Türk elləri: Telengit türkləri

0
280

Vaxtı ilə Altay, Sibir və Qazaxıstanın böyük hissəsini əhatə edən böyük bir dövlət quran və sonralar Rusiyanın işğalçılıq, “parçala və hökm” sür siyasəti nəticəsində adı unudulmağa çalışdırılan, tarixdə ən döyüşgən türk soylarından biri kimi tanınan, hazırda isə azsaylı xalq kimi adı çəkilən türk xalqlarından biri də Telengit türkləridir. 2000-ci il mart ayının 24-də Rusiya Federasiyası hökumətinin qəbul etdiyi 255 saylı qətnamə ilə adı azsaylı xalqlar sırasına salınan Telengit türkləri Altay Respublikasının cənubundakı Koş Aqaç və Ulaqan rayonlarında yaşayırlar. 2002-ci ildə keçirilən siyahıyalma zamanı Rusiya Federasiyası ərazisində 2400 nəfər Telengit türkünün yaşadığı məluım olub. Amma Telengit türkləri saylarının ən azı 15 min nəfər olduğunu iddia edirlər. Telengitlər özlərinin keçmiş tarixinə sahib çıxmaq və milli varlıqlarını qorumaq üçün 2004-cü ildə Telengit Federasiyasını yaradıblar.

Yaşadıqları ərazilər və tarix

Telengitlər Dağlıq Altayın Şərq hissəsində yaşayırlar. Şimalda onlar qara tatarlarla (yiş kişi), şərqdə tuvalılarla, cənubda qazaxlarla, qərbdə isə altaylılar ilə ( Altay kiji-kişi) qonşudurlar. Hündür dağlar və çətin keçilən aşırımlar onların digər xaqlarla daha sıx inteqrasiyaya girməsinə mane olaraq bu qədim xalqın özünəməxsusluğunu qoruyub saxlamasında önəmli rol oynayıb. Şimalda yaşayan telengitlər adətən özlərini teleslər də adlandırırlar. Onlar əsasən Nulışman, Başkaus və Ulaqan vadisində yaşayırlar. Adı çəkilən ərazi yüksək dağ yaylası və iki dağ çayı – Kubadra və Çibitsu ilə digər ərazilərdən ayrılıb. Çənub telengitləri Çuy çayının aşağı axarında, onun Katun çayına tökülən hissəsinə qədər olan ərazidə yaşayırlar. Cənub telengitləri özlərini çuy-kiji ( kişi) adalndırırlar. Qeyd edək ki, telengit termini tolos termini ilə müqayisədə daha geniş mənada işlədilir və onlara özlərini “tolos” adlandırmayanlar da ( az, soyın, mayma) daxildir. Toloslar bir vaxtlar telengitlərin onurğa sütununu təşkil edirdilər. Telengitlerin tarixi bölgədə özlərindən əvvəl və sonra yaşayan digər türk xalqlarınınkı ilə eynidir və onlarla o qədər sıx qaynayıb qarışıb kı, bəzən bu tarixin bögədə yaşayan türk xalqlarından hansına aid olmasını müəyyən etmək olduqca çətindir. Bunun da bir səbəbi var. Əslində bu bölgədə yaşayan xalqların hamısı eyni soylu eyni dilli eyni kökənli türklərdir. Lakin qədim dövrlərdə və orta əsrlərdə, 17-19-cu əsrlərdə isə Rusiyanın bölgədə yeritdiyi işğalçılıq və “parçala və hökm sür” siyasətinin ağır təsirinə məruz qaldılar. Bunun da nəticəsində bölgənin hər kəndində yaşayan türklər yaşadıqları yerin adı ilə adlandırılaraq eyniköklü, ancaq fərqli xalqlar kimi təqdim ediliblər. Bundan da məqsəd də onların arasına parçalanma salmaq və vahid dövlətdə birləşməsinə imkan verməmək olub. Buna baxmayaraq qədim Çin mənbələrində türk soyları müxtəlif adlar altında tanınsa da, onların eyni kökdən olması yeri gəldikcə qeyd edilib.

Məsələn, teleler (telengitlərin sələfləri) haqqında Suy sülaləsinə aid xronikada belə deyilir: “Telelərin əcdadları hunların varisləridir”

Eramızdan əvvəl 3-cü əsrdə telelər Ordosdan qərbdəki çöllərdə yaşayırdılar və onlar Tobos xanına tabe idilər. 4-cü əsrin sonlarında isə telelər şimala Cunqariyaya köç edərək Qərbi Monqolustandan tutmuş Selenqa çayına qədər olan böyük bir əraziyə yayıldılar. Telengit türkləri tezliklə Hun imperiyasının tərkibindən çıxaraq çöllərdə azad və köçəri həyat sürməyə başladılar, onlar özlərini tele adlandırırdılar. Bu ad indi də teleut etnonimində yaşamaqda davam edir”.

Əslində telelər və telengitlər eyni soyun adı idi. 492-ci ildə telengitlər soy tərkiblərində iştirak edən mundusların rəhbərliyi altında xunların axırıncı qalığı olan Yuebanın varlığına son qoydular və Telengit xanlığını yaratdılar . Xanlıq iki hissədən, şimal və cənub əyalətlərindən ibarət idi. Şimal xanı Böyük imperator titulu daşıyıtdı və ölkənin hər iki hissəsini idarə edirdi. Cənub xanlığına isə “Varis şahzadə” rəhbərlik edirdi. Telengit xanlığı o dövrə aid Çin mənbələrində “Qaoqyuy” adı altında yad edilir. 495-ci ildə eftalitlər (ağ hunlar)Telengit xanlığının cənub hissəsini, bundan bir il sonra isə şimalını ələ keçirdilər. 496-cı ildə eftalitlər əsir telengitlər arasında olan knyaz Mivotunu onlara rəhbər təyin etdilər və bununla da onları özlərinin vassalına çevirdilər. Eftalitlər telengitlərdən jujanlara qarşı mübarizədə istifadə etməyə başladılar. 508-ci ildə eftalitlər jujanlara qarşı mübarizə aparan Çinə yardım üçün telengitlərdən ibarət ordu göndərdilər. Puley gölü ətrafında baş verən döyüşlərdə telengitlər Mivotu xanın rəhbərliyi altında jujanları darmadağın etdilər. Jujanların xanı Futu isə döyüşdə həlak oldu. 516-cı ildə Futu xanın oğlu telengitlərin üzərinə hücum edərək onları məğlubiyyətə uğratdı.

Amma tezliklə Mivotunun qardaşı İfu Telengit xanlığını yenidən bərpa etdi. Lakin 525-ci ildə jujanlar yenidən Telengit xanlığına hücum etdiləqr. İvu məğlub olacaqlarını anlayaraq jujanlarla təslimçi sülh anlaşması imzalamaq istəyirdi. Lakin bunun əleyhinə çıxan qardaşı Yueqyuy onu öldürdü. Yueqyuy jujanlara qızğın müqavimət göstərdi. Ancaq o məğlub oldu. Bunu görən İfunun oğlu Yueqyuyu öldürərək hakimiyyəti ələ aldı və jujanlarla döyüşü davam etdirdi. Ancaq 540-cı ildə telengitlər məğlubiyyətlə barışmalı oldular və onların müstəqil xanlıq kimi varlığına son qoyuldu. Lakin telengitlər bununla barışmaq fikrində deyildilər. Onlar 550-ci ildə üsyan edərək Qərbi Cunqariyadan jujanların üzərinə yürüş etdilər. Onlar Xalxi rayonunda jujanlarla qəti döyşə girmək niyyətində idlər. Ancaq bu dəfə telengitlərin qarşısını Bumının rəhbərlik etdiyi türklər kəsdilər. Telengitlər Bumınla bacara bilməyəcəklərini hiss edərək döyüşsüz onların hakimiyyətini qəbul etdilər. Telengitlərin arzusunu nəzərə alan Bumın 552-ci ildə jujanların üzərinə yeriyərək onları məğlub etdi. Həmin dövrdən də telengitlər doqquz oğuzlarla birlikdə Türk xaqanlığının əsas hərbi gücünü təşkil etməyə başladılar. Telengitlər (dolanqe) uyqurlar (Yuanqe), seyanto (sirov və yanta tayfa birliyi), kibi, tubalar (Dubo), quliqan (Kurıkan-yakutların əcdadları), buqu, bayequ-bayırku, tunlo-tonqra, hun, sıqiye, husiye, hiqiye, edizı (Adiye) və baysilərlə birgəTürk xaqanlığına şəxsən Bilgə xaqana tabe idilər. Xaqanlıq parçalanandan sonra telengitlər Şərqi türk xaqanlığının daxilində qaldılar. 630-cu ildə Şərqi türk xaqanlığının varlığına Çin tərəfindən son qoyuldu. Bundan sonra 13-cü əsrin (567 il) əvvəllərinə kimi onların adı tarixi mənbələrdə çəkilmədi. Onların, həmçinin o dövrdə nə ilə məşğul olduqları müstəqil və ya hansısa dövlətin tərkibinə daxil olub-olmamaları barədə məlumat yoxdur. Yalnız Lev Qumilyev “Qədim türklər” kitabında Yuan Çaomişi mənbəyinə istinadən 1207-ci ildə Cuci xan tərəfindən itaət altına alınan xalqlar arasında telengitlərin də adını çəkir.

Çingiz xanın imperiyası dağılandan sonra (1368-ci ildə monqollar Çindən qovuldular) Mahmud xan Oyrot dövlətini qurdu və telengitlər də bu dövlətin tərkibinə daxil oldular. 16-cı əsrdə Oyrot xanlığı zəiflədi və bundan istifadə edən telengitlər mundusların rəhbəri Konayın başçılığı altında müstəqil Telengit ulusunu yaratdılar və bu dövlət öz varlığını 18-ci əsrin ortlarına kimi qoryub saxlaya bildi.

Tədqiqatçılar Telengit türkləri haqqında

Telengitlər döyüşkən türk tayfalarından olduqlarından onlar daim tədqiqatçı alimlərin diqqət mərkəzində olublar. Yenə də 7-ci əsrə aid Çin mənbələrində telengitlərin (Çin mənbələrində dolanqe) Xanqayın böyük hissəsində, Orxon çayının qərb hisəsində yaşadıqları və teles tayfalarından biri olduğu qeyd edilib. Tolos adı Orxon abidələrində adı çəkilən tolislərlə oxşarlıq təşkil edir. İlk dəfə bu amilə diqqəti tədqiqatçı alim Aristov cəlb edib. Lakin o bununla kifayətlənib. Amma bu məsələ bir müddət Qərb və Şərq alimləri arasında qızğın mübahisə obyektinə çevrildi.

Tomsen, Xirt və Şavann kimi Qərb alimləri tolisi Çin mənşəli tele, Bartold, Melioranski, Aristov və Qrum-Qrjimaylo isə onların (tele) təmiz türk mənşəli olduğunu iddia edirdilər.

Amma Qərb alimləri dediklərini sübut etmək üçün hər hansı bir sübut və ya fakt ortaya qoymurdular. Daha doğrusu onların əlində belə bir fakt da yox idi. Bunun əksinə olaraq Aristov bu adın etnonimikasını öyrənərək telelərin varislərinin teleslər deyil, telelər olduğunu sübut etdi. Qrum-Qrjimaylo isə tarixi materialları öyrənərək Aristovla oxşar nəticəyə gəldi. Telengitlərlə tolosların qaynayıb qarışması ancaq 18-ci əsrin birinci yarısında başa çatdı. Bunu aparılan tədqiqatlar da sübut edir. O dövrdə telengitlər oyratların hakimiyyəti altında idilər. Ancaq mancurların hücumu nəticəsində telengitlər Qərbi Monqolustandan Altaya köç etməyə məcbur oldular. Yeni yerdə telengitlər bu əraziyə hələ 7-ci əsrin ortalarında türkütlərin sonuncu xanı Çebi xanla birgə gələn teleslərlə qohumluq əlaqələrinə girdilər

Amma burada bir maraqlı fakta dqqəti cəlb etmək istəyirik. Belə ki, tanınmış türkoloq alimlər V. V. Radlov və N.A. Aristov türk xalqlarını və tayfalarını elmi şəkldə araşdırdıqdan sonra bu nəticəyə gəliblər ki, telengitlər, teleutlar, altay-kijilər ( kişilər), ağ kalmıklar və Altaydakı dağ kalmıkları vaxtı ilə telengit adı ilə tanınan “böyük türkdilli xalqın ana sütununu təşkil ediblər”. Telengit etnonimi qədim türk etnonimi olan teledən əmələ gəlib. Arstov bununla əlaqədar yazır: “Etiraf etmək lazımdır ki, teleutlar, telenqutlar və ya telengitlər eyni xalqdırlar. Bu xalqın əsl adı isə teledir. Ada əlavə olunan ut və ya qut şəkilçiləri sadəcə olaraq onlar üzərində monqolların ağalıq etdiyi dövrdə baş verib. Aristov “Türk xalqlarının və tayfalarının etnik tərkibi haqqında qeydlər”ində yazır ki, rus mənbələrində telengitlər daha çox ağ kalmıklar, dağ kalmıkları, teleutlar, telengitlər, zyunqarslar, oyrotlar və uryanxayslar adı altında tanınırlar. V. V. Radlov isə “Sibirdən” adlı elmi əsərində yazır: “Dil baxımından Altaylılara ən çox teleutlar yaxındır. Onlar özlərini telengit adlandırırlar”.

Radlov daha sonra belə bir nəticəyə gəlir ki, ruslara tabe edilən bütün bölgə xalqları özlərini Altaylılar adlandırırlar: “Amma sonra Çindən öz əvvəlki yaşayış yerlərinə-Şərqi Altaya qayıdan və 1866-cı ilə kimi çinlilərə və ruslara vergi ödəyən və hələ də Kalmık dövlətinə aid olduqlarını xatırlayan xalq və Altaylılar özlərini kalmık və ya oyrot adlandırırlar. Amma son vaxtlar bu xalqın adı artıq unudulmağa başlayıb. Bu xalqın əsl adı telengitlər və ya telengetlərdir… Vaxtı ilə Altaydakı dağ kalmıkları teleutlarla birgə böyük bir türkdilli xalqın əsasını təşkil ediblər”.

Azadlıq istədikləri üçün

cəzalandırıldılar

1776-cı ildə Sankt-Peterburqda İ.Q. Georci tərəfindən yazılan “Rusiya dövlətində yaşayan xalqlar, həmçinin onların yaşayışı, adət- ənənələri, dinləri, geyimləri və digər önəmli yadigarları” adlı kitab çapdan çıxdı. Müəllif bu kitabda telengitlər haqqında yazır: “Teleutlar özlərini əksər hallarda TELENQUTLAR adlandırırlar. Rusiya dəftərxanasında onları Ağ Kalmıklar arasından çıxanlar adlandırırlar. Ona görə ki, onlar Ağ dağlardan çıxıblar”.

Daha sonra Georgi qeyd edir ki, uczuz-bucaqsız Cənub çöllərində köçəri həyat keçirən xalqalrda Ağ sözü azadlıq, müstəqillik mənasında işlənir.

V. V. Radlovdan18 il əvvəl, Altaya səyahət edən Çixaçev P.A “Şərqi Altaya səyahət” adlı əsərində yazır: “Qərbi və Şərqi Altaylılar bir-birlərindən fərqlənmirlər. Onları fərqləndirən yeganə amil yaşadıqları ərazilərdir. Şərqdə, Katun çayının qərbində yaşayan tayfalar özlərini “Katun kişi”, Şərqdə, Çuy çayı ətrafında yaşayanlar isə özlərini Çuy kişi adlandırırlar. Önəm daşıyan amillərdən biri də onların hər ikisinin özlərini”TELENGİTLƏR” adlandırmasıdır”.

Q.P. Samayev isə “Dağlıq Altay 17-ci və19-cu əsrlərin ortalarında: Rusiyaya birləşmənin tarixi siyasi problemləri” adlı monoqrafiyasında yazır: “Teleutların ayrıca etnos kimi qəbul edilməsi əsaslandırılmayıb. Teleutlar mənbələrdə telengit (telenqut) etnoniminin təhrif edilməsi nəticəsində meydana çıxıblar”.

Bütün bunlar da göstərir ki, Telengit türklərini tarixin səhnəsindən silinməsini istəyən qüvvələr olub. Buna da səbəb onların Rusiya tərkibinə könüllü şəkildə daxil olmaq istəməməsi və çarüzmin işğalçılıq siyasətinə qızğın müqavimət göstərmələri olub. Belə ki, 16-cı əsrdən başlayaraq Qərbi Sibirdə Telengit dövləti vardi və bu dövlət öz ətafına bölgədəki xalqları yığaraq ruslara qarşı güclü müqavimət mərkəzi yaratmışdılar. Bu dövlət 1609-1717-ci illər ərzində Rusiyanın işğalçıılq siyasətinə qarşı mətanətlə sinə gərdi. Sonra isə Moskvanın işğalçılıq siyasəti qarşısında tab gətirə bilməyəcəklərini anlayaraq Cunqar dövlətinin hakimiyyəti altına girdilər. Bunu çar Rusiyası telengitlərə bağışlaya bilmədi. Ona görə də telengitlər işğal latına düşəndən sonra tarixi sənədlərdə onlar müxtəlif adlarla adlandırılmağa başlanıldı. Sovet hökuməti qurulandan sonra belə bu siyasət davam etdi. Telengit adı altında bölgədə muxtar bölgə yaratmaq əvəzinə qondarma Oyrot, sonra isə Altay Respublkası yaradıldı. Əslən telengitli olan tədqiqatçı Teneqrekov bununla əlaqədar yazır: “Dağlıq Altay muxtar vilayətində, Altay ökəsində, Tomsk və Kemerovo vilayətlərində yaşayan telengitlər teleut adlandırılır və onları Cənub Altaylılar qrupuna aid edirlər. Altay ölkəsində yaşayan kumandinlilər isə Şimal Altaylıları adlanır. Sovetlər çarizmin “parçala və hökm et” müstəmləkəçilik siyasətini davam etdirdilər. Onlar kumandinliləri, telengitləri, çelkanlıları, tubaları və telesləri formal şəkildə Dağlıq Altay Muxtar vilayətində Altaylılar etnonimi altında birləşdirərək və onları süni şəkildə şimal və cənub qruplarına ayıraraq onların altına geç partlayan bomba qoydular”.

Mübarizə davam edir

Telengitlərin özlərini müstəqil xalq adlandırmaq üçün dəfələrlə Rusianın ali orqanlarına müraciət etsələr də onların müraciətləri cavabsız qaldı. Yalnız 1991-ci ildə Kemerovo vilayətində yaşayan telengitlər özlərinin müstəqil xalq kmi qəbul edilməsinə nail ola bildilər. Bunun ardınca kumandinlilər, tubalar, çelkanlılar də özlərinin müstəqil xalq kimi tanınmasına nail oldular. Beləliklə “bomba” işə düşdü və telengitlər parçalandılar. Altaydakı və Sibirdəki eyni köklü türk xalqlarının birləşməsinə mane olmaq üçün çar Rusiyası dövründə həyata keçirilən siyasət sovet dövründə daha sərt şəkildə davam etdirildi. Necə deyərlər məşhur tarixçi, əslən qıpçak türkü olan Murad Acinin dediyi kimi oktyabr çevrilişindən sonra bolşeviklər pantürküzmlə mübarizə pərdəsi altında türklərə və türk mədəniyyətinə qarşı açıq müharibə elan etdilər. Bu müstəvidə də həyata keçirilən ən çirikin və düşmən addımlardan biri türk adının silinməsi cəhdləri ilə bağlı oldu. Bolşevik rəhbərləri Balkanlardan Uzaq Şərqə kimi uzanan böyük bir ərazidə yaşayan türk etnoslarının gələcəkdə özlərinə dövlət tələb edə biləcəklərindən ehtiyat edirdilər. Ona görə tarixi əlverişli siyasi vəziyyətdən yararlanmaq istəyən türk xalqlarını parçalamağa, onlara etnik köklərini unutdurmaq üçün yaşadıqları ərazinin adı ilə ad verməyə başladılar. Məqsəd bu ad altında yeni “millət” ortaya çıxarmaq və sonra da asanlıqla onların assimilyasiya edilməsinə nail olmaq idi.

Xatırladaq ki, Rusiyanın ali orqanları hələ çarizm dövründə xaricdən alimlər gətirdərək, onlara türk tarixini saxtalaşdırmaq üçün pullar ödəyirdilər.

Bu alimlər hər yerdə türkləri vəhşi köçərilər adlandırmağa və türk xalqlarını parçalamağa başladılar. Onlardan biri də Q. F. Miller idi. Rusiya Elmlər Akademiyasının sifarişini yerinə yetirən Miller “Sibir tarixi”ni yazdı. Bu “tarixi” əsəri redaktə edən Lomonosov Millerdən tələb edirdi ki, orada Rusiyanın imicinə kölgə sala biləcək bütün faktlar yox edilsin və bölgə xalqlarının könüllü şəkildə Rusiyaya birləşdiyi barədə imic formalaşdırılsın. Guya Rusiya həmin xalqlara qarşı ancaq məcbur olanda ağır addımlar atıb. Ona görə də Miller ruslara qarşı azadlığı uğrunda mübarizə aparan Telengit türkləri ilə bağlı bütün faktları məhv etdi və ya saxtalaşdırdı.

Təsərrüfat fəaliyyəti

Telengitlər yaşadıqları əraziyə uyğun olaraq, təsərrüfat fəaliyyəti ilə məşğul olurlar. Çöl və dağ-çöl zonalarında yaşayan telengitlər yarıköçəri (yaylaj-yaylaq) və köçəri həyat keçirirlər. Köçəri həyat keçirən telengitlər əsasən heyvandarlıqla məşğul olurlar. Bundan əlavə, onlar ovçuluqla və əkinçiliklə də məşğul olurlar. Altayda yaşayan digər xalqlar kimi, telengitlər də metaləritmə ilə məşğul olurlar və onlar vaxtilə mahir silah ustaları kimi tanınıblar. Vaxtilə Sibirdən tutmuş Manqışlaq yarımadasına kimi uzanan böyük bir ərazidə Telengit dövlətini quran telengitlər hazırda Altay Respublikasının Koş-Aqaç (Ere-Çuy) və Ulaqan aymakında yaşayırlar. Koş-Aqaç Altayın cənub-şərqində yerləşir. Aymak Şərqdə Tuva Respublikası, cənub-şərqdə Monqolustan, cənubda Çin, qərbdə isə Qazaxıstanla sərhəddir. Bu ərazi dağlarla əhatə edilib. İqlimi az qarlı, ancaq olduqca sərtdir. Yayı qısa, quru və sərindir. Ərazi dəniz səthindən 1400-2000 metr yüksəklikdə yerləşir.

Telengitlərin bu iqlim şəraitində yaşamaları onların həyatında, maddi mədəniyyətlərində özünəməxsus iz buraxıb. Məsələn, telengitlər üçün keçə yurtlar (evlər, kereqe və ya kiyis aıl)) xarakterikdir. Onlarda da bütün türk xalqlarında olduğu kimi, evlərin qapısı şərqə, gündoğana açılır. Ənənəvi evlərindən biri konusvari şəkilli cum (alançik-alaçıq) hesab edilir. Alaçığın üstü ağacdan hazırlanan materiallarla, o cümlədən keçə ilə örtülür. Belə bir yaşayış evi ənənəsi telengitlərdə günümüzdə belə qalmaqda davam edir. Belə alaçıqlar, xüsusilə, toy mərasimləri zamanı önəmli rol oynayır.

Yuxarıda qeyd etdiyimiz kimi, telengitlər heyvandarlıqla, kənd təsərrüfatı ilə məşğul olur, dəvə və yak saxlayırlar. Yak və dəvədən yalnız təsərrüfat ehtiyaclarını ( ət, süd, yun) ödəmək üçün deyil, həm də nəqliyyat vasitəsi kimi istifadə edirlər. Telengitlərdə ata böyük bir məhəbbət var. Onlar atı “kijinin kanadı” (kişinin qanadı) və erjine (daşqaş) adlandırırlar. Bundan əlavə, telengitlər xırdabuynuzlu mal-qara (qoyun, keçi) də saxlayırlar.

Adət-ənənələri, din

Çarizm tərəfindən ardıcıl olaraq assimilyasiyaya, təzyiqlərə məruz qalmalarına baxmayaraq, telengitlər milli adət-ənənələrini günümüzə qədər qoruyub saxlaya biliblər. Etnik özünəməxsusluq telengitlərin gündəlik həyatında dəqiqəbaşı özünü hiss etdirir. Telengitlərdə yeni ilin gəlməsi münasibətilə keçirilən Çaqa (çaq-çağ, dövr) bayramı qədimlərdən geniş yayılıb. Hətta sovet hökumətinin qılıncının dalının da, qabağının da kəsdiyi dövrdə belə onlar Çaqa bayramını gizli şəkildə xüsusi mərasimlə qeyd ediblər. Çaqa bayramı həm də ailə bayramıdır. Bu bayramda insanlar evlərini təmizləyir, özləri də ruhən, mənən təmizlənir, pis adətlərdən uzaq dayanır, insana ağır söz demir, onunla mümkün qədər mehriban davranmağa çalışırlar. Bu bayrama “Sa-salar” adlı xüsusi mərasim xasdır. Onlar odun qarşısında əyilərək ondan sülh, əmin-amanlıq və xoşbəxtlik diləyirlər. Çaqa bayramının keçirilməsi ulduzların hərəkətindən asılıdır. Belə ki, telengitlər tərəfindən Meçin yıldıs ( Pleyadı) Ayın yanından ötərkən bayram başlanır.

“Sa-salar”a gəlincə, bu mərasim yaşayış məskəninin şərqində hündür yerdə həyata keçirilir. Əvvəlcə, oraya daşlar yığır və bir qaba bənzər daş hazırlayırlar. Günəşin ilk şüaları düşəndə ev sahibi evdə yaşayanlarla birgə milli paltarda həmin yerə gəlir və orada mojjevelnık (arçın) yandırırlar. Sonra ora süddən hazırlanan yeməklər, o cümlədən ət qoyurlar. Oda süd və çay çiləyir, ətrafında 4 dəfə dairə vururlar. İrəlidə gedən odun ətrafına fırlandıqca onun üstünə su çiləyə-çiləyə yeni ildən səadət və xoşbəxtlik diləyir. Bundan sonra ora ağ, sarı və mavi çiçək rəngində lent bağlayırlar. Bununla mərasim başa çatır və onlar evə gələrək milli bayram üçün hazırlanan xüsusi yeməkləri yeyirlər. Sonra bir-birilərindən soruşurlar: “Yıldı kandı çıkkan?” (İli necə keçirdin?) Bundan sonra xalq gəzintisi, idman bayramları başlayır.

Telengitlərdə toy ənənəsi də özünəməxsusdur. Nişan mərasimi zamanı qızın yaxın qohunlarına, xüsusən də dayısına oğlan tərəfindən dəri qablar hədiyyə edilir. Bu, dayının razılığını almaq üçün edilir. Toy da bütün türk xalqlarında olduğu kimi, xüsusi təmtəraqla keçirilir. Telengitlər ruslar tərəfindən xristianlaşdırılsa da, onlar şamanizm adət-ənənələrini indi də qoruyub yaşatmaqda davam edirlər.

Folklor

Koş-Aqaç Rusiyada qədim folkloru, boğaz oxumaları, qəhrəmanlıq nağıllarını olduğu kimi günümüzə çatdıran tək-tük yerlərdən biridir. Qeyd edək ki, Altay Respublikasında hər il “El-Oyın” xalq və “Jaear” folklor bayramları keçirilir. Bayrama dünyanın hər yerindən qonaqlar dəvət edilir. Bayram ağsaqqalların iştirakı ilə mərasim yerinin işıqlandırılması ilə başlanır. Sonra milli oyunlar keçirilir, qəhrəmanlıq eposlarından teatrlaşdırılmış səhnələr göstərilir. “Jaear”da milli mahnılar oxunur, xalq yaradıcılığı nümayiş etdirilir. Koş-Aqaç rayonunda milli ənənələri qoruyub saxlamaq və inkişaf etdirmək üçün 2000-ci ildə Telengit Mədəniyyət Mərkəzi yaradılıb. Mədəniyyət Mərkəzinin nəzdində Tala Folklor Ansamblı fəaliyyət göstərir. Ansambl Ulan-Udedə keçirilən folklor festivalında 2-ci, Ufada təşkil edilən “Ural-mono-2004” türk xalqları festivalında isə birinci yeri tutub. Mədəniyyət Mərkəzinin nəzdində milli geyim və suvenir sexi, muzey var. Burada həmçinin yerli şairlərin şeirlərindən ibarət almanax buraxılır. Bir sözlə, Telengit türkləri tarixin səhnəsində qalmaq və yox olub getməmək üçün mübarizə aparırlar. Bu məqsədlə onlar keçmişdəki adət-ənənələrini dirçəltmək, yaşatmaq istəyirlər. Bu müstəvidə də Telengit türkləri arasında hər il yayda qədim idman növlərindən biri olan at üstündə güləş (kurəş) və ot üstündə güləşi yarışları keçirilir. Bu yarışların qalibləri milli dildə elan olunur və bayramda hamı bir-biri ilə milli dildə danışır. Telengitlər yay istirahətlərini də dədə-baba qaydasında keçirməyə cəhd edir, səfalı yerdə, dağın ən yüksək yerində və ya çay kənarında çadır quraraq orada dincəlməyə, yeyib-içməyə üstünlük verirlər. Özü də onlar istirahətlərini tək-başına deyil, yaxın qohum-qardaşlar, dostlarla birlikdə keçirirlər. Telengit türkləri arasında ailəvi istirahət də geniş yayılıb. Belə ənənəvi ailəvi istirahətlərdə milli ənənələrə xüsusi riayət edilir. Gündəlik avropasayağı geyimlərlə müqayisədə ailəvi istirahətlərdə milli geyimlərə üstünlük verilir, eyni zamanda bir neçə, bəzən 5-10 ailə bir süfrə arxasında oturmağa üstünlük verirlər. Süfrənin bəzəyi, ən ləzzətli yeməkləri isə milli yeməklər olur. Belə ənənəvi ailə istirahətləri telengitlər arasında milli adət-ənənələrin yenidən dirçəldilməsinə və qorunub saxlanılmasına xidmət edir.

Bununla belə, assimilyasiya siyasətinin davam etməsi Telengit türklərinin saylarının gündən-günə azalması ilə müşahidə olunmaqdadır. Bu isə şanlı tarixə, keçmişə malik olan telengit və bütün türk dünyası üçün faciə deməkdir…

ƏZIZ MUSTAFA,

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here