Bəlkə bir eksperiment aparaq?

0
338

… “İnter” də mərhələni adladı, “Qəbələ” də… Məşədi İbadın sözü olmasın, bircə “flaqman”ımız “Neftçi” qaldı hasarın bu tayında… (İlk matçda – Bakıda Çernoqoriya təmsilçisi ilə 2:2 bərabərə qalan “Neftçi” rəqib meydanında da sülhə imza atdı (1:1) və nəticədə Avroliqada mübarizəni dayandırdı). Bu barədə az sonra…

Bəli, maliyyə problemləri yaşanan “İnter”in belə bir vəziyyətdə Albaniyanın “Laçi” klubu ilə mübarizədə mərhələ adlaması, futbol termini ilə desək, sözün həqiqi mənasında, qəhrəmanlıqdır. Oyundan sonra “bankirlər”in bolqarıstanlı prezidenti Georgi Nikolov kimi mənim də sevincdən göz yaşlarına hakim ola bilməməyib elə onların bu qəhrəmanlığından qaynaqlandı.

“Qəbələ” isə təkcə növbəti mərhələyə adlamadı, bu komanda Tiflis “Dinamo”sunu məğlub etməklə həm də psixoloji baryeri keçdi, yeni bir tarix yazdı. Həm də Roman Qriqorçukun rəhbərliyi altında böyük uğurlar əldə etmək üçün alışıb-yanan bu komanda özünü növbəti mərhələyə kökləyə bildi. Lakin “Neftçi” ona bəslənən ümidləri əsla doğrultmadı… Daha doğrusu, ona bəslənən ümidləri doğrultmaq üçün özündə güc tapa bilmədi.

“Neftçi”nin Azərbaycan birinci divizionunda ən yaxşı halda 4-5-ci yerlər uğrunda mübarizə apara biləcək “Mladost” (Monteneqro) kimi zəif rəqiblə qarşılaşmanı başıaşağı tərk etməsi, sözün həqiqi mənasında, futbolumuza ləkə saldı. Niyə bəs belə oldu? Bəlkə, bu komanda maliyyə problemləri məngənəsində boğulur? Bu səbəbdən onun üçün şərait yaradılmayıb? Xeyr, mən deyərdim ki, bu komandanın vəziyyəti digər komandalarla müqayisədə daha yaxşıdır, hətta ərz edərdim ki, çox yaxşıdır. Adi bir fakt, əvvəla, maliyyə problemi olan klub Avstriyada təlim-məşq toplanışı keçirə bilməzdi. Belə bir klub Podqoritsaya iki gün öncədən getməzdi. Bu isə o deməkdir ki, “Neftçi”nin maliyyə problemi yoxdur. “Neftçi”yə layiq olduğu şəkildə çıxış etmək lazım idi ki, bunu da bacarmadı. Bir də “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanovun sözü olmasın, “Neftçi” maliyyə problemlərindən şikayətlənsə, onda “İnter” “İnter Arena”da özünü asmalı idi ki… Bəs mərhələ adlamaq üçün nə çatmadı? Niyə belə oldu? Mən bu cür suallarla “Neftçi”nin rəhbərlərini əsla “askarbit” eyləmək istəmirəm. Ancaq istəyirəm biləm ki, bu komanda niyə mərhələyə adlaya bilmədi? (İnsafən, “Neftçi” hər iki oyunda rəqibdən yaxşı oynadı, lakin qol epizodlarından yararlana bilmədi). Bəlkə… komandada təcrübəli oyunçuların olmaması bu komandanı fəlakətə sürüklədi? Hə, elə “Neftçi”nin baş məşqçisi Samir Əliyev də uğursuzluğu bu məsələ ilə bağlamaq istəyir: “Bizə gəlincə, meydanda gənclərimizi gördünüz. Təcrübəsizlikləri öz sözünü dedi… Gənclərimizə güvənmək olar, gələcəkdə böyük işlər görə bilərik”. Hətta azarkeşlərə onlarla fəxr etməyi tövsiyə edirəm”. Amma mənə elə gəlir ki, Samir bəy bu məsələdə çox yanılır. Aqil Məmmədov, Kaue, Araz Abdullayev, Ruslan Qurbanov, Nicat Qurbanov o qədər də gənc deyillər axı? Gərək Samir bəy belə yalanları ilə fanatları aldatmağa calışmasın.

Bəs niyə “Neftçi” uğursuzluğa düçar oldu? Mənə elə gəlir ki, burada lap dərinlərə gedib nələrsə axtarmağa əsla lüzum yoxdur. Çünki müşahidələrimə görə deyə bilərəm ki, son vaxtlar “Neftçi” oynamır, onu həm gözəgörünən, həm də gözəgörüməz qüvvələr uşaq kimi oynadırlar. Zənnimcə, bu oyunlara son qoyulmasa, “Neftçi”nin Avropadakı çıxışları hələ uzun illər xəyal olaraq qalacaq. Üstəlik, artıq bu reallıqdır ki, “Neftçi” çempionatda hər hansı bir mükafat qazanmaq gücündə belə olmayacaq. Amma bu da bir fakdır ki, Müşahidə Şurası formalaşan gündən “Neftçi” belə bir duruma düşüb. Məhz o vaxtdan “axsayır”. Deyirəm, bəlkə bir eksperiment aparaq? “Neftçi”ni Müşahidə Şurasına qədərki dövrünə qaytaraq, hə? Bəs siz nə deyirsiniz?

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here