Yaman əşyabaz olmuşuq

0
395

İşin yorğunluğundan, müdirin danlağından ilan ağzından qurtaran qurbağa kimi ayaqlarını sürüyə-sürüyə evin yolunu tutursan.

Evə çatanda da “orda oturma”, “burda durma”, “örtüyü qırışdırma” qadağaları ilə qarşılanırsansa, yediyin-içdiyin də burnundan gəlir. Ev dediyin günün stresindən, yorğunluğundan qurtarmaq, hamının acığını bir təhər həzm edib rahat olmaq üçündür. Çatan kimi özünü yıxırsan kresloya və “çay” deyib qışqırırsan. Kresloda rahat ola bilməsən, divana sərələnirsən. Hər kəsin bir sevimli bucağı var evində: ya bir kreslo, ya divan küncü, ya qədimi bir taxt, ya da divar dibindəki döşəkçənin üstü.

Ev insanın bu dünyada rahat olduğu tək ünvandır. Ev insan üçündür, insan ev üçün deyil.

Amma bu gün Azərbaycan evi deyəndə çoxumuzun ağlına divar boyu tavana qədər boy verən servant və servanta düzülmüş müxtəlif qab-qacaqlar, piyalələr, illər boyu bircə dəfə də olsun işə yaramayan serviz dəstləri gəlir. Amandır, əl vurmayın! Bircə dənəsi qırılsa, hamısı gözdən düşər. Zarafat deyil, ananın cehizidir. Demək iyirmi ilə yaxındır ki, eləcə orda durur. Özü də nə az, nə çox, bəlkə də bir maşının pulu verilib o qab-qacağa. Amma heç vaxt işə yaramayıb, sadəcə bəzək əşyası kimi servanta düzülüb, vəssalam.

Evin ortasında böyük bir masa var, yaşı yetmişdən yuxarıdır. Deyirlər ki, baba onu Ağdam bazarından alıb, özü də qoz ağacındandır. Hər dəfə yanından keçəndə ya ilişirsən, ya da bir yerin dəyib ağrıyır. Toxuna bilməzsən, çünki etirazlar yüksələr, səni baba yadigarına qarşı hörmətsizlikdə ittiham edərlər. Amma bu masa evdə hər kəsin yerini dar eləyir. Yöndəmsiz, camış ayağı yoğunluğundakı dörd nataraz ayağı, tünd şabalıdı rəngi, arabir qopmuş lakı ilə adamın canını sıxır. Dediyimiz kimi, toxuna bilməzsən, neçə mühafizəçisi var. Zarafat deyil, əntiq əşyadır, gərək nəsildən-nəslə keçə.

Divarda kəfkirli saat var. Bu da kiminsə yadigarıdır, heç doğru-düzgün də işləmir, amma orda durmalıdır.

Saatdan bir qədər sağda saralmış bir şəkil asılıb. Babanın babasıdır. Hansısa yarımçıq sənətkar köhnə bir şəklim üstündə retüş edəndən sonra kişinin əyninə palasalı pencək “geyindirib”. Kişinin başındakı papağı ilə pencəyi arasındakı uyumsuzluq ilk baxışdan adamın diqqətini çəkir. Əslində sən o kişinin adını da doğru-düzgün bilmirsən, amma gözünü açandan o motalpapaq kişini divarda görmüsən.

Canın sıxılır, nə qədər elektrik işığında oturmaq olar axı? Durub pəncərəni açmaq istəyirsən ki, gün işığı görəsən. Ay-hay! Qırx taxtalı tuman kimi çin-çin vurulmuş pərdənin qapı-bacasını tapa bilmirsən ki, pəncərəni açasan, evə gün işığı girə. Bilmirsən üçqatdır, beşqatdır, nə qədər əlləşirsən, bir şey çıxmır. Özü də çox məşhur bir firmanın məhsuludur, hər gün televiziyada reklamı gedir. Xanım bir anda başının üstünü alır, hiss edirsən ki, narazıdır. Pərdədən də əlini üzüb əvvəlki yerindəcə büzüşüb oturursan.

Divardan xalça asılıb. Bu da cehizdir, sən dəfələrlə onu ordan açıb ayaq altına atmaq istəsən də, xanım razı olmayıb. Daha o xalçanın çeşnilərinə baxa bilmirsən, hər dəfə ağlına gələn fikir bu olur ki, o divardan asılmış təbii tozsorandır.

Hansını sayım, hansını deyim? Ev deyil ki, muzeydir. Heç nəyə toxunmaq olmaz, heç nəyi tərpətmək olmaz.

Cəmisi iki otaqdır, uşaqlara az qala oturub-durmağı yasaq edirlər: amandır, nəyisə qırarsan, nəyisə aşırarsan… Ona görə də hər dəfə yazıqlar həyətə düşəndə vəhşi kimi o tərəf-bu tərəfə o qədər qaçışır, atılıb düşürlər ki, dizləri, dirsəkləri ya qanlı, ya da ən yaxşı halda toz-torpaq içində evə dönürlər.

Halbuki otağın az qala yarısını işğal edən o masanın yerində uşaqlar rahatca oynayar, dairə vurub otura bilərlər.

Öz aramızdır, çox əşyabaz olmuşuq, hər şeyin qədrini bilirik, bircə insandan başqa. Hər şey dəyərlidir, bircə insandan savayı…

Evi gərəkli, gərəksiz şeylərlə doldurulub. Hara baxsan, bir darısqallıq görürsən. Heç nəyə toxunmursan, çünki hələ evlənəndə söz vermisən ki, evin içi xanımın işidir.

Amma evdə rahat ola bilmirsənsə, daha onun harası ev oldu ki?!

Əli Çərkəzoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here