Gözləri yol çəkən yol

0
281

İngilislərin qəribə xasiyyətləri çoxdur. O qəribəliklərindən biri də hava haqqında çox danışmalarıdır. Hətta tanımadıqları birisi ilə həmsöhbət olmaq istəyəndə də havadan söz salırlar.

Bilirsinizmi niyə? -Çünki İngiltərədə iqlim o qədər dəyişkən, etibarsızdır ki, ingilislərin təbirincə desək, onlar üçün iqlim yox, hava var. Başqa sözlə desək, hava onların əsas, gündəlik qayğısıdır. Biz alpanlıların da xeyirdə, şərdə söhbətimizin əsas mövzumuz əsaslı təmiri Sovet dövründə başlansa da, hələ də tamamlanmayan, cəmisi beşkilometrlik kənd yolumuzdur. Bu yol zəngin tarixi, gözəl təbiəti və elə təbiəti qədər də gözəl insanları olan kəndin bir nömrəli dərdi, üzümüzün qarası, sözümüzün yarası olaraq qalmaqdadır. Yatağı dümdüz, hər iki tərəfi də bağlar, zəmilər, çəmənlərlə naxışlanan yol dərdini mənə bağışlayıb. Hərdən qələm də üzümə durub: – Bu yoldan nə qədər yazmaq olar? – deyir. Buna baxmayaraq, yoldan söz düşəndə birinci mən utanıram, sonra da yazıq yol. Bu yaxınlarda yenə yaramın gözünü qopardılar.

Rahat yolda şütüdükcə şütümək istəyən maşın Alpan yolunun iyirmi ildən çoxdur ki yamaqlanan, yamaqlandıqca da öz simasını itirib miskinləşən hissəsinə çıxdı. Qışda şaxtaların, yazda da yağışların şiddətinə dözməyib daha dərin çalalanmış yol maşını yavaşımağa və bu düz yerdə yol axtarmağa məcbur etdi. On kilometr yolu nə zaman qət etdiyimizi bilməsək də, onun yarısı qədər qalan yolun hər metrəsini əsəblərimizlə ölçməli olduq. Ötən əsrin 90-cı illərində asfaltlanmağa başlanmış, lakin bəxti tilsimə düşmüş yolun daşlı-çınqıllı hissəsinə daxil olub, sünbüllənmiş zəmiləri, çiçək xonçalarını başları üzərinə qaldırıb könüllərə bahar nəşəsi cilvələyən ağacları seyr edərək ahəstəcə yolumuza davam edirdik. Birdən maşın yüyənini çaparın əlindən qoparmış at kimi götürüldü. Fikrə daldığım üçün, əvvəlcə, nə baş verdiyini anlamadım. Sərnişinlərdən biri – Ona belə lazımdır, – deyəndə qarşıdan yalnız özü görünən, arxasında isə sıx toz dumanı qaldıraraq sürətlə gələn şəvə kimi qara “Cheep”i gördüm. Sən demə, sürücümüz toza tozla cavab vermək istəyirmiş. Heç hənanın yeri idi? “Cheep” hara, Sovetin nimdaş “06”sı hara. “Cheep”in sürücüsü kondensioneri işə salıb, şüşələrini də kip bağlayıb, düşüb yolun canına. Ətrafdakı evlər, bu evlərin həyətlərində min bir əziyyətlə becərilən meyvə-tərəvəz, bu evlərdə böyüyən, təmiz havaya möhtac uşaqlar onun nə vecinə. Burada həmkarım, dostum Yunis müəllimdən eşitdiyim kiçik bir əhvalat düşdü yadıma. Oxuyub siz də feyzyab olun.

Əlibəyqışlaq kəndində Məcid adlı baməzə, həqiqəti ustalıqla deməyi bacaran bir kişi varmış. Ötən əsrin ortalarında kəndə gəlmiş raykom katibi kənd əhalisi qarşısında çıxış edirmiş. Söhbətin bir yerində deyirmiş ki, yaxın gələcəkdə hər şey yaxşı olacaq. Hamı gəlib bizə çatacaq. Bu sözlər uzun ömründə çox vədlər eşitmiş Məcid kişini bərk tutur. Çıxışını bitirən katib heç kəsin sual verməyəcəyindən arxayın halda soruşur: – Sözü, sualı olan varmı?

Məcid kişi əlini qaldırıb, avam-avam soruşur: – Möhtərəm katib, siz dediniz ki, tezliklə biz də sizə çatacağıq. Bu, heç mənim sinəmə yatmadı axı. – Məcid kişi katibin parıldayan maşınına işarə edərək sözünə davam edir: – Siz atlı, biz piyada, biz sizə necə çata bilərik?

Həqiqətin şirinliyi katibin də, camaatın da gülüşünə səbəb olur. Rəhmətlik Məcid kişi demişkən, piyada heç vaxt atlıya çata bilməz. Atlının da gərək sinəsində daş deyil, ürək döyünə.

Bu, sadəcə, daşlı-çınqıllı kənd yolu deyil. Bu yolla onlarla igid Vətənin müdafiəsinə ər kimi gedib, şəhid və ya qazi kimi qayıdıb, ya da itkin düşüb. Bu gün də ordumuzun sıralarında onlarla yüksəkrütbəli peşəkar hərbçilər ləyaqətlə xidmət edir. İndi əyləşdikləri maşını harın-harın idarə edənlərin yaxın tariximizdən xəbərsiz olduqları gün kimi aydındır. Artıq olmasın, kəndin nə demək olduğunu başa düşmələri üçün, heç olmazsa, bu sətirləri oxusunlar:

Tarixə bələdçi daşı kəndimin,

Söylə nələr çəkmiş başı kəndimin.

Uyuyur qoynunda neçə şəhidi,

Bir də çatılmasın qaşı kəndimin.

Allah bu dünyayla əkiz yaradıb,

Kim deyir bilinmir yaşı kəndimin?

Canıma can verib yağı, pendiri,

Bozlamacı, ağ lavaşı kəndimin.

Rahib palçığına, tozuna qurban,

Bilməz ki qədrini naşı kəndimin.

Bağ-bağçaları ağ tozdan libas geymiş kənd sakinləri tozdan qorunmaq üçün müxtəlif üsullardan istifadə etməyə məcburdur. Bəziləri tozu yatırmaq məqsədilə yola su buraxır, bəziləri evinin həndəvərinə daşdan “barrikada” qurur, bəziləri torpaqdan “tramplin” düzəldir ki, sürücülər sürəti azaltsınlar. Lakin bütün cəhdlər səmərəsizdir. Ağıryüklü ağır maşınların yaratdığı toz dumanı nəinki yolun kənarındakı evləri, bağ-bağçaları, hətta daha kənarları da əhatə edir. Bu günlərdə meyvələr yetişəcək. Gəl indi uşaqları saxla görüm budaqdan meyvə yeməsinlər. Dərdimiz bu gün tozdursa da, payızda yağış suyu ilə dolmuş saysız-hesabsız dərin çalalardan qorunmaq olacaq.

Yol çəkmək və ya abadlaşdırmaq kimi faydalı işlər görmək bütün mədəniyyətlərdə təqdir olunan, sağlığında rəhmət qazandıran əməllərdən hesab olunur. Bu cür işlərə ən dolğun qiymət isə Peyğəmbər Əfəndimizin (s.a.s) mübarək sözləri ilə ifadə olunmuşdur. İnsanlığın iftixar tablosu Peyğəmbər Əfəndimiz (s.a.s) – “İnsanları narahat edən bir şeyi yoldan götürüb bir tərəfə qoymaq da sədəqədir”,- buyurmuşdur. Sədəqənin mahiyyətini də O ucalar ucası – “Sədəqə suyun atəşi söndürdüyü kimi xətaları da silər”, – deyərək açmışdır.

Yolun mövcud halı burada bayaqdan məni qınayan qələmi bir az kövrəltdi, deyəsən.

Ümid, arzu, bağında

Acı həsrət əkən yol.

Kədərini, qəmini

Yamağına bükən yol.

Hönkürəndə yaşını,

Çalasına tökən yol,

Utanırsan, bilirəm,

Ey sökülən, sökən yol.

Rahib daha neyləsin,

Gözləri yol çəkən yol.

Ən çətini könüldən iraq olmaqdır. Necə deyərlər, könül görməyəni göz görməz. Düçar olunduğumuz Qarabağ problemini dünyada gözləri ilə görməyən yoxdur. Könüllər gözlərini yumduqları üçün əslində, beynəlxalq hüququn tələbləri baxımından çox sadə olan bu məsələ dərmanı tapılmaz bir dərdə dönüb.

Ümidvarıq ki, Uca Yaradanın təqdiri ilə bütün problemlərimiz öz həllini tapacaq. Allah heç kəsi könüldən, gözdən iraq eyləməsin. Amin!

Rahib Alpanlı

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here