Ehtiyatda nə qədər valyutamız var?

0
316
Cari ilin iyun ayının əvvəlinə olan məlumata görə, Mərkəzi Bankın (MB) valyuta ehtiyatları 15 milyard 91,3 milyon dollar təşkil edib. İlin əvvəlindən keçən 5 ay ərzində valyuta ehtiyatlarının həcmi 6,6% və ya 939,3 milyon dollar artıb. 
2014-cü ilin əvvəlində bu göstərici 14 milyard 152 milyon dollara bərabər olub. Onu da bildirək ki, ötən ilin ilk 5 ayı ərzində rəsmi valyuta ehtiyatları builkindən az – 877,5 milyon dollar artıb. Qeyd edək ki, MB-nin valyuta ehtiyatları bu günə qədər heç vaxt bu səviyyəyə yüksəlməyib. MB-dən açıqlanan statistik göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, 2014-cü ilin aprel ayı ilə müqayisədə ötən ay MB-nin valyuta ehtiyatları 1,5% və ya 220,2 milyon dollar artıb. Eyni zamanda qeyd edək ki, MB-nin valyuta ehtiyatları son 7 il 5 ay ərzində, yəni 2007-ci ilin ilk günündən 2014-cü ilin iyun ayının 1-dək 7,6 dəfə artıb. Belə ki, 7 il 5 ay əvvəl – 2007-ci ilin yanvar ayının 1-də MB-nin valyuta ehtiyatları 1 milyard 967,3 milyon manat olub. Məlumat üçün onu da bildirək ki, MB-nin valyuta ehtiyatları ən çox 2008-ci ildə artıb. Belə ki, həmin il valyuta ehtiyatları 2 dəfəyə yaxın (45%) artaraq 3 milyard 370,4 milyon dollardan 6 milyard 137 milyon dollara yüksəlib. Lakin növbəti ildə, 2009-cu ildə ehtiyatlar 15,9% və ya 976 milyon dollar azalaraq 5 milyard 161 milyon dollara düşüb. Bundan başqa, valyuta ehtiyatları 2010-cu ildə 19,5% və ya 1 milyard 245,9 milyon dollar artaraq 6 milyard 407 milyon dollara, 2011-ci ildə isə 63,5% və ya 4 milyard 73,9 milyon dollar artaraq 10 milyard 481,5 milyon dollara yüksəlib. 2012-ci ildə isə 11,5% və 1 milyard 213,3 milyon dollar artaraq 11 milyard 694,8 milyon dollara çatıb. Ötən il isə artım 35% və ya 3 milyard 670,5 milyon dollar təşkil edib.

 

Mərkəzi Bankın valyuta ehtiyatları Ermənistan

Mərkəzi Bankının valyuta ehtiyatlarından 7 dəfə çoxdur

Məlumat üçün onu da bildirək ki, Mərkəzi Bankların sərəncamında olan valyuta ehtiyatlarına görə Azərbaycan region ölkələri arasında ön sıralarda yer alır. Belə ki, Azərbaycan bu sahədə keçmiş sovet respublikaları arasında yalnız Rusiya, Qazaxıstan və Ukraynadan geri qalır. Müqayisə üçün qeyd edək ki, qonşu ölkələrdən Gürcüstan Mərkəzi Bankının valyuta ehtiyatları 2,6 milyard, Ermənistan Mərkəzi Bankının valyuta ehtiyatları isə 2,1 milyard dollar təşkil edir. Ümumiyyətlə, dünya ölkələrinin Mərkəzi banklarının sərəncamında olan valyuta ehtiyatlarının həcminə görə, ilk sırada Çin və Yaponiya yer alırlar. Beynəlxalq Valyuta Fondunun son məlumatlarına görə, Çin Mərkəzi Bankının 3,8 trilyon, Yaponiya Mərkəzi Bankının isə 1,3 trilyon dollar valyuta ehtiyatları var. İlk beşliyi Avropa Mərkəzi Bankı (771,8 milyard dollar ), Səudiyyə Ərəbistanının Mərkəzi Bankı (727,1 milyard dollar) və İsveçrə Mərkəzi Bankı (532,4 milyard dollar) tuturlar. Şimal qonşumuz Rusiyanın Mərkəzi Bankının sərəncamında isə 494,6 milyard dollar həcmində valyuta ehtiyatı var. İlk onluğu isə Tayvan (422 milyard dollar), Braziliya (362,7 milyard dollar), Cənubi Koreya (346,4 milyard dollar) və Honkonq (311,2 milyard dollar) tamamlayır. Dünyanın ən güclü iqtisadiyyatına sahib olan ABŞ-ın Mərkəzi Bankının valyuta ehtiyatları isə 146 milyard dollar təşkil edir.

 

Azərbaycan 51,7 milyard dollar

valyuta ehtiyatlarına sahibdir

Dövlət Neft Fondunda saxlanılan valyuta ehtiyatlarını da nəzərə alsaq, ümumilikdə Azərbaycan 51 milyard 709,7 milyon dollar həcmində strateji valyuta ehtiyatlarına sahibdir. Məlumat üçün qeyd edək ki, 2014-cü il aprelin 1-nə Neft Fondunun aktivləri 36 milyard 618,4 milyon dollara bərabər olub. Ümumiyyətlə, Neft Fonduna 2001-2013 illərdə daxil olan vəsaitlərin həcmi 101 milyard dollar olub. Fonddan açıqlanan məlumatlardan belə görünür ki, daxilolmaların 64%-i istifadə olunub, 36%-i isə yığıma yönəldilib. Ötən il fonda daxil olan vəsaitlərin həcmi 17 milyard 329,2 milyon dollar olub ki, ondan 9,5%-i yığıma yönəlib. Bundan başqa, 2012-ci ildə, fonda daxil olan vəsaitlərin həcmi 17 milyard 405,4 milyon təşkil edib ki, ondan 24,9%-i yığıma yönəlib. 2003-2013 illərdə Neft Fondundan dövlət büdcəsinə yönələn transfertlərin həcmi 46 milyard 435 milyon dollar, o cümlədən 2013-cü ildə 11,35 milyard dollar təşkil edib. ALLAHVERDI CƏFƏROV,

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here