Bir az da müğənnilərimiz barədə

0
387

Son illər bəzi müasir müğənnilərimiz çox qəribə arqumentlərlə çıxış edirlər.
Məsələn, bir də görürsən ki, bu və ya digər verilişə dəvət olunmuş bir müğənni xalqın adından çıxış edir, üstəlik, yeri gəldi, gəlmədi “Xalq məni sevir” kimi bəyanatlar səsləndirir. Fikrimizcə, belə bəyanatlar həmin müğənnilərin cılızlığını ortaya qoyur. Çünki xalqına məhəbbəti olan sənətkar heç vaxt belə bir ifadəni dilinə gətirməz. Nə qədər qəribə olsa da, verilişlərin aparıcıları nəyinsə xatirinə belələrini qaldırıb dağın başına qoyurlar.

Hə, bir də görürsən ki, bəzi müğənnilər tamaşaçıdan alqış tələb edirlər. Hətta onları qıcıqlandırmaq məqsədi ilə “əl çalın”, “əlləri görmürəm” deməkdən belə çəkinmirlər. Lakin həmin müğənnilər nədənsə düşünmək istəmirlər ki, öz sənəti – öz səsi, səhnə mədəniyyəti ilə qəlblərə yol tapanda tamaşaçı onları heç zaman alqışsız qoymur. Alqışlanmırsansa, deməli, tamaşaçı səni buna layiq görmür. Daha buna görə dəridən-qabıqdan çıxmağa, tamaşaçının üstünə getməyə nə hacət? Axı bu hüququ sizə kim verib? Fikrimizcə, bu, tamaşaçını mədəni şəkildə zorlamaqdan başqa bir şey deyil.

Bir də görürsən ki, hansısa müğənni bu və ya digər konsertin əvvəlində, yaxud sonunda çıxış etməsindən, bunun da onun super sənətkar olmasından irəli gəlməsindən elə danışır ki, qalırsan mat-məəttəl. Hətta eşitdiyimə görə, bu kimi səbəblərdən bəzi konsertlərdə müəyyən qanqaraçılıqlar da baş verir. Lakin nədənsə belələrini yerlərində oturtmağa sanki cəsarətimiz çatmır.

Hə, son illər müasir müğənnilər arasında mahnı davası da yaman moda minib. Hətta iş o yerə çatıb ki, bəzi müğənnilər buna görə tamaşaçıların qarşısında çıxış edərkən həmkarlarının ünvanlarına hədyanlar yağdırmaqdan belə çəkinmirlər. Sözün düzü, adlı-sanlı müğənnilərdən belə şeylər eşidəndə istər-istəməz onların əxlaqına, mədəniyyətinə şübhə ilə yanaşırsan. Hələ bütün bunlar bir yana… Mahnı davaları nəticəsində bəzi müğənnilər bir-birinə qənim kəsilirlər. Məsələn, bu günlərdə görkəmli bəstəkar Fikrət Əmirovun məşhur “Neyləmişəm” mahnısı iki xalq artistini – İlhamə Quliyeva ilə Brilliant Dadaşovanı bir-birinə düşmən edib. İlhamə xanım həmkarını məhkəməyə verməklə təhdid edərək ona həmin mahnını oxumağı qadağan edib. İlhamə xanım Fikrət Əmirovun bu və bu qəbildən olan 20 mahnısını ona həsr etdiyini əsas gətirərək bildirib ki, digər müğənnilərin həmin mahnıları ifa etməyə ixtiyarı yoxdur. Ay camaat, vallah, bu olduqca gülməli bir arqument deyilmi? Sözün düzü, gülməli olmasa idi, mən heç bu mövzuya müraciət etməzdim. Əvvəla, mənim bildiyimə görə, heç bir müğənninin həmkarına hansısa mahnını oxuyub-oxumamasına veto qoymaq haqqı yoxdur. İkincisi, bəstəkar mahnısına qadağa qoymaq heç bir müğənninin səlahiyyətinə aid olan məsələ deyil. Üçüncüsü, görəsən dünyanın hansı ölkəsində hansısa müğənni hansısa bəstəkarın mahnısını oxuduğuna görə həmkarını məhkəməyə verib, hə? Bəlkə, belə bir fakt var, xəbərimiz yoxdur? Görünür, İlhamə xanım bu addımı ilə “Ginnesin rekordlar kitabı”na düşmək niyyətindədir.

Bir də görəsən, doğrudanmı, Fikrət Əmirov sənəd əsasında həmin mahnıları İlhamə xanıma peşkəş edib? Yenə deyirəm, mən biləni hələlik bizim sənət aləmində bu faktı təsdiq edəcək bir sənəd-filan yoxdur axı… Bir də şəxsən mən inanmıram ki, elə bir bəstəkar belə bir addım atsın. Çünki o yaxşı bilirdi ki, mahnı yaşamaq üçün bəstələnir. Digər tərəfdən, Fikrət Əmirovun yaxınları ola-ola hansısa müğənninin onun mahnıları üzərində hökmranlıq etməsi mənə qəribə gəlir. Görünür, İlhamə xanım yeni bazar açmaq fikrinə düşüb. Amma mənə elə gəlir ki, ona “bazar olsun” deyən bir kimsə tapılmayacaq.

Hə, bir də… Həmkarlarımdan çox xahiş edirəm ki, bu mövzuda yazılar yazmasınlar. Niyə? Çünki buna da mən veto qoyuram. Yoxsa belə qadağalar qoymaq ancaq müğənnilərə məxsusdur, hə?

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here