Xarici ticarətdə son illərin ən böyük azalması qeydə alınıb

0
520

Cari ilin ilk 5 ayı ərzində ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi 9 milyard 349,9 milyon dollar olub və ötən ilin ilk 5 ayına nisbətən 28,01% azalıb. Bu məbləğin 5 milyard 282,2 milyon dolları (azalma-44,3%) ixracın, 4 milyard 67,7 milyon dolları (artım – 15,9%) idxalın payına düşüb.

Dövlət Gömrük Komitəsindən açıqlanan statistik göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, son illərin ilk 5 ayı ərzində xarici ticarət dövriyyəsində və ixracda heç vaxt bu səviyyədə azalma qeydə alınmayıb. Müqayisə üçün bildirək ki, əvvəlki ilə nisbətdə ötən ilin ilk 5 ayı ərzində xarici ticarət dövriyyəsi 11,7%, ixrac isə 8,5% azalıb. 2013-cü ilin analoji dövründə xarici ticarət dövriyyəsində 2,2% artım, ixracda isə 3,4% azalma olub.

Neft-qaz ixracı kəskin azalıb

Komitənin məlumatında həmçinin qeyd olunur ki, cari ilin ilk 5 ayı ərzində xarici ölkələrə 4 milyard 35,2 milyon dollar dəyərində xam neft, 378,5 milyon dollar dəyərində neft məhsulları və 127,3 milyon dollar dəyərində təbii qaz ixrac olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə xam neftin ixracı dəyər ifadəsində 50,9%, neft məhsullarının ixracı 8,8%, təbii qazın ixracı isə 22,7% azalıb. Qeyd edək ki, ötən illə müqayisədə təkcə neft, neft məhsulları və təbii qazın ixracı deyil, digər məhsulların ixracında da azalma baş verib. Əsas ixrac məhsulları arasında meyvə-tərəvəz (artım 3,4%) və kimya sənayesi məhsulları (3 dəfə) istisna olunmaqla son 5 ayda bütün əsas ixrac məhsulları üzrə azalma qeydə alınıb. Ümumiyyətlə neft, qaz və neft məhsullarından başqa cari ilin ilk 5 ayı ərzində xarici ölkələrə ən çox şəkər (80,3 milyon dollar), meyvə-tərəvəz (72,1 milyon dollar), bitki və heyvan mənşəli yağlar (66,7 milyon dollar) göndərilib.

Ölkəyə 184,5 milyon dollarlıq

buğda gətirilib

Bu ilin ilk 5 ayı ərzində də xarici dövlətlərdən ölkəmizə ən çox nəqliyyat vasitələri və onların hissələri gətirilib. 5 ay ərzində satın aldığımız bu məhsulların ümumi dəyəri isə 873,5 milyon dollar təşkil edib. Bu, ümumi idxalın 21,5%-nə bərabərdir. Maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri (861,7 milyon dollar və ya ümumi idxalın 21,2%-i) idxal malları arasında ikinci sırada yer alıb. 2015-ci ilin yanvar-may aylarında 470,5 milyon dollar dəyərində ərzaq məhsulları (ümumi idxalın 11,6%-i) gətirilib ki, bunun 184,5 milyon dolları buğdanın, 45,8 milyon dolları şəkərin, 35,6 milyon dolları isə yağların payına düşüb.

Avtomobil idxalı yarı-yarıya azalıb

2015-ci ilin ynvar-may ayları ərzində ölkəmizə 15 min 495 ədəd nəqliyyat vasitəsi idxal olunub. Bu da, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 15 min 81 ədəd və ya 49,3% azdır. Qeyd edək ki, ötən ilin ilk 5 ayında 30 min 576 ədəd avtomobil idxal edilib. Yanvar ayında ölkəmizə 4 min 90, fevral ayında 3 min 421, martda 2 min 524, apreldə 2 min 855, mayda isə 2 min 605 ədəd nəqliyyat vasitəsi idxal olunub. 2015-ci ilin yanvar-may ayları ərzində 497 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar), 13 min 912 ədəd minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 952 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 134 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal edilib.

Allahverdi Cəfərov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here