Problemli kreditlər son 4 ildə ən yüksək səviyyəyə çatıb

0
318
Mərkəzi Bankadan açıqlanan sonuncu məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları (BOKT) 20 milyard 468,1 milyon manat kredit verib. 
Əvvəlki ayla müqayisədə hesabat ayında – mayda kreditlərin həcmi 127,4 milyon manat və ya 0,6% azalıb. Verilən kreditlərin həcmi azalsa da problemli kreditlərin, yəni vaxtında geri qaytarılmayan kreditlərin həcmi artıb. Belə ki, aprel ayı ilə müqayisədə may ayında problemli kreditlərin həcmi 56,6 milyon manat və ya 4,5% artaraq 1 milyard 313,2 milyon manata yüksəlib. Cari ilin əvvəlindən ötən 5 ay ərzində problemli kreditlər 34,5%, son 1 ildə isə 45,1% artıb. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində çəkisi isə 1 ay ərzində 6,1%-dən 6,4%-ə yüksəlib. Bu nisbət ilin əvvəlində 5,3%, ötən ilin eyni dövründə isə 5,5% olub. Bu isə son 4 ildə qeydə alınan ən yüksək göstərici hesab olunur. Sonuncu dəfə problemli kreditlər 6,4% həddinə 2011-ci ildə yüksəlib.Qeyd edək ki, milli valyutada verilən 11 milyard 729,2 milyon manatlıq kreditlərin 917,2 milyon manatı və ya 7,8%-i, xarici valyutada verilən 8 milyard 738,9 milyon manatlıq kreditlərin isə 396 milyon manatı və 4,5%-i vaxtında geri qaytarılmayıb. Açıqlanan məlumatlar göstərir ki, problemli kreditlər  milli valyutada verilən kreditlər hesabına artıb. May ayında milli valyutada olan problemli kreditlər 61,3 milyon manat və ya 7,2% artdığı halda, xarici valyutada olan problemli kreditlər 3,2 milyon manat və ya 0,8% azalıb.

Cari ilin iyun ayının əvvəlinə olan sonuncu məlumata görə, ən çox kredit qoyuluşu hər zaman olduğu kimi ev təsərrüfatlarına olub. Ev təsərrüfatlarına verilən kreditlər ümumi kreditlərin 39,3%-nə bərabər olub. Bu növ kreditlər üzrə azalma baş verib. Son bir ayda ev təsərrüfatlarına verilən kreditlər 54,3 milyon manat azalıb. Bundan başqa kredit qoyuluşları ticarət və xidmət, kənd təsərrüfatı və sənaye sektorunda azalıb. Energetika, kimya, nəqliyyat və rabitə sektorlarında isə kredit qoyuluşları artıb.

 

Ən bahalı kreditlər Lənkəranda, ən ucuz kreditlər Gəncə-Qazax iqtisadi rayonlarında təklif edilib

Mərkəzi Bankdan verilən məlumatda həmçinin göstərilir ki, ölkədə kreditlər üzrə orta faiz dərəcəsi 13,1%, o cümlədən manatla kreditlər üzrə 13,6%, xarici valyutada 12,3% olub. Kredit qoyuluşunun 83,5%-i və ya 17 milyard 91 milyon manatı Bakı şəhərinin payına düşüb. Bakı şəhəri üzrə orta faiz dərəcəsi 11,9% təşkil edib. Orta faiz dərəcəsi manatla kreditlər üzrə 12,4%, xarici valyutada isə 11,3% səviyyəsində qeydə alınıb. Ümumiyyətlə Azərbaycanda ən bahalı kreditlər illik 24,2%-lə Lənkəranda verilib. Bundan başqa 23,5%-lə Dağlıq Şirvan və 23,4%-lə Aran iqtisadi rayonları ən bahalı kreditlərin verildiyi iqtisadi rayonlar hesab olunur. Ən ucuz kredit isə 9,5% olmaqla Gəncə-Qazax iqtisadi rayonunda təklif edilib. Ən ucuz kreditlərin ilk üçlüyünə 14,4%-lə Naxçıvan və 19,5%-lə Abşeron iqtisadi rayonları daxil olublar.

 

Əhali banklardakı əmanətlərini geri götürür

İyun ayının əvvəlinə olan məlumata görə, banklardakı 7 milyard 601,1 milyon manat əmanətin 5 milyard 428,5 milyon manatı və ya 71,4%-i xarici valyutada, 2 milyard 172,6 milyon manatını və ya 28,6%-ni milli valyutada olub. May ayının əvvəlində əmanətlərin 5 milyard 472,2 milyon manatı və ya 70,9%-i xarici valyutada idi. May ayında xarici valyutada olan əmanətlərin məbləği cüzi azalıb. Bu azalma, heç də əmanətlərin dollardan manata çevrilmsi ilə bağlı olmayıb. Səbəb banklardakı əmanətlərin bir hissəsinin sahibləri tərəfindən geri götürülməsidir. Xüsusi çəkinin artması isə, manat əmanətlərinin daha çox azalmasıdır. Belə ki, may ayında əhalinin əmanətləri aprel ayı ilə müqayisədə 116,1 milyon manat və ya 1,5% azalıb. Manat əmanətləri 72,5 milyon manat, xarici valyutadakı əmanətlər isə 43,7 milyon manat azalıb.

 

Bank müştərilərinin sayı artıb

Azərbaycanda bank müştərilərinin ümumi sayı ilin əvvəlindən 3,9%, illik müqayisədə isə 15,2% artaraq 2015-ci il iyunun 1-nə 5 milyon 348 min 165 nəfərə çatıb. Müştərilərin 5,2 milyon nəfəri fiziki şəxslər, o cümlədən 173,1 mini sahibkarlıqla məşğul olanlar, 1,1 milyon nəfəri isə hüquqi şəxslərdir. Bildirək ki, ölkədə bank müştərilərinin sayında ən yüksək göstərici – 5 milyon 356 min 242 nəfər – ötən ilin dekabrın 1-də qeydə alınıb.

Hesabata əsasən, müştəri hesablarının sayında da artım müşahidə olunub. Müştəri hesabları ilin əvvəlindən 6,9%, illik isə 29,1% artaraq bu ilin iyunun 1-nə 14 milyon 948 min 439 ədəd təşkil edib. Bunun da 11,4 milyon ədədi cari, 3,1 milyon ədədi kredit, 425,2 mini depozit hesablarıdır.

 

Kredit kartlarının sayı azalıb

Bankların kredit kartlarının sayında bu ilin fevral ayından başlamış azalma may ayında da davam edib. May ayında kredit kartlarının ümumi sayı 17 min ədəd azalaraq 1 milyon 264 min ədədə düşüb. Halbuki, bu ilin yanvar ayının sonunda kredit kartlarının sayı 1 milyon 322 min ədədə çıxmışdı. Həmin vaxtdan keçən 4 ayda azalma 58 min ədədə çatıb.

May ayında aprel ayı ilə müqayisədə cəmi ödəniş kartlarının sayı 11 min ədəd artaraq 6 milyon 49 min ədəd çatıb. Kartların 2 milyon 471 min ədədini sosial kartlar (pensiya, sosial yardım), 1 milyon 444 min ədədini əmək haqqı kartları, 1 milyon 264 min ədədini kredit kartları və 870 min ədədini digər kartlar təşkil edib. Mayda sosial kartlar 10 min ədəd, əmək haqqı kartları 2 min ədəd, digər kartlar isə 16 min ədəd artıb.

Sonda onu da qeyd edək ki, Mərkəzi Bank zərərlə işləyən bankların sayını 4 aydır açıqlamır. Sonuncu dəfə bu barədə məlumatı yanvar ayının yekununa əsasən açıqlayıb. Həmin vaxt ölkədəki 45 bankdan 5-nin zərərlə, 40-nın isə mənfəətlə işlədiyi məlum olub.Yanvardan bəri 4 ay ərzində bankların maliyyə fəaliyyətinin nəticələri ictimaiyyətə qaranlıq qalıb.

Allahverdi Cəfərov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here