O qədər sarsılmışdım ki…

0
423

Cabir Məmmədov 12 iyun 1950-ci ildə Quba rayonunun Alpan kəndində anadan olmuşdur. Məktəb illərində prokuror olmaq istəyi olsa da, böyüklərin – əmisinin məsləhəti onun həkim olmasına səbəb olub. Beləliklə, 1966-cı ildə 16 yaşda Azərbaycan Tibb Universitetinə qəbul olaraq, doğulub boya-başa çatdığı Alpan kəndinin ilk həkimi olur. Sözü üzə deyən və cəsarətli olması onu ilkin mənada “sərt” insan kimi göstərsə də, daxilən çox zəngin, səmimi insandır. Mütaliəyə böyük əhəmiyyət verir, bəlkə də hazırcavablığı ondan qaynaqlanır. Adı – qalib gələn, cəbr edən, təbabətcə-sınıqçı-mənası daşıyan və buna görə də adının xarakterlə bütünləşdiyi şəxslərdəndir. Bu yaxınlarda 65 yaşı olan 44 illik iş təcrübəli Cabir həkimlə görüşüb, həyat təcrübəsindən söhbət etdik. Bəli, 65-in, sadəcə, rəqəm olmadığını, ziddiyyətlərlə zəngin həyat olduğunu özündə cəmləyən ömür yolu…

– Cabir həkim, 65 yaş münasibətilə təbrik edirik. Daha da faydalı və xeyir-bərəkətli ömür yaşayasınız. 65 yaşı necə təsvir edərdiniz? Nədir 65 yaş?

– Çox sağ olun təbrikə, dəvətə görə. Necə deyim, 65 yaş məni əhatə edən, keçdiyim eniş-yoxuşlu həyat yoludur.

– Özünüzə o yaşı verə bilirsiniz?

– Bəzən “hə”, bəzən “yox”.

– Nədir o “bəzənlər”?

– Ümumiyyətlə, hər hansı bir fiziki iş olsun, bağda işləyəndə yorulduğumu hiss edəndə, bu tipli işlərin öhdəsindən gələ bilməyəndə bu yaşı hiss edirəm. Amma bu yaşı mənə hiss etdirməyən peşəmdir. Allahın köməkliyi ilə peşəmlə əlaqədar işlərin öhdəsindən gələ bilirəm. Çünki 44 illik təcrübə və çətinliklərdən çıxarılan nəticələr daha da məsuliyyətli olmağıma səbəb oldu, həm də yeniliklərlə tanış olmaq da məni ruhən daha da cavanlaşdırır. Amma onu da deyim ki, bunlara “çətinlik” deməyə dilim gəlmir. Çünki birbaşa insan həyatı ilə bağlı məsələlərdir ki, onu yaşamalıyam.

– Bəs onda sizin üçün çətin və asan olan nədir?

– Sözün düzü, bu dövr üçün ən çətin məsələ, məşhur söz var, kişi kimi, şərəf və ləyaqəti qorumağı bacararaq yaşamaqdır. İnsana hörmətsizlik qəbuledilməzdir. Cəmiyyətə, insanlara faydalı olmağı bacarmaq da asan iş deyil. O ki qaldı asan məsələyə, bunları bacarandan sonra qalan digər məsələlər asandır. Qısacası, insanın həddini bilməsi çətin məsələdir.

– Nədən qorxmusunuz, çəkinmisiniz?

– Ümumiyyətlə, insanda qorxu hissi müdafiə refleksi olduğu üçün təbii haldır. Amma qorxaqlıq isə xəstəlikdir. Qorxmuşam, amma qorxaq olmamışam. Lap elə xəstə ağır olanda həyəcan keçirmişəm – insan həyatıdır. Ən çox çəkindiyim, ehtiyat etdiyim isə şərəf və ləyaqətə xələl gətirə biləcək hərəkətin olmasıdır. Çünki bayaqkı sualda da qeyd etdiyim kimi, hazırkı dövrdə şərəf və ləyaqətin asanlıqla ləkələnə, insana qarşı hörmətsizliyin edilə biləcəyi dövrdür.

– Bu vaxta qədər nəyə sevinmisiniz, nəyə üzülmüsünüz?

– Heç vaxt var-dövlət hissi məni sevindirməyib. Həyatda sevinmək “an”lardan ibarətdir. Əlbəttə, ən çox sevindiyim anlar 16 yaşda tələbə olanda, ailə quranda, övlad dünyaya gələndə olub. Lap elə işdə də. Xəstənin sağalmasına ümidin az olduğu ərəfədə Allahın köməkliyi ilə xəstənin sağalmasına sevinmişəm. Bu cür sevincli anlar çox olub.

O ki qaldı, üzülməyə… Həyatda zərbələr də almışam, xəyanət, ikiüzlülük və s. davranışlarla da rastlaşmışam. Bunlar da, əlbəttə, üzüntülü məsələlərdir. Atam vəfat edəndə üzülmüşəm. Amma ən çox sarsıldığım, üzüldüyüm vəziyyət övladımın vəfatı olub. Allah heç bir valideynə övlad itkisi göstərməsin. Ona söz yox ki, övlad da valideyn üçün bir imtahandır. Amma bu, valideyn üçün çətin imtahandır. Hətta o ərəfədə o qədər sarsılmışdım ki, həkim işləmək istəmirdim daha. Digər üzüntülü vəziyyətlə bağlı mübarizə aparmışam, amma bu vəziyyətdə təslim oldum. Bu məsələdə həyat yoldaşım da mənə böyük dəstək oldu. Övladım da xəstə olduğu müddətdə – ölümünü hiss etmişdi- bizə toxtaqlıq verirdi. İstisna vəziyyət olmasa, hər həftə məzarını ziyarət edirəm.

Maraqlısı budur ki, sevincli anları xatırlayırsan, kədərli anlar isə qeyri-ixtiyari yada düşür.

– Hansı daha təsiredicidir: övlad, yoxsa valideyn itkisi?

– Övladın vəfatı daha təsiredicidir. Ata övladının çiynində getməlidir.

– Ölüm nədir? Ölümü nə dərəcədə dərk etmək olur?

– Ölüm ilə həyat arasındakı fərq soğan pərdəsindən ibarətdir. Ölümü hər an dərk edəsən gərək. Həqiqət insanları ölümə “xoş gəldin ölüm, qədəmlərin mübarək, məni Allahıma qovuşdurdun” mənası ilə baxırlar. Səhv eləmirəmsə, Mövlananın da belə bir sözü var: “Ölümdən o adam qorxar ki, gedəcəyi yer xaraba olar”. Ölüm bir zərurətdir. Mümkün qədər yaxşılıq etmək, Allahın qoyduğu qaydalara əməl etmək mütləqdir. Bunlar çox düşündürücüdür.

Əslində hər nəfəs insana ölümü xatırladır. Bundan əlavə, bu dövrdə avtoqəzalar və digər hadisələr insana ibrətverəcək ölümü yada salır. Ölüm də bir qismətdir. Müxtəlif məkanda əcəl insanı tutur. Qismət olsa, mən də harada dəfn olunmağımla bağlı vəsiyyət etmişəm. Allah xeyirli ölüm qismət etsin.

– Bu qədər ibrətlik hadisələr cərəyan edir. Ziddiyyətli həyat reallığını yaşayırıq. İnsanlar həyatı niyə bu qədər “ölümsüzləşdirirlər”? İnsanların bir-birilərinə qarşı cinayətkarcasına davranışın səbəbləri nələrdir?

– Əlbəttə, bu insanın aldığı tərbiyədən, dünyagörüşündən asılı olan bir düşüncədir. İnsan var ki, 200 il yaşasa da ölüdür. Ailə, vətən, insanlıq üçün bir faydalı işi olmayıbsa, canlı ölüdür də. Yaxın və uzaq tarix də sübut edir ki, kimliyindən asılı olmayraq, bu qədər var-dövlətə, şan-şöhrətə, vəzifəyə malik insanlar dünyadan köçüblər. Başımıza gələn istənilən hadisələr, bunlar insanı düşündürmək üçündür. Demək ki, insani hisslər öləndə “ölümsüzləşmə” oradan başlayır. Bunun da kökündə sağalmaz xəstəlik olan tamah dayanır. Nəfs, tamah islah olmayınca insanlar hədlərini aşırlar.

– Üzr istəmək ağır gəlmir ki? Bu nədən irəli gəlir?

– Ümumiyyətlə, tez-tez üzr istəyən adamdan xoşum gəlmir. Düşünüb, ölçüb-biçib hərəkət edəndə o üzr də qəbuledilən olur. Yoxsa utandırıcı, işə yaramaz hər hansı bir hərəkət olanda yersiz olur. İşi eləmisənsə, arxasında dayanmalısan.

Olub ki, nəsə anlaşılmazlıq olub, üzr istəmişəm. Lap elə işdə, ailədə də. Üzr istəmək də bir mədəniyyətdir. İstənilmədən hər hansı anlaşılmazlığa görə üzr istəmək insana hörməti ifadə edən davranışdır. Amma ən xoşagəlməzi isə insanın həddən artıq təkəbbürlü olmasıdır. Belə insanla çox ehtiyatlı olmaq lazımdır, çünki üzr istəmə mədəniyyəti məhdud olur.

– Vicdana necə tərif vermək olar?

– Vicdan insanın daxili səsidir. Daxili tənqidçidir. Vicdan azadlığı elə inanc, mənəviyyat deməkdir.

– Hansı peşədə özünüzü daha rahat hiss edərdiniz? Həkim olduğunuz üçün peşmançılıq hissi olubmu?

– Məktəb illərində prokuror olmaq istəmişəm. Əmim müəllim olub, həkimliyi o məsləhət bilib. Çünki kənddə həkimə ehtiyac olub. Həkim olsam da, hüquqa yaxınam. Amma həkim olduğum üçün də çox məmnunam. Yaxşı həkimsənsə qarşındakı kim olursa olsun, mən həkimlik vəzifəmi məsuliyyətlə yerinə yetirməyə çalışmışam. Nizam-intizamlı olmağa çalışmışam. Bu vaxta qədər töhmətim belə olmayıb. İxtisasımla bağlı bu gün də mütaliə edirəm, müxtəlif kitablar sifariş edirik. İnternet resurslarından da istifadə edirəm. İnternet yorucu olduğu üçün üstünlüyü kitablara verirəm. Ümumiyyətlə, istisnalar xaric, hər gün mütaliə edirəm. “Zaman-Azərbaycan” qəzeti, “Ailəm” jurnalı mütəmadi oxuduğum mətbu orqanıdır.

– Əslində maraqlı məsələlərə toxundunuz. Həkimliklə hakimliyin ortaq üstünlüyü nədir?

– Hər ikisi müdafiəedicidir. Hakimlik mənəvi hüquqlarımızı, həkimlik isə səhhətimizi qoruyur. Hər ikisi sərbəst peşədir. Cəmiyyətin vicdanlı həkim və hakimə ehtiyacı var. Əfsuslar olsun ki, bu gün hər iki peşədə insanların həyatını şikəst edən saysız hadisələrlə üzləşirik. Təəssüflə qeyd edim ki, tamahın və pulun tələsinə düşmüş bəzi hakimlər dəllallıq edir, bəzi həkimlərimiz də dərman alverçisi olub, xəstələrimizi şikəst edirlər.

– Günümüzdə ən çox istifadə olunan sözlərdən biri də “azadlıq”dır. Sizcə, nədir azadlıq?

– Ta qədimdən insanları əhatə edən mövcud quruluşlar olub. Hər cəmiyyətin özünəxas azadlıq anlayışı olub. Bəlkə bir az hüquqi tərif verməyə çətinlik çəkəcəm. Məncə, azadlıq – dövlətin qoyduğu qaydalarla, Konstitusion hüquqlardan irəli gələn, bütün hüquqi öhdəlikləri, milli-mənəvi dəyərlərin də nəzərə alınaraq insanların bunlardan ağıllı şəkildə istifadə etməsidir. Yəni azadlıq məhdudiyyət deyil, özbaşınalıq deyil, əxlaq çərçivəsidir. İnsanların bir-birilərinə hörmət, sevgi bəsləyərək nizamlayıcı anlayışdır.

– Yeri gəlmişkən, sevgi anlayışı da geniş anlayışdır. Əsl sevgi nədir?

– Belə deyim, sevgilər müxtəlifdir. Amma hamısını tənzimləyən, əsas sevgi Allaha olan sevgidir.

-Ən böyük təsəlliniz nə olub?

– Təsəlli olaraq konkret nümunə verməkdə çətinlik çəkərəm. Həmişə şükür etməyə çalışmışam. Bu yaşa qədər müxtəlif sıxıntılarla üzləşsəm də, şükür etmişəm. Təsəlli olmasa, insanlar vəhşiləşər. Təsəlli düşünmək üçün fürsətdir.

– İnsanlarda ən yaxşı və ən pis xarakter nədir?

– Ən yaxşı kimi səmimi olmağı qeyd edərdim. Qarşındakını olduğu kimi qəbul etmək, kimisə özündən aşağı görməmək. Sadə və səmimi olmaq. Ən pis xarakter kimi də yekəxanalıq və qeyri-səmimiliyi vurğulayardım.

– Dünyanın ən uca zirvəsinə nəsihət yazmağınızı xahiş etsələr, nə yazardınız?

– Yazardım ki, insanlar xeyirxah, bir-birlərinə hörmətlə davransınlar. Bir məşhur mahnıda deyildiyi kimi: “sülhə səs verin, insanlar!”

– Xoşbəxtlik nədir? Xoşbəxt olmaq üçün nə çatmır?

– Bu elə bir məfhumdur ki, müəyyən mənada o da bir anı təşkil edir. O da sevgi kimi müxtəlif ola bilər. Əsl xoşbəxtlik Allaha olan sevgidir. Daxili hüzur və mənəvi rahatlıq əsl xoşbəxtlikdir. Mən də o xoşbəxtliyi əldə etməyə çalışıram.

– Təklif olunan nədən imtina etmisiniz?

– Fərqli vaxtlarda təklif olunan müxtəlif vəzifələrdən. Xarakterimə uyğun olmadığı üçün rəhbər vəzifə mənlik deyil. Təklif olunub, lakin qəbul etməmişəm. İndi rəhbər vəzifədə işləmək çətindir. Vəzifə yerə atılıb, əyilib götürməyə dəyməz.

– Nə vaxt peşmançılıq hissi keçirmisiniz?

– Peşmançılığım bir o qədər olmayıb. Çünki olan olub, keçən keçib. Bəzən istər iclaslarda, istər yoldaşlar arasında haqqı dediyim üçün səhv başa düşülüb. Belə vəziyyətdə peşmançılıq keçirmişəm ki, “mənə lazım idi?”

-Dostluq nədir? Dostunuz çoxdurmu?

– Dostluq elə olmalıdır ki, o dostluqda ikinci “mən”ə ehtiyac olmamalıdır və ya “biz” anlayışı olmalıdır. Bir şeydən başqa hər şey olmalıdır. Yoldaşlarım çoxdur, amma bir dostum var. Onunla tələbəlik illərindən dostuq.

– Cabir həkim, bir daha sizi təbrik edirik. Maraqlı söhbətə görə təşəkkür edirik.

– Mən də sizə təşəkkür edirəm. Diqqətinizə görə minnətdaram.

Söhbətləşdi: Amil Tağıyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here