Hesab edək ki…

0
404

Yenə qonşular başladılar oyuna. Dedim, düşüm baxım, bu gün kimin üzü güləcək. Məndən üç qat aşağıda yaşayan Səmədağa iki qat yuxarıdakı Hətəm kişi ilə oynayırdı. Qalanları dövrə vurub oyunu qızışdırır, növbə gözləyirdilər.

– Zər, mənə bir qoşa…

– Ya zər, mənə də bir qoşa, özü də şeş qoşa… Verim bunun dərsini…

Hətəm kişinin bu sözləri Səmədağanı özündən çıxardı:

– Hə, məni udan kimi bir medal gətirib asacaqlar yaxandan…

– Medal demişkən, görürsən də, bizim idmançılar I Avropa Oyunlarında necə şanlı tarix yazırlar? Artıq 23 medal qazanıblar e… Halal olsun, onlara… İndi onların adları dünyanın hər yerində Azərbaycanla yanaşı çəkilir.

Yerdən kimsə dilləndi:

– Əşi, narahat olma, elə uduzanda da adları çəkilir…

Hətəm kişi başını yuxarı qaldırmadan:

– Səni səsindən tanıdım, ay Şakir müəllim, de görüm, bununla nə demək istəyirsən? – dedi.

– İlin, günün bu çağında bu, bizə lazım idi?

Hətəm kişi hirsləndi. Odur ki, zərləri nərdtaxtanın ortasına qoyub söylədi:

– Vallah, hərdən sənin kimi adamlardan belə sözlər eşidəndə lap dəli oluram… Niyə lazım deyildi, balam? Əvvəla, bu, bir ilkdir. İndən belə Avropa Oyunları hansı ölkədə keçirilirsə keçirilsin, istəsələr də, istəməsələr də, hər dəfə Azərbaycanımızın adı çəkiləcək. Elə bu səbəbdən Azərbaycanın həsəd və paxıllıq hədəfinə çevrilməyibmi? İkincisi, bu tədbir ölkəmizin təbliğində mühüm rol oynayır və oynayacaq. Sən axı Avropanın bəzi qara qüvvələri kimi niyə belə bir tədbirə kölgə salmaq istəyirsən?

Şakir müəllim:

– Mənə məruzə oxuma, zərini at, bir də danışanda dediyin sözlərə fikir ver, – deyərək onu mətləbdən uzaqlaşdırmaq istədi.

Lakin Hətəm kişi daha da qızışdı:

– Minlərlə idmançının, turistin, siyasət və mədəniyyət adamının gəldiyi, dəstək verdiyi bu beynəlxalq yarışa necə qara yaxmaq olar? Şəxsən mən hələ də o açılış mərasiminin ab-havasından çıxa bilməmişəm. Öz ölkəsində keçirilən belə bir tədbirdən qürurlanmayanı başa düşə bilmirəm ki? Ay yazıq, sən bil ki, Azərbaycan bununla dünyaya meydan oxudu e… Azərbaycan bir daha özünün gücünü, qüdrətini, böyük imkanlarını dünyaya təqdim edə bildi e… Azərbaycan bu addımı ilə beynəlxalq aləmdə öz nüfuzunu artırdı e… Bəli, mən sənin kimiləri kölgə adlandırıram, başqa ad tapa bilmirəm.

Qonşular tərəfindən dəstəklənmədiyini görən Şakir müəllim:

– A kişi, bir söz deyib xətaya düşmədim, zərini at da…

Hətəm kişi yenə sakitləşmədi:

– Zərimi atmağına atıram, amma qoy bununla bağlı bir əhvalat danışım…

Yerbəyerdən: “Zərini at”, – dedilər. Lakin Hətəm kişi onlara məhəl qoymadı:

– Vallah, onu danışmasam, ürəyim partlayar. Deməli, belə (Özü də bunu sənətşünas Ziyadxan müəllimdən eşitmişəm). Böyük Oktyabr Sosialist İnqilabının 50 illiyi münasibətilə təşkil olunacaq respublika sərgisinin məsuliyyətini nəzərə alaraq, yaradılan xüsusi sərgi komitəsi ekspozisiyaya daxil ediləcək əsərləri bilavasitə rəssamların emalatxanalarını gəzərək seçirmiş. Onlar Səttar Bəhlulzadənin emalatxanasına gəldikdə görkəmli mənzərə ustası “Azərbaycan nağılı” əsərini təqdim edir. Üç nəfərdən ibarət komitə üzvləri diqqətlə əsərə tamaşa edəndən sonra rəssama iradlarını bildirirlər və deyirlər ki, tabloda quşların sayı həddindən artıq çoxdur, onları mütləq azaltmaq lazımdır. Səttar da cavabında bildirir ki, bu mənim Azərbaycan nağılımdır. Burada xalqımın yüksəlişini göstərmək istəmişəm. Quşları da bu yüksəlişi təmin edən insanların obrazları kimi əks etdirmişəm. Quşların çoxluğu da bu kütləviliyi göstərməkdən irəli gəlib. Komitə üzvləri Səttarın izahı ilə razılaşmadıqda o, əlinə fırçanı alır və rəngə batırıb kətanın üzərindəki quşlardan üçünü silir. Təftişçilər bunun səbəbini soruşanda Səttar deyir ki, o, üç quş sizin obranzınız idi. Sizi sildim, hesab edək ki, siz bu yüksəlişdə iştirak etməmisiniz. İndi də sən…

Qonşular onun sözünü kəsərək yerbəyerdən dilləndilər:

– Hətəm kişi, aydındır, əlavə izahata ehtiyac yoxdur… Zərini at…

Amma Hətəm kişi zərləri nərdtaxtanın ortasına qoyub, ayağa durdu və Şakir müəllimi hirslə süzərək oranı tərk etdi.

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here