Evləndiyiniz insanı təhlükəyə atmayın

0
253

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 oktyabr 2014-cü il tarixində imzaladığı “Azərbaycan Respublikasının Ali Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” qanunun və 15 dekabr 2014-cü ildə imzaladığı bu qanunun tətbiqi barədə müvafiq fərmanın icrası Mingəçevir Şəhər Xəstəxanasında da yüksək səviyyədə həyata keçirilir. Fərmana əsasən, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinəsi əsas hədəf seçilib. Əsas məqsəd sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklərin, xüsusən, talassemiya və anadan gəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısını almaqdır. Nikaha daxil olmaq istəyən şəxslərin hər biri talassemiya, QİÇS və siflisə görə tibbi müayinədən keçməlidirlər. Müayinədən sonra cütlüklərə ayrı-ayrılıqda məlumatlar verilir və onlarla tibbi genetik, tibbi psixoloji və ailənin planlaşdırlıması ilə bağlı söhbətlər aparılır. İcbari tibbi müayinənin həyata keçirilməsi üçün Mingəçevir Şəhər Xəstəxanasındakı Qan Bankında lazımı şərait yaradılıb. Mərkəz hemotoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin olunub. Götürülmüş qan nümunələrinin Bakı şəhərinə çatdırılması üçün xüsusi qan xidməti avtomobili ayrılıb. Mərkəzi Qan Bankının Mingəçevir bölməsinin müdiri Vüsalə Səfərəliyeva bizimlə söhbətində görülən işlər barədə məlumat verdi: “Şəhərimizdə iyun ayında 22 cütlük tibbi müayinə üçün xəstəxanamıza müraciət edib. Gələcək ailənin sağlamlığı naminə nikaha daxil olmaq istəyən cütlüklərdən alınan qan nümunələri Respublika Hemotologiya və Qan İnstitutuna göndərilir, iki həftə ərzində cavablar bildirilir. Hələlik həmin cütlüklər arasında daşıyıcı xəstəliklər aşkarlanmayıb. Genetik xəstəlik daşıyıcısı aşkarlanarsa, gənclər arasında psixoloji söhbətlər aparılır, həkim məsləhətinə cəlb edilir. Lakin nəticələrə əsasən, ailə qurmaq istəyən gənclərin qərarı öz istəklərinə bağlıdır. Genetik xəstəliyin daşıyıcıları evləndikləri halda, qadın hamilə qalarsa, dölün ücüncü ayında Respublika Hemotolojiya Mərkəzində müayinə aparılmalı, xüsusi testlərdən keçirilməlidir. Dölün xəstə doğulması təsdiqləndiyi halda, istəyə əsasən hamiləliyə son qoyula bilər. Bununla belə, tibbi müayinənin nəticələri barədə peşə və xidməti fəaliyyəti ilə bağlı məlumata malik olan şəxslər bu məlumatları sirr olaraq saxlamalıdır. Əks halda, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

Vüsalə Səfərəliyeva nikahdan öncə verilən tibbi arayışın bir ay müddətinə etibarlı olduğunu da qeyd etdi: “Bu qanunun qüvvəyə minməsinin gözəl bir addım olduğunu deyə bilərəm. Ailə qurduğu insanın sağlamlığı haqqında heç bir məlumatı olmayan qadın və kişilər sonralar ciddi problemlərlə üzləşirlər. Və ən əsası bu qadının dünyaya gətirdiyi körpələrin sağlamlığı təhlükə altında olur. Nikahdan öncə tibbi müayinənin vacibliyini hər kəs başa düşməli və məcburi olub-olmamasına fikir vermədən bu prosesdən keçməlidir. Çünki hazırda ölkəmizdə hər səkkiz nəfərdən biri irsi xəstəlik daşıyıcısıdır. İl ərzində onlarla uşaq talessimiyya xəstəliyindən əziyyət çəkərək dünyasını dəyişir. Bəzən ana bətnində, yaxud doğularkən ölən körpələrin ölüm səbəbləri araşdırılmır. Ola bilər ki, gen daşıyıcı olan valideynlərin problemi uşaqların ölü doğulması ilə nəticələnir. Ümid edirəm ki, Azərbaycanda da nikahdan öncə müayinə öz müsbət nəticəsini verəcək, sağlam ailənin yaradılmasında müəyyən qədər rol oynayacaq və yaxın bir neçə il müddətində, ümumiyyətlə, talessimiyalı, yaxud irsi xəstəli körpələrin doğulması faktı olmayacaq”.

Esmira Hidayətova, Mingəçevir

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here