Nə səbəbə bizim komandalar basılırlar?

0
339

Oxucularımıza məlumdur ki, növbəti avrokubok mövsümü başlayıb və bu da bəllidir ki, Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda bizim bürünc medallı “Qəbələ”miz səfərdə “Dinamo”ya (Tbilisi) 2:1 hesabı ilə uduzub, gümüş “İnter”imiz “Laçi” (Albaniya) ilə heç-heçəyə razılaşıb. Öz meydanında çıxış edən “Neftçi” isə “Mladost”la (Monteneqro) görüşdə 2:2 hesablı bərabərliklə kifayələnib.

Bu oyunlardan sonra redaksiyamıza məktublar gəlir və məktub sahibləri bizdən soruşurlar ki, nə səbəbə bizim komandalar belə basılırlar? Təbii ki, bu isti yay, həm də Ramazan günlərində məktub sahiblərinin hər birinə əlahiddə cavab yazmağı mümkün edə bilmədik. Onun əvəzinə burada öz mülahizələrimiz yazırıq ki, hamıya cavab hesab olunsun.

Çox hörmətli məktub yazanlar, komandalarımızın ümidlərimizi doğrultmamasının bir neçə səbəbi var ki, onlardan bir neçəsi bizə əyandır.

Bizə aşkar olan səbəblərdən biri budur ki, komandalarımızın oyunçuları 90 dəqiqə rəqiblərinin qabağında dayanmağı özlərinə sıxışdırmırlar. Bunu özlərinə ar bilirlər. Bir də bilmirəm, fikir vermisiniz, ya yox, meydançada olan oyunçularımızın fikirləri həmişə başqa yerdə olur. Təxmini mülahizələrimə görə, mənə elə gəlir ki, onlardan kiminin fikri yenicə açdığı dükanında, kiminin fikri yeni aldığı villasında, yaxud maşınında olur. Elə bu səbəbdən onların oyunları alınmır. Bu bir…

Bizə məlum olan ikinci səbəb budur ki, komandalarımızın oyunçuları yaxşı dərk edirlər ki, bir mərhələni keçməklə çox uzağa gedə bilməyəcəklər. Yəni növbəti mərhələdə onların iştahlarına soğan doğrayacaqlar. Bu məsələdə, insafən, onların əlində kifayət qədər fakt da var. Odur ki, onlar antirekordlara imza atmaq istəmir, elə bu başdan təslim olmağa üstünlük verirlər. Bu iki…

Üçüncü səbəb olduqca qəlizdir (Bu məsələnin kökü bir qədər dərinlərə gedib çıxır). Bu səbəbdə gözəgörünməyən qüvvələr öz işlərini görürlər. Bunu komandaların simasında izah etməyə çalışaq. Başlayaq “Neftçi”dən. “Neftçi”nin Müşahidə Şurası nahaq yerə Arif Əsədovu taxtdan saldı, lap nahaq yerə, yenə də nahaq yerə! Çünki o taxtdan düşən kimi bizim futbol mütəxəssislərindən biri demişdi ki, “Neftçi” elə bu səbəbdən Arif Əsədov tərəfdarlarının bəd duasının təsirindən bir bəlayi-nagəhana giriftar olacaq. O vədə bu sözləri gülünc hesab edirdilər. İndi bə necə oldu? Gənc baş məşqçi Samir Əliyev bilməli idi ki, bu və ya digər işə xeyir-dua almadan başlamaq kimsəyə uğur gətirməyib və gətirməyəcək də… Odur ki, nə qədər gec deyil, o, Arif bəyin xeyir-duasını alsın. Əks halda onun işi rəqib meydanında daha da fəna olacaq. Yəni demək istəyirəm ki, bu aləmdə halal harama, haram halala qarışıb. Bu kimi halların qarşısı alınmalıdır.

Qriqorçukun “Qəbələ”sinə gəldikdə isə… Həmin görüşdə “Dinamo” 10 nəfərlə qalanda tale onun üzünə gülmək istədi. Lakin Qriqorçukun meydana çıxardığı səkkiz əcnəbi bunu dəyərləndirə bilmədi. “Dinamo” isə iki qol vurmağa müvəffəq oldu. Görünür, əsas məsələ heç də kluba bu qədər maya buraxmaqda deyil. Bilmirəm, o, bu günahını yuya biləcək, ya yox, bildiyim budur ki, Topaz Premyer Liqasındakı uğurundan, deyəsən, onun başı gicəllənib. Son günlər hamı onun təşəxxüs satmağından danışır. Amma Roman müəllim unutmasın ki, onun uğurlarının arxasında özü ağırlığında qoyulan sərmayə mühüm rol oynadı. Yəni demək istəyirəm ki, bəzən sərmayə çox olanda məşqçilər ayaqlarının altındakı topu belə görə bilmirlər.

Dördüncü səbəb budur ki, elə hər dəfə komandalarımız uduzanda deyirlər: “Əllərindən gələni etdilər, amma bəxtləri gətirmədi”. Təbii ki, bütün bunlar boş bəhanədən başqa bir şey deyil. Nə qədər qəribə olsa da, belə arqumentlərlə çıxış edənlər elə komandaların rəsmiləridir. Zənnimcə, bütün uğursuzluqların səbəbkarı da elə onlardır. Saydığım digər səbəblər də bunun yanında heç nədir…

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here