Qaz nağılı

0
654

Qədim zamanlarda bir kənddə iki qonşu var idi. Qonşulardan biri çox ağıllı olmasa da, çox varlı idi.

O birisi isə əksinə, çox ağıllı olsa da, çox kasıb idi. Varlı qonşunun var-dövlətini yığıb-yığışdırmaq olmurdı. Kasıb qonşunun isə var-dövlətdən ancaq bir qazı var idi. Kasıb qonşu bu qazı göz bəbəyi kimi qoruyurdu. Və o qazı “qara gün” üçün saxlayırdı.

Bir dəfə kasıb qonşu üç gün uşaqlarına verməyə bir şey tapmadı. Və axırda qazı kəsib uşaqlarına yedirmək qərarına gəldi.

Qonşu qazı bişirmiş və süfrəyə qoymuşdu. Ancaq qazın yanında yeməyə çörək yox idi. Bu vaxt kasıb qonşu: “Əgər qazın bir hissəsini qonşuma versəm, o da yəqin ki, mənə bir az un verər”, – deyə düşündü. Sonra kasıb qonşu qızarmış qazı bir qaba qoydu və varlı qonşunun evinə üz tutdu. “Əziz qonşum!” – deyə kasıb qonşu sözə başladı, – “Sizə qızarmış qaz gətirmişəm. Siz də mənə buna görə un versəniz, çox sevinərəm”. Ancaq varlı qonşu cavab verməzdən əvvəl bir az düşündü. Sonra da: “Ailəmdə məndən başqa iki oğlum və iki qızım var. Təbii ki, bir də həyat yoldasım. Əgər bu qazı bizim aramızda bölə bilsən, sənə istədiyini verəcəyəm. Yox əgər bölə bilməsən, qazı əlindən alacağam, üstəlik un da verməyəcəyəm”, – deyə cavab verdi. Bunu eşidən kasıb qonşu əlinə bir bıçaq aldı və qazın başını kəsib varli qonşunun boşqabına qoydu. Sonra da belə dedi: “Ailənin başçısı sənsən. Deməli, qazın başı da sənindir”. Sonra kasıb qonşu qazın quyruğunu kəsdi. Və varli qonşunun həyat yoldasına uzadıb: “Sən isə hər isin arxasinda görünürsən, əslində isə evi quran sənsən. Ona görə də, qazın quyruğunu sənə verirəm”, – dedi. Növbə qazın ayaqlarına çatdi. Kasıb qonşu qazın ayaqlarını kəsib oğlanlara verdi və: “Siz də atanızın yolu ilə gedirsiniz. Deməli, qazın ayaqları da sizindir”, – dedi. Qanadları isə kəsib qızlara verdi və: “Siz də nə vaxtsa, özünüzə yuva quracaq və bu yuvadan qanadlanıb uçacaqsiniz. Ona görə də, qanadları sizə verirəm”, – dedi. Qazın gövdəsini isə kasıb qonşu özünə götürdü və: “Mən kasıb bir kəndliyəm və incə mətləblərdən xəbərsizəm. Ona görə də, qoy qazın “qalın” hissəsi mənim olsun”, – dedi.

Kasıb qonşunun qazı bu cür bölməsi varlı qonşunun xoşuna gəldi. Və bu ağlının qarşısında kasıb qonşuya üç çuval un verdi. Kasıb qonşu da tez bu unları evinə apardı və çörək bişirib uşaqları ilə bir yerdə yedi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here