İkili standartlar dini və milli tolerantlığa zərbə vurur

0
356

Etnik baxımdan dünyanın ən zəngin ölkələrindən biri bizim məmləkətimizdir – Azərbaycandır.

Respublikamızda yaşayan etnik qrupların bir çoxu bir kənd, bəzən də bir neçə ailə ilə təmsil olunurlar. Əsrlərdir ki, onlar əmin-amanlıq şəraitində yaşayır, kimsə tərəfindən təzyiq görmür, dilini, mədəniyyətini, adət-ənənələrini də nəsil-nəsil yaşadırlar. Bir faktı da xüsusi vurğulayaq ki, bu azsaylı xalqların heç də hamısı müsəlman deyil. Elə götürək Qəbələ rayonunun Nic kəndini… Bu kəndin sakinləri xristiandırlar. Özü də onların xristianlığı ənənəvi xristian sektalarından bir çox mühüm cəhətləri ilə seçilir. Bu sözləri İsmayıllının İvanovka kəndində yaşayan malakanlar haqqında da demək olar. Ermənilərə gəldikdə, bu gün ölkəmizdə yenə də ermənilər yaşayır və heç kəs onların dininə heç bir şəkildə müdaxilə etmir.

Bəli, mübaliğəsiz demək olar ki, bu gün ölkəmizdə dini və milli tolerantlıq, millətlərarası münasibətlər öz yüksək mərhələsindədir. Yeri gəlmişkən, respublikamızda tolerantlıq ənənələrinin olması və bu gün də yüksək səviyyədə davam etdirilməsi istər beynəlxalq təşkilatlar, istərsə də dünyanın nüfuzlu din xadimləri, din mərkəzləri səviyyəsində təsdiqini tapmış faktdır. Kiminsə dini əqidəsinə, milli mənsubiyyətinə görə burada təzyiqə məruz qalması, yaxud hər hansı bir xoşagəlməz münasibətlə üzləşməsindən giley belə qeydə alınmayıb. Bu da bir daha Azərbaycanın tarixən tolerant münasibət sərgiləyən ölkə olduğunu sübut edən daha bir faktdır.

Onu da qeyd edək ki, bu tarixi ənənənin qorunub saxlanılmasında dövlətimizin rolu çox böyükdür. Bu gün ölkəmizin dövlət strukturlarında, hətta rəhbər orqanlarda, parlamentdə kifayət qədər başqa millətlərə və dinlərə məxsus olan şəxslər təmsil olunurlar.

Azərbaycan yaxşı dərk edir ki…

Bəli, qloballaşma və inteqrasiya prosesinin sürətlənməsi nəticəsində dünyanın geosiyasi arenasında ciddi dəyişikliklər baş verir. Belə bir şəraitdə ümumbəşəri dəyər kimi müxtəlifliyin qorunması, dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi olduqca vacibdir. Bu mühüm məsələ də ölkəmizdə diqqət mərkəzindədir. Yeri gəlmişkən, onu da qeyd edək ki, əhalisinin əksəriyyətinin İslam dininə bağlı olduğu məmləkətimizdə dəfələrlə bu mövzuda beynəlxalq tədbirlər keçirilib (Bu tarixi missiyada ən fəal rol, təşəbbüskarlıq və təşkilatçılıq Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım Əliyevaya məxsusdur). Bu mənada biz dini və milli tolerantlığı, millətlərarası münasibətlərin inkişaf etdirilməsini önə çıxarmış bir xalq olaraq, bu sahəyə öz töhfəmizi vermişik və onun daha da möhkəmlənməsi üçün əlimizdən gələni etmişik və etməkdəyik. Çünki Azərbaycan yaxşı dərk edir ki, dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsində, daha doğrusu, müxtəlif dinlərə mənsub insanların əmin-amanlıq şəraitində yaşamaları üçün belə tədbirlərə hava, su qədər ehtiyac var. Belə tədbirlər müxtəlif dinlərə mənsub xalqların, millətlərin varlığını davam etdirə bilmələri üçün mühüm faktordur.

Etiraf edək ki, dini və milli tolerantlıq, millətlərarası münasibətlərin yetərincə inkişaf etdirilməsi dünya səviyyəsində yetərincə dəstəklənmir. Fikrimizcə, bu da bəzi dövlətlərin söz açdığımız məsələyə can-dildən yanaşmamalarından irəli gəlir. Yəni bəzi xristian ölkələr bu məsələdə heç də səmimi deyillər. Həmin dövlətlər İslam dinini, onun mənsublarını dünyanın gözündən salmaq üçün terrorçu dəstələr, qruplar, cəmiyyətlər qurur, sonra səhnəyə çıxarır, cinayətlər törətdirir, qatili müsəlman olaraq təqdim edirlər. Əslində onlar bununla daxili problemlərini ört-basdır etməyə, əhalinin başını olmayan bir məsələ ilə qatmağa, diqqəti öz çirkin əməllərindən yayındırmağa çalışırlar.

Başımıza gələnlər…

Yeri gəlmişkən, onu da qeyd edək ki, bu gün dünyada baş verən münaqişələrin təməlində din faktorunun dayanması inkarolunmaz həqiqətdir. Bu fikri əsaslandırmaq üçün heç uzaq tarixə müraciət etməyə ehtiyac yoxdur. Qarabağ məsələsi ilə bağlı başımıza gələnlər, daha doğrusu, həqiqətin gün kimi ortada açıq-aydın görünməsinə, bizim tam haqlı tərəf olmağımıza baxmayaraq, müxtəlif ssenarilərlə baş qatılır, illər bir-birinin ardınca yola salınır, ortada isə hər hansı nəticə görünmür. BMT kimi bir təşkilat özünün dörd qətnaməsinin saya salınmamasına, boş və mənasız kağız parçası kimi bir kənara atılmasına əhəmiyyət vermir (Bu yerdə istər-istəməz dillənirsən: “Hanı, haradadır ayağı daşlar arasında qalmış bir heyvanın, sudan kənara çıxıb geri qayıda bilməyən bir tısbağanın harayına yetişən “humanistlər?”) Ona görə də bəzən: “Azərbaycan da xristian ölkəsi olsaydı, problem bu qədər uzanmazdı”, – deyənlərə qarşı əsaslı bir arqument tapa bilmirsən. Bəli, Qarabağ probleminin meydana çıxmasından ən çox zərər çəkən biz, sadəcə, dini mənsubiyyətə görə ən çox müdafiə edilən isə Ermənistandır. Bu həqiqətdir, amma yenə də öz mənəviyyatımıza, əxlaqımıza sadiq qalaraq zeytun budağını ilk uzadan da bizik.

Bu bir həqiqətdir ki, bəzi ölkələr yüz il bundan əvvəl ermənilərin uydurduqları soyqırımı ətrafında hələ də dövrə vurmaqdadırlar. Bəli, bu gün dünyanın bəzi gücləri tərəfindən erməni qətliamı barədə dövlət səviyyəsində qərarlar qəbul edilib. Hətta Fransa kimi bir ölkə elə bir qanun kəşf edib ki, uydurulmuş o tarixi yalanı rədd edənlər həbsə məruz qalırlar. Təsəvvür edirsinizmi, belə qanun çıxaranlar dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsindən, eləcə də fikir, söz azadlığından, demokratiyadan bəhs edir, dünyaya dərs keçirlər.

Yaxud başqa bir misal: Suriyada, İraqda, Myanmarda, Əfqanıstanda, Livanda, Fələstində, Qəzzədə, Misirdə, Sudanda, Liviyada, daha haralarda nələr baş verir? Bu ölkələrin heç biri silah istehsal etmir. Bəs bu qədər silahı onlara kim verir? Bu silahların pulunu haradan alırlar? Kim peşkəş edir? Halbuki tolerantlıq baş verən hər şeyi biganə şəkildə seyr etmək, hadisələrin axarına düşüb, səssiz-səmirsiz getmək demək deyil. Tolerantlıq düşüncəli insanlar üçün daha ciddi düşünmək, problemin optimal həlli üçün səmərəli yollar axtarmaqla məşğul olmaq deməkdir. Tolerantlıq həm də başqalarının normal, əmin-amanlıq içərisində, aydın səma altında yaşamaları üçün çalışmaqdır. Başqalarından tolerant olmağı tələb etmək su içmək qədər asandır. İllah da bu başqası müsəlman ola. Ürək ağrısı ilə qeyd etmək lazımdır ki, beynəlxalq münasibətlərin çox sahələrində olduğu kimi, tolerantlığa da ikiüzlülüyü qəbul etdiriblər.

“Öyrənib dəyərləndirsək”

Amma nə olur olsun, biz öz yolumuzdan, dinimizdən, haqlı mübarizəmizdən dönməməliyik. Hər hansı maddi mənfəət üçün satılanlar, dəyişənlər hər zaman böyük fəlakətlər yaşayıblar. Bəli, biz müsəlmanıq, tolerantıq, bizdən olmayanlara da yuxarıdan-aşağı baxmırıq, bu aspektdə çıxış etməkdə hələ ki davam edəcəyik və haqqımızı da Allahın mərhəməti ilə geri alacağıq. Ədalət öz yerini tapacaq, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycanın illər boyunca müvafiq beynəlxalq təşkilatların vəzifə borclarını ləyaqətlə yerinə yetirəcəklərinə güvənərək nümayiş etdirdiyi tolerantlıq bu mövzuda ağızdolusu danışanların üzünü qızartmalı, vicdanlarını tərlətməlidir.

Bəli, bu gün bütün bəşəriyyəti birləşdirən amillər daha çoxdur. Bu amilləri öyrənib dəyərləndirsək, tolerantlığın dərdini çəkməyə ehtiyac qalmaz, çünki bu gün insanlıq səmasını bürüyən qara buludlar ilk baxışda çox adi görünən həmin dəyərlərin tapdanmasının nəticəsidir. Hər bir insan bütün fərqləri ilə birlikdə Uca Yaradanın şah əsəridir. Bu müqəddəs varlığa qarşı istənilən arzuolunmaz münasibət Allahın qəzəbinə səbəb ola bilər. Dinimizdə göstərildiyi kimi, bir insanı öldürmək bütün insanlığı öldürməkdir, bir insanın qurtuluşuna səbəb olmaq isə bütün bəşəriyyəti xilas etmək kimidir. Bu gün dünya insandan yeni düşüncə istəyir, fərqli münasibət gözləyir. İnsan hər yerdə insandır. Avropada bir insanın öldürülməsi böyük bir qalmaqala səbəb olduğu halda, Suriyada, İraqda, Fələstində, Myanmarda hər gün onlarla insanın müxtəlif terror qrupları tərəfindən qətlə yetirilməsinə adi hal kimi baxanlar tolerantlığını “t” hərfindən belə xəbərsizlərdir. Belə olmaz, hadisələrin bu şəkildə davam etməsi dünyamıza xoş gələcək vəd eləmir. Bu gün məni vuran bəla sabah da sənə yetişəcək. Ona görə də belə bəşəri cinayətlərə qarşı hər kəs əlbir olaraq mübarizə aparmalıdır.

Biz bir həqiqəti heç zaman unutmamalıyıq ki, tolerantlıq əslində Allahın biz bəndələrindən istəyidir. Beynəlxalq münasibətlərdə tolerantlığa da məhz bu prizmadan yanaşmalıyıq. Sədi Şirazi bu məqamı nə qədər gözəl ifadə etmişdir: “Mən bir Allahdan qorxuram, bir də Allahdan qorxmayanlardan”. Düz sözə nə deyəsən? Allah məsuliyyət daşıyan insanların ürəyini imanla və Allah qorxusu ilə zinətləndirsin.

… Xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir və bu, ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilib. Bu ölkə başçısı İlham Əliyev tərəfindən də dəfələrlə vurğulanıb. Ölkəmizdə yaşayan müxtəlif xalqlar öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətlərini inkişaf etdirmələri üçün hər cür şəraitlə təmin edilib. Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq və azadlıqlarına malikdirlər. Məhz elə bu kimi amillərə görə məmləkətimiz Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunur və dünyaya nümunə göstərilir. Bir çox dövlətlər də təcrübəmizdən yararlanmağa çalışırlar. Onu da deyək ki, Azərbaycan xalqının və dövlətinin tolerantlığa bu qədər həssas və ciddi yanaşması əslində təkcə keçmişinə hörmətindən deyil, həm də sağlam gələcək qurmaq istəyindən irəli gəlir. Çünki tolerantlıq prinsipləri bərqərar olmayan cəmiyyətdə dinlər və mədəniyyətlərarası dialoqun baş tutması, ən əsası ictimai-siyasi sabitliyin qorunması, sürətli inkişafın təmin olunması mümkün deyil.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here