarımız çox çətin olacaq. Bu komanda onu dərindən təhlil etməyə layiqdir”. Bunu “Atletik”in baş məşqçisi Ernesto Valverde deyib. Avropa Liqasının III təsnifat mərhələsində Bakı “İnter”i ilə qarşılaşacaq Bilbao təmsilçisinin çalışdırıcısı rəqib haqda ehtiyatlı danışıb: “Onlara çox ciddi yanaşmalıyıq. Hər hansı səhv bizə baha başa gələ bilər. Bu üzdən səhv etməməliyik. Futbolçularımda hansısa arxayınlıq görmək istəmirəm. Cavab oyununun səfərdə keçirilməsi əleyhimizədir. Çünki hər şeyin həll olunacağı matça yollanmaq üçün təxminən 4300 km qət etməliyik. Uzaq yol və saat fərqi xeyrimizə deyil. Tamamilə “İnter”lə oyuna köklənməliyik. Yalnız bu yolla mərhələ adlaya bilərik”.
“İnter” – “Hafnarfyordur” (2:2) oyunundan sonra “İnter”in baş məşqçisi Zaur Svanadze açıqlama verərkən komandasının oyunundna narazı qaldığını da dolayısı ilə etiraf edib: “Yaxşı ki, oyunun gedişatında dönüş yarada bildik. Bu cür oyunla “Atletik”ə qarşı heç nə edə bilmərik”. Odur ki, o, bu qarşılaşmaya daha ciddi hazırlaşacaqlarını bildirib.
Bu matçı Yunanıstan Futbol Federasiyasından Stavros Tritsonis idarə edəcək. Onun yardımçıları isə Xristos Akrivos və İlias Alekseas təyin olunub. Oyunun 4-cü hakimi isə İlias Spatas olacaq.Qeyd edək ki, ilk oyun iyulun 30-da Bakı vaxtı ilə saat 23:45-də Bilbaoda baş tutacaq.

“Qəbələ” və “İnter” yenə eyni vaxtda
Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarının vaxtı da açıqlanıb. Bu turnirdə çıxış edən hər iki Azərbaycan klubu eyni vaxtda meydana çıxacaq. Belə ki, avqustun 6-da keçiriləcək “Qəbələ” – “Apollon” (Kipr) və “İnter” – “Atletik” (İspaniya) matçları saat 21:00-da start götürəcək. Bakılılar “İnter Arena”da, əyalət klubu isə paytaxtdakı “Bakcell Arena”da oynayacaq.
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Seltik” (Şotlandiya) oyunu avqustun 5-də baş tutacaq. Görüş saat 21:30-da başlayacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here