Savab qazanarkən sağlamlığınızdan olmayın!

0
273

Artıq bir neçə gündür ki, səmimiyyətin, birliyin və bərəkətin nümunəsi hesab olunan Müqəddəs Ramazan ayı oruc tutularaq qeyd olunur.

Ötən il olduğu kimi bu il də yay aylarına təsadüf edən Ramazan ayında insanlar təxminən 17-18 saat yemək və içməkdən imtina edirlər. Qida qəbulu üçünsə cəmi 7 saat vaxt qalır. Bu qədər qısa müddət ərzində qəbul edilən qidalar çox vaxt mədədə problemlərə və digər xəstəliklərə yol açır. Buna görə də oruc tutanların səhhətində baş verəcək problemin qarşısını almaq üçün iftar və sahurda qəbul edəcəkləri qidaları diqqətli seçmələri əhəmiyyət daşıyır. Eyni zamanda, Ramazan ayında imsaq vaxtının əvvəlki illlərlə müqayisədə səhər deyil, gecəyə daha yaxın olması səbəbilə bir çoxlarını gecədən yemək yeyib yatırlar. Tibb Universitetinin həkim-qastrointoloqu Habil Hüseynov səhər yeməyinin qəbul olunmadığı təqdirdə maddələr mübadiləsinin pozulduğunu və nəticədə daha tez aclığın hiss olunduğunu vurğuladı: “Xüsusilə səhər yeməklərinə diqqət edilməlidir. Səhər sadəcə su içməklə kifayətlənənlər bunun orqanizm üçün zərərli olduğunu unutmamalıdır. Çox ədviyyatlı, duzlu yeməklərdən uzaq durmaq məsləhətdir. Səhər pendir, yumurta, süd kimi proteinli yeməklərə üstünlük verilməlidir. Bunlar həm də insanı uzun müddət tox saxlayır. Yeməklər birdən-birə mədəni yükləyəcək şəkildə deyil, yavaş-yavaş, 10-15 dəqiqə fasilə verilərək yeyilməlidir. İftarda meyvə-tərəvəzə üstünlük vermək və yeməkdən sonra açıq havada yerimək daha məqsədəuyğundur. Həddindən artıq olmamaq şərti ilə, 2-3 stəkan maye qəbul etmək lazımdır. Çox şirin, çox yağlı yeməklərdən mümkün qədər uzaq durmaq tövsiyə olunur”.

“İftarda doyma hissi gələnə kimi dayanmadan yemək doğru deyil”

“Ramazan ayı süfrədə yemək çeşidinin ən çox olduğu vaxtdır. Hətta iftar süfrələrindəki yemək bir insanın doyacağından qat qat artıq olur. İftar zamanı qanda şəkərin miqdarı azaldığına görə insanda çox yemək yemə istəyi yaranır”, – deyən H. Hüseynovun sözlərinə görə, uzun müddət ac qaldıqdan sonra birdən-birə ağır yemək qəbul etməyin mədənin həddən artıq yüklənməsinə səbəb olur: “İftarda doyma hissi gələnə kimi dayanmadan yemək doğru deyil. Axşam yeməyi mütləq fasilələrlə qəbul olunmalıdır. Beləki, orucunu su və xurma ilə açdıqdan sonra bir az başqa işlə məşğul olmaq, daha sonra pomidor, xiyar kimi yağsız qidalar qəbul etmək və yeməyə şorba ilə davam etmək daha yaxşı olardı. İnsan doyma refleksini 20 dəqiqə sonra hiss edir. Fasilə vermədən yemək yeyilərsə, doyma refleksi gələnə qədər insan normadan artıq qida qəbul etmiş olur. Bu da mədənin normadan artıq dartılmasına, həzm fermentlərinin pozulmasına və bağırsaqlarda şiş, köp kimi problemlərin yaranmasına yol açır. Yeməkdən sonra ağır şirniyyatlardan uzaq durmaq lazımdır. Yeməkdən 1-2 saat sonra meyvə və ya çay içilə bilər. Lakin şərbətli və unlu məmulatlardan uzaq durmaq məsləhətdir. Daha yaxşı olardı ki, mövsümi meyvələrdən və süddən hazırlanan şirniyyatlara üstünlük verilsin. Ramazan ayında yuxu və qidalanma rejiminin kəskin dəyişməsi orqanizmdə maddələr mübadiləsi prosesinə də təsir edir. Belə ki, isti və nəmin təsirindən bədənin temperaturu artır və bədən bu yeni vəziyyətə adaptasiya olmağa çalışır. Tərləmə nəticəsində itirilən maye sonradan əvəz olunmalıdır. Iftardan sahura qədər olan aralıqda bol miqdarda su içilməsi, təzə sıxılmış meyvə suları, ayran və s. qəbul edilməsi daha məqsədəuyğundur”.

Xəyalə Sadıqova

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here